Türkiyə nümayəndə heyəti Qənirə Paşayeva ilə görüşüb - FOTO
03 fevral 2011 18:12 (UTC +04:00)

Türkiyə nümayəndə heyəti Qənirə Paşayeva ilə görüşüb - FOTO

Azərbaycan Vətən Müharibəsi Veteranları Birliyi (AVMVB) Sumqayıt şəhər təşkilatının dəvəti ilə Azərbaycanda səfərdə olan, bələdiyyə və QHT təmsilçilərindən, habelə iş adamlarından ibarət Türkiyə nümayəndə heyəti millət vəkili Qənirə Paşayeva ilə görüşüb.

Lent.az-ın verdiyi məlumta görə, Avrasya İqtisadi Əlaqələr Dərnəyinin sədri və “EkoAvrasya” dərgisinin təsisçisi Hikmət Ərən Azərbaycana səfərlərinin məramı və məqsədi, Sumqayıtda və Bakıda keçirdikləri görüşlər barədə məlumat verib.

Hikmət Ərən səfərin istər bələdiyyələr, iş adamları, istərsə də QHT-lər arasında qarşılıqlı əlaqələrin dərinləşdirilməsi və ortaq problemlərimizin həllinə töhfə verilməsi baxımından yararlı olduğunu söyləyib. Ankaranın Şərəflikoçhisar Bələdiyyəsinin sədri Hakverdi Altuğ başçılıq etdiyi bələdiyyənin gündəliyində onun təklifi ilə “Heydər Əliyev Parkı”nın salınması barədə məsələnin durduğunu və həmin məsələni 2010-cu ilin I yarısı ərzində gerçəkləşdirməyi planlaşdırdıqlarını nəzərə çatdırıb.

AVMVB sədr müavini, Birliyin Sumqayıt şəhər təşkilatının sədri Mübariz Quliyev planlaşdırılan birgə layihələr, o cümlədən Qarabağ və Sumqayıt (ümumən Azərbaycan) həqiqətlərinin qardaş ölkə xalqına çatdırılması baxımından nəzərdə tutulan tədbirlərdən söz açıb. Mübariz Quliyev qarşılıqlı faydalı əlaqələrin bundan sonra da davam etdirilməsi, həqiqətlərimizin təbliği üçün vətəndaş cəmiyyəti quruculuğunda iştirak edən şəxslər olaraq öz üzərlərinə düşən mənəvi məsuliyyəti hiss etdiklərini dilə gətirib.

Qənirə Paşayeva belə səfərlərin çox faydalı olduğunu qeyd edib. O, Şərəflikoçhisar Bələdiyyəsi ərazisində “Heydər Əliyev Parkı”nın salınması ilə bağlı qərarı qəbul edən hər kəsə təşəkkür etdiyini vurğulayıb. Millət vəkili qarşıdan Xocalı soyqırımının növbəti ildönümünün gəldiyini xatırladıb və bu günlə bağlı, ümumən soyqırım şahidləri ilə, müharibə veteranları ilə qardaş ölkədə görüşlərin keçirilməsinin faydalı olacağını söyləyib, tövsiyələrini verib.

Sonda qonaqlar millət vəkilinə xatirə hədiyyəsi təqdim ediblər.
# 1499

Oxşar yazılar