Lider olmaq düsturu - PORTRET
11 dekabr 2010 19:38 (UTC +04:00)

Lider olmaq düsturu - PORTRET

Onun sirri yavaş-yavaş, özü də Azərbaycanın neçə nəsillərinin səyi, dərin araşdırmaları hesabına açılacaq. Bu gün Heydər Əliyev irsindən öyrəndiklərimiz dəryada bir damla qədərdir. Ancaq bu sirr mütləq açılmalı və dövlətçilik naminə bir təlim, nəzəriyyə kimi öyrənilməlidir.

Hər şey mənim sadəcə, Makiavelli və Heydər Əliyev adlı araşdırma başlamaq fikrimdən doğdu. Özlərindən böyük iddialarda bulunan xırda şəhər dövlətlərinin hökmdarlarının meydan suladıqları zamanda İtaliyalı mütəfəkkir Makiavelli 4 əsr bundan əvvəl Valentina Hersoqu Sezar Borcianın simasında İtaliya üçün xilaskar arzulayaraq “Hökmdar”ını yazmışdı. “Hökmdar” əsəri əsl hökmdarın, həqiqi dövlət başçısının hakimiyyəti hansı yollarla əldə saxlamalı olduğu, başında durduğu dövləti necə idarə etməsi barədə nəsihətlər külliyatıdır. Əsərlə ilk tanışlığım Heydər Əliyevin hakimiyyətə yenidən qayıdışından xeyli əvvələ təsadüf etsə də, artıq bu qayıdışın ikinci ilindəcə İtaliyalı filosofun 400 il əvvəl yazdığı əsərini yenidən oxumağa ehtiyac duydum. Çünki Heydər Əliyev məni əvvəllərdə olduğu təki oxucu və tələbə kimi deyil, bu əsəri yeni gözlə, özü də onun böyük əməllərinin şahidi olaraq oxumağa vadar etdi. Oxudum və əsrlərin bu tayından qarşımda Heydər Əliyevin simasında parçalanmış İtaliya şəhər dövlətlərini yarı diplomatiya, yarı güclə birləşdirmək yolunda çarpışan Sezarı gördüm. İllər keçdi, şahidi olduğum Əliyev idarəetməsinin hər xırda elementi, hər incə nüansı mənə Makiavellinin “Hökmdar”ından bir bölümü, bir nəsihəti xatırlatdı. Bəzilərinin çox yürüməz fikirlərinin əksinə olaraq yürüyən, dövlətçiliyə, hakimiyyətə qarşı yönəlmiş təhlükələri dəf edən, Sezar kimi güc lazım gəldiyi yerdə gücə, diplomatiya gərəkən məqamda diplomatiyaya baş vuran Heydər Əliyev müasir Azərbaycan tarixinə özünün nəhəng varlığı ilə möhür basmış oldu. Ancaq araşdırmaya başlar-başlamaz ortaya bir problem çıxdı. Heydər Əliyevin elə on illik hakimiyyəti dövründə gördüyü işlərə heç vəchlə yalnız Makiavelli “hökmdar”ının prizmasından baxa bilmədim. Və Heydər Əliyevin tətbiq etdiyi üsuli-idarənin, xalqa, dünyaya, çeşidli hadisələrə baxışlarını Makiavellinin də ehtiva edə bilmədiyinə əmin oldum. Bu nəhəng şəxsiyyətin təlimi daha geniş yanaşma tələb edirdi.
...Ən maraqlısı odur ki, bunun şahidi qədimdən üzü bəri güclü hökmdarların siyasi hakimiyyətlə, idarəetmə ilə davranma qaydalarının dəyişməzliyini iddia edən bəndəniz idi. Əslində, burada ziddiyyət də yoxdur. Çünki dəqiq bilirəm, dövr dəyişdikcə dəyişən yalnız insanlar, bir də üsullar, vasitələr və məqsədə yetişmək üçün qarşıya çıxan maneələrin dəf olunması yollarıdır. Siyasətin və hakimiyyətin klassik qanunları isə hər zaman üçün əbədi və əzəli olmaqla sadəcə, düstur kimi lazım gəlir. Üsullar, vasitələr və yollarda yanlışlıq böyük bəla deyil. Fəqət, üsullarda, vasitələrdə və məqsədə yetişmək üçün qarşıya çıxan maneələrin dəf olunması yollarının seçimində həmin klassik qanunlara zidd heç nə olmamalıdır. Oldusa, hər şey solub gedər. Ona görə də bəşər tarixindəki güclü hökmdarlar həmin əbədi və əzəli düsturlardan kənara çıxmamaq şərtilə dövlət quruculuğu uğrunda mübarizədə dövrlərinin tələblərini nəzərə alaraq uzunmüddətli hakimiyyətə sahib olublar. Heydər Əliyev də siyasi hakimiyyətin klassik qanunlarını özünəməxsus şəkildə yaşamına, həyat tərzinə, dünyagörüşünə və dövrün tələblərinə uyğun tərzdə tətbiq edən siyasət dühası idi. Yürütdüyü siyasət nəticəsində nəinki dövləti və dövlətçiliyi qorudu, məmləkətin ən sadə insanından tutmuş, yüksək vəzifə sahiblərinə qədər hər məmurunun, iş adamının, ziyalısının ürəyinə, beyninə, ruhuna köçdü. Heydər Əliyev idarəetməsi ilə milyonlarla insanın, Azərbaycanın bir neçə nəsil vətəndaşının taleyinin şəksiz, özü də yeganə alın yazısı yazan Tanrısına çevrildi. Onun idarəetməsindən bu ölkədə bir Allah bəndəsi yan keçmədi. Keçə bilmədi. Bilməzdi də...
...30 il əvvəl tikdirdiyi binanın tavanında səkkiz guşəli ulduz qoymağı təklif edən, haqqında Suriyada qiyamdan xəbərsiz olan Hafiz Əsədə köməyə gedib Dəməşqdə sui-qəsdin üstünü açması, bir Şərqi Avropa ölkəsində Andropovu qətl etmək üçün düzənlənən əməliyyatı pozub, onu cəmi bir neçə dəqiqəlik zaman fasiləsində həyata qaytarması sayaq əfsanələr dolaşan, DTK sədri kimi işə götürdüyü birisindən etdiyi sorğu-sualı qərinə vaxt ötdükdən sonra yada salaraq “sən Cəlil Məmmədquluzadəni yaxşı bilmirdin” – deyən, 1979-cu ildə bir aspirantla olan söhbəti üstündən 25 il keçdikdən sonra detalına qədər xatırlayıb, “o zaman sizin təqaüdləri verdilərmi” - deyə soruşan Heydər Əliyev, insanların düşüncələrində dissident vətənpərvərlərin ən vətənpərvəri, dünya siyasətinin qaranlıq məqamlarına nüfuz edən strateq, nadir təfəkkürə və fenomenal yaddaşa sahib şəxsiyyət kimi təcəlla edir. Onu deyirdim ki, bax beləcə, Heydər Əliyev siyasi təlimini Makiavelli nəzəriyyəsinin hüdudlarına yerləşdirməyə qıymadım. Vaxt vardı bu siyasət nəhənginin fəaliyyətini qəliblərə salmaq, çərçivələrə almaq bir dəb idi. Buna görə də günaha batanların, ağlı kəsib-kəsməyənlərin, eyni dövrdə yaşamaq şansı bizlərin qismətinə düşən təbiətin bu nadir fenomenlərindən olan şəxsiyyətə dar siyasi mənsubiyyətdən baxanların yolu ilə getmək ağlımın ucundan belə keçmədi. Çünki Heydər Əliyev siyasi çəkisi və şəxsiyyətinin böyüklüyünə görə heç bir qəlibə sığan deyildi.
Heydər Əliyev hər şeydən əvvəl məmləkətdə illərdən bəri sürüb gələn üzqızardıcı bir tendensiyanın kökünü kəsdi. Ona qədər Azərbaycan insanları ən adi hakimiyyət dəyişmələrini, bir prezidenti yola salıb digərini qəbul eləyəndə belə canını, malını qeyb edirdi.
...Bəli, o, zorakı yolla, güc tətbiq etməklə hakimiyyət çevrilişi etmək təcrübəsinə son qoydu. Buna qədərsə Azərbaycan hakimiyyət dəyişilməsini dərisi soyulan Nəsimi əzabları ilə keçirirdi. Bu sərsəm gediş nə vaxta qədər sürəcəkdi, kimsə bilmirdi. Belə çıxırdı ki, problem yalnız hakimiyyətlərdə, hakimiyyət başında dayanan ayrı-ayrı şəxsiyyətlərdə - Vəzirovlarda, Mütəllibovlarda, Elçibəylərdə imiş. Heydər Əliyev sübut etdi ki, həqiqətən problem məhz dövlətin başında duranlarda imiş.
Ötən illər ərzində Azərbaycan xalqı bir Əbdürrəhman Vəzirov şoku yaşadı. Ermənilərin Bakıya qayıdışından sevinərək “muştuluğumu verin” deyən, kəndlərdə hamam tikdirib, qoz ağacı əkdirən bu kosmopolit adamın Azərbaycana necə gəldiyindən bir kimsə xəbər tutmadığı kimi, onun 20 yanvar hadisələrindən sonra necə yoxa çıxmasından da xəbər tutulmadı. Bu gün o, yaddaşlarda hər şeydən xəbərsiz, qorxaq, canını qurtarıb qaçan birisi kimi qaldı.
Ötən illər ərzində Azərbaycan bir Ayaz Mütəllibov şoku yaşadı. İndi ayrı-ayrı müxalifət partiyalarının fərsiz funksionerlərinin çıxışlarından, Ali Sovetin qarşısına yığılıb “istefa” deyənlərin səsindən, üç-beş nəfərin hədə-qorxusundan, hakimiyyət hərislərinin işıldayan gözlərini görə-görə iynə-dərmanın kəsik qoxusu altında yazıqcasına istefa verdi. Onun Azərbaycanda hakimiyyətini, dövlətini qoruya bilməyən zəif, iradəsiz prezident obrazı qalıb.
Ötən illər ərzindən Azərbaycan bir Əbülfəz Elçibəy şoku da yaşadı. Ölkə üçün ağır bir məqamda, parçalanmaq ərəfəsində olan dövləti daxili və xarici təzyiqlərlə baş-başa qoyaraq doğulduğu kəndə üz tutdu...
Tarix onları məhz belə xatırlayır və xatırlayacaq da. Çünki demokratik seçkidən tutmuş hər bir siyasi texnologiyadan danışılır, ancaq heç kimi azad seçkiyə gedəcək Azərbaycan insanının dövlətçilik təfəkkürü, əsl dövlət adamının siması, onun hansı tələblərə cavab verməli olduğu narahat etmirdi. İnsanlara ürəkləri istədikləri adama səs verib, bu ölkənin prezidenti eləməyə çağırsalar da, “əsl prezident necə olmalıdır” sualı kimsəni maraqlandırmırdı. Beləcə, Tanrının bizə yazığı gəldi. Və əsl prezidentin, əsl dövlət adamının nə olduğunu bilməyən, onun səmimiliyinə gülən, sadəlövhlüyünə lağ edən, xoşxasiyyətliliyin, ədalətin, təmizliyin olduğu kimi sərtliyin, qayda-qanunun mənasını da açmağa tənbəllik edən Azərbaycana bir Heydər Əliyev payı göndərdi.
O, ahıl yaşlarında bu məmləkətdə meydan sulayan neçə-neçə qoçunu susdurdu. Onları dövlətə və dövlətçiliyə hörmətə öyrətdi. Bununla da illərdən bəri insanların yaddaşlarında ilişib qalmış qorxaq və iradəsiz, cəsarətsiz, hər şeydən xəbərsiz rəhbər obrazını öz qətiyyətilə darmadağın etdi. Heydər Əliyev məmləkətin özünə qədər olan cəmi rəhbərlərinə, eləcə də bütün Azərbaycana əsl rəhbərin necə və hansı tələblərə cavab verməli olduğunu sübut etdi. Onun hakimiyyəti 1988-93-cü illərdə azadlıqla anarxiyanı qarışdıran adamlara, özbaşınalıqdan bezmiş millətə hava, su kimi lazım idi. Əks halda bu anarxiya havası özüylə birlikdə həm xalqı, həm də dövləti süpürüb tarixin arxivlərinə atacaqdı. Atmadı. Ata bilmədi... Heydər Əliyev buna imkan vermədi. Çünki o, hər dürlü səbəbi, bunun ardınca gələcək nəticələri görən və bunlara uyğun hərəkət etmək qətiyyəti, müdrikliyi olan bir rəhbər idi.
Heydər Əliyev Azərbaycanın ilk prezidentidir ki, dövlət hakimiyyət dualizmini qorumağı kompleks şəkildə həll edə bildi. O, hamıya dövlət, hakimiyyət, xalq üçlüyünün necə qorunması dərsini keçdi. Bu dərsi öyrənmək, tətbiq etmək gərəkdir. Çünki bu elə bir dərsdir ki, nəinki Azərbaycanı, dünyanın istənilən dövlətini qorumağa və yüksəlişə aparmağa qabildir. Çünki Tanrı Azərbaycana Heydər Əliyev qədər xalqın istəklərini, xarakterini, meyllərini bilən və duyan, bunlara uyğun da hərəkət edən və idarə edən ikinci bir rəhbər bəxş etməmişdi. Zaman keçdikcə onun çıxışlarının və kəlamlarının nə qədər uzaqgörənliklə söylənildiyi ortaya çıxır. Get-gedə aydın olur ki, Heydər Əliyev heç vaxt özü üçün, bir neçə adam üçün danışmayıb. Əslində, görünən və yaşayan, hökm edən və fərman verən Heydər Əliyev deyil, zamanın, tarixin, siyasətin və hakimiyyətin tələb etdiyi görkəmdə zühur edən bir zat idi. Əslində, bizlər qarşımızda Heydər Əliyevi deyil, hakimiyyət və idarəetmənin qanunları ilə yaşayan və yaşadan bir dövlət adamı görməliyik.
Hamının tanıdığı prezident Əliyev, hamının – sənin, mənim, bizim kimi Adəm övladlarının şıltaq, keçici, naşükür xüsusiyyətlərinin, Tanrısına təpik atan insan kütləsinin xoş-naxoş əhval ruhiyyəsi, xarakteri üzərində var-gəl edən siyasət şərqilərinin mahir bir ifaçısı idi.
...Makiavelli yazırdı: “Xeyirxahlığı ancaq və ancaq xeyirxahlar başa düşər, xeyirxahlar qiymətləndirər”.
Ona görə də siyasətdə xeyirxahlığı özünə məşəl etmiş birisi uzun müddət hər şeyin yaxşı olacağını düşünməməlidir. Axı, ölkəni xeyirxahlıqla idarə eləmək həmin azlığı idarə eləməkdir. Ancaq, azlığı idarə eləmək kimə və nəyə lazımdır?!
Siz hökmdar olmaq istəyirsiniz, yoxsa rahib?! Siz dövlət idarə eləmək istəyirsiniz, yoxsa gözdən, könüldən iraq yerdə yerləşən nəcib rahiblərin yığışdığı bir qızlar məbədini?!
Bəli, istəklərimizdən və arzularımızdan asılı olmayaraq, dünya tamam fərqli qanunlarla yaşayır. Hamımız yaxşı bilirik ki, bu dünyada heç də həmişə ədalət qələbə çalmır. Heç də həmişə haqq nahaqqa qalib gəlmir. Əksinə, bu dünya zəifləri heç sevməz. İlk baxışdan xalqlar, ölkələr arasında baş vermiş bütün siyasi qalmaqalların, irili-xırdalı münaqişələrin, böyük müharibələrin ədalətli yolunu görmək bir elə çətin görünmür. Hamı bu dünyada nəyin ədalətli, nəyin ədalətsiz olduğunu çox aydınca təsəvvür edir. Və bu dünyada nəyin ədalətli, nəyin ədalətsiz olmasını başa düşməkdən asan bir mətləb yoxdur. Ən çətini ədalətin ədalətsizliyin, düzgünlüyün yalanın, nəhayət, xeyrin şər üzərində qələbəsinə nail olmaqdır. Əslində, eqoistlik və özünəvurğunluq tək insanlara xas olan xüsusiyyət deyil. Bütöv xalqlar, böyük-böyük dövlətlər də eqoist və özünəvurğun olurlar. Ayrı-ayrı mənəviyyatlı fərdlər ətrafındakıların eqoistliyindən necə əziyyət çəkirlərsə, eqoist və özünəvurğun dövlətlərin, xalqların əhatəsində yaşamaq da dövlət üçün bir o qədər çətindir. Heydər Əliyevin qurduğu sistem də, məmləkətimizi, bizi gözü götürməyən dövlətlərin məkrli əməllərindən müdafiə edir, qoruyur. Heydər Əliyev sistemi üçün dünyanın ədalətli və xeyirxah işləri dövlət və vətən naminə yapılan əməllərdir. Bu sistem dövləti sərkərdə zülmkarlığından, siyasətçi hiyləsindən, süni diplomat gülüşündən, nəhayət insan xəbisliyindən qoruyur.
...Onun vəfatı xəbəri çoxlarının nə qədər dayaz düşüncə sahibi olduqlarını bir daha ortaya qoydu. Ən əvvəl də “Azərbaycandakı sabitlik onun zəhminə bağlıdır” kimi fikir yürüdənlərin.
...Diqqətimiz ekranlarda idi. Hər şey adi qaydasında davam edirdi. Məmləkət cümə günü, Azərbaycan vaxtilə saat 19-a qədərki həyatını yaşayırdı. Heç nə dəyişməmişdi bu ölkədə. Körpələr mışıl-mışıl yatır, qəzetçilər son xəbərləri gözləyir, əsgərlər döyüş mövqelərində keşikdə durur, hamilə qadınlar ağrı, ata olacaqlar sabahın fikrini çəkirdilər. Hər şey, hər şey əvvəlki qaydasıyla davam edirdi. Ancaq, Heydər Əliyev daha yox idi...
O, müstəqil Azərbaycanın ilk prezidenti idi ki, insanlar onun vəfatı xəbərini “halımız necə olacaq” deyərək qorxu ilə qarşılamadılar. Çünki Heydər Əliyev nəinki dövlətə, siyasətə, hətta insan və şəxsiyyət ölümünə belə yanaşmada səbr və təmkin öyrətdi. O, dünyanın nadir şəxsiyyətlərindən biri oldu ki, ölümü ilə də bütün həyatı boyu öz xalqına keçdiyi həyat və dövlətçilik dərsinin son mühazirəsini oxumuş oldu. Görünür, “mən həyatımın qalan hissəsini də xalqıma bağışlayıram” deməklə elə bunu nəzərdə tuturmuş. Heydər Əliyev həyatının qalan hissəsini həqiqətən, ondan sonra normal həyat sürməli olan, ağlamayan, sıtqamayan, “ondan sonra batdıq” deməyəcək bir xalqa bağışladı və bizi tərk etdi. O, minillik Azərbaycan tarixinin barmaqla sayılacaq nəhəng şəxsiyyətlərindən biri kimi nəinki hakimiyyətin, hətta həyatın, hətta ölümün belə dövlətə və xalqa necə kara gəlməli olduğunu nümayiş etdirdi. Birjalarda qiymətlər qalxmadı. Pulumuz dəyərdən düşmədi. İnsanlar bu ölkənin etibarlı əllərdə olduğunu bilərək gündəlik qayğıları, işləri ilə məşğul oldular.
Heydər Əliyev bizi tərk etdi...
Ancaq həyat davam edir və yenə davam edəcək.
O, canından artıq sevdiyi xalqının daha gözəl günlər yaşamasını istəyirdi. Və biz də həmin gözəl günlər üçün çarpışırıq.
Ancaq hamı bilir ki, Heydər Əliyev həyatı olmasa idi, uğrunda çarpışdığımız həmin daha gözəl həyat da bizlərdən çox-çox uzaqlarda olacaqdı.
Onun sirləri uzun illər boyu, özü də yavaş-yavaş açılacaq. İndi məlum olur ki, Klivlenddəki Prezidentdən nəyə görə o qədər uzun vaxtı xəbər yox imiş. Sən demə, bu nəhəng şəxsiyyət bütün Azərbaycan məmurlarına, müxalifətli, iqtidarlı hər cür siyasətçini, bu məmləkətin işbazını, biznesmenini, fəhləsini, uşağını, böyüyünü Heydər Əliyevsiz bir şəraitə öyrətmək istəyirmiş. Sən demə, bu insan nəinki həyatını, ömrünü, hətta ağrılarında belə birbaşa Azərbaycan Respublikası adlı bir məmləkətin sağ qalmasına, yüksəlməsinə xidmət edən siyasət yürüdüb. Bəli, o həm də ölümünü Azərbaycanın yaşamasına, bu fani dünyadan köçdükdən sonra ölkəmizin nizamsızlıq və özbaşınalıq girdabına yuvarlanmamasına fəda etdi. Məlum oldu ki, Heydər Əliyev ölümünü də xalqına, dövlətinə ithaf edən, məmləkətin yüksəlişini hesablayan tək Kişilərdənmiş. Onun üçün hakimiyyət və vəzifə, kreslo və kürsü yalnız məqsədlərinə yetmək üçün vasitədən başqa bir şey deyildi. Heydər Əliyev üçün həyat və ömür, mübarizə və savaş, hətta xəstəlik və ölüm də vasitəymiş: Xalqına və millətə xidmət üçün vasitə...
...Heydər Əliyev bu fani dünyada deyil. Ancaq əllər qətiyyən işdən soyumur. Həyat davam edir. Onun məmləkət üçün arzuladıqları, həyata keçirmək istədikləri bir-bir həyata keçir. Körpələr mışıl-mışıl yatır, hər kəs problemini, xoş gününü fikirləşə-fikirləşə yuxuya gedir, qəzetçilər son xəbərləri gözləyir, əsgərlər döyüş mövqelərində keşikdə durur, hamilə qadınlar ağrı, ata olacaqlar sabahın fikrini çəkirlər...
Və bu həyat davam edir...
Və Heydər Əliyev yaşayır...
Və Heydər Əliyev yaşayacaq...
Və...
Və yaşasın Heydər Əliyev!

İlham Tumas
[email protected]
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1965

Oxşar yazılar