Əmirəli Lahrudi: “Kəndimiz, Savalanın ətəyindəki sular yadımdan çıxmır” - MÜSAHİBƏ
20 noyabr 2010 12:43 (UTC +04:00)

Əmirəli Lahrudi: “Kəndimiz, Savalanın ətəyindəki sular yadımdan çıxmır” - MÜSAHİBƏ

65 il əvvəl Azərbaycanın güneyində, Təbrizdə qurulan Azərbaycan Milli Hökuməti yaşasaydı, onun qurucularını alqışlayanların sayı çox olardı. Bu hökuməti quranları axtarardılar. Ölənləri təntənəli şəkildə yad edərdilər. Təəssüf ki, bu hökumət bir ildən artıq yaşamadı. Çünki dünyanın çarxı millətimizin xeyrinə işləmədi…

Çox böyük zəhmətlər bahasına qurulmuş bu hökumətimiz dünya nəhənglərinin hikkə və iddiasına qurban getdi. Təsəllimiz bir illik Milli Hökumətin Güney Azərbaycan türklərinə milli hakimiyyətin nə olduğunun şirinliyini nəsib etməsidir.

O, 1945-ci oktyabrın 1-də Azərbaycan Demokrat Firqəsinə üzv qəbul olunub. Həmin bilet bu gün də onun yanındadır.

Azərbaycan Milli Hökuməti dövründə Azərbaycan Demokrat Firqəsinin yerli təşkilatlarında məsul vəzifədə çalışmış, 65 illik partiya biletini bu gün də qoruyan, Seyid Cəfər Pişəvəridən qalma Azərbaycan Demokrat Firqəsinin sədri Əmirəli Lahrudi ilə görüşüb, yubiley qabağı söhbətləşdik.

Əmirəli Lahrudinin ömür yolundan bir cizgi. Firqənin lideri 19-20 yaşından siyasi qurumlarda məsul vəzifələrdə çalışıb. 23 yaşı olanda Firqənin Meşkinşəhr təşkilatında sədr müavini olub. Azərbaycan Milli Hökuməti qan içində boğulduqdan sonra Bakıda iki illik partiya məktəbi, Moskvada 3 illik partiya məktəbində oxuyub. Tudə Partiyasının Almaniyadakı mərkəzində 8 il Azərbaycan Demokrat Firqəsinin təmsilçisi olub…

Azərbaycanın ən şərəfli, həm qarışıq salınan dövrlərindən birinin, 1945-46-cı illərin canlı, qərəzsiz, tərəfsiz şahididir Əmirəli Lahrudi. Bu gün də dünyada, bölgədə, özəlliklə Güney Azərbaycanda, eləcə də İranda baş verənləri izləyir…

- Əmirəli bəy, İrandakı mövcud iqtisadi, siyasi və sosial vəziyyəti necə dəyərləndirərdiniz?

- İranda hazırda dərin ictimai və iqtisadi böhran hökm sürür. İran əsas etibarı ilə elə bir ölkədir ki, orada azadlıq və demokratiya varlığından söhbət belə gedə bilməz. Bu ölkənin iqtisadiyyatı xarici amillərə bağlı olduğundan onlardan asılı bir vəziyyətdədir. İstər maşınqayırma, istərsə də gündəlik tələbat malları əsasən idxalatdan asılıdır. İranın idxal sahəsində yeritdiyi siyasət ölkənin başqa sahələrinə, xüsusən kənd təsərrüfatına ağır zərbə vurur. Kənd təsərrüfatı məhsulları, özəlliklə taxıl, meyvə, toxumluq xaricdən gətirilir. Başqa sənaye mallarına ehtiyac da idxalatın hesabına ödənilir. Beləliklə, ildə 40-50 milyard dollar idxalata pul sərf olunur. İranda toxuculuq sənayesinin 70 illik tarixi var. 1930-cu illərdə bu sahə Təbrizdə, İsfahanda, ölkənin Şimal bölgələrində çox sürətlə inkişaf edirdi. Ancaq son illər xaricdən gətirilən mallar bu sahənin geriləməsinə təsir göstərib. Toxuculuqda istifadə olunan avadanlıq köhnəlib. Onları xaricdən alıb yeniləşdirmək lazımdır. Bu isə ölkədə istehsal olunan malların maya dəyərinin xaricdən gətirilənlə müqayisədə baha olması ilə nəticələnir. Xüsusi ilə Çinin ucuz qiymətə istehsal etdiyi gündəlik tələbat malları və toxuculuq məhsullarının İranda özünə geniş alıcı bazara qazanması ölkə iqtisadiyyatının inkişafına mənfi təsir edən amillərdəndir.
Bu kimi hallar toxuculuq sənayesinin iflasa uğramasına səbəb olub.

İranın siyasi vəziyyəti də gərgindir. İranla Qərb, o cümlədən ABŞ arasında ciddi çəkişmələr davam edir. İran uranın zənginləşdirməsinin dinc məqsədi daşıdığını bəyan etsə də Qərb onun bu sözlərinə inanmır. Onlar hesab edir ki, İran uranı zənginləşdirməklə atom silahı istehsal etmək fikrindədir. Ümumiyyətlə, bu problem əsas məsələ kimi İranın qarşısında durmaqdadır.

İran bu məsələ ilə əlaqədar bir neçə dəfə boykot edilib. Son illər BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi qətnamələr daha da şiddətlənib və genişlənib. Dünyanın müxtəlif informasiya vasitələri ABŞ-ın İrana qarşı savaşa başlayacağı barədə xəbərlər yayır. Heç şübhəsiz, bu hərbi əməliyyatla ilk növbədə İrana nüvə obyektləri yerləşən Tehran, Nətənz, İsfahan, Qum şəhərləri vurulacaq.

Beləliklə, qısası, İranda ictimai, iqtisadi və siyasi vəziyyətin gərgindir. Sosial vəziyyət istənilən səviyyədə deyil. Ölkədə 4 milyondan çox gənc, iş qüvvəsi olan insan işsizdir. Bir neçə milyon gənc narkotik maddə aludəsidir. Orta əmək haqqı 300-400 min tüməndir (300 dollar). Bu isə 3-4 nəfər üzvü olan ailənin quru çörəyinə belə güclə çatır.

- Azərbaycan türklərinin milli haqları uğrunda Güney Azərbaycanda gedən proseslər haqda nə deyə bilərsiniz?

- Müttəfiq qoşunlar (1941-ci ildə ölkə daxil olmuş ingilis və sovet qoşunlarının nəzərdə tutur –S.S.) Cənubi Azərbaycan girənə qədər Azərbaycanda milli məsələdən demək olar ki, əsər-əlamət yox idi. Çünki İran, eləcə də Azərbaycanın şəhər əhalisinin 30-40 faizi savadlı idi. Kənd sakinlərinin az qala 99 faizi savadsız idi. Azərbaycan gəncləri ya Tehranda və İranın başqa şəhərlərində tikintidə fəhləlik edirdi. Onların sayı da az idi. Gənclər əsasən əkinçilik, bağçılıq və maldarlıqla məşğul olurdu. Onlar da bilmirdi dil nədir, millət nədir, bir sözlə milli məsələdən xəbərsiz idilər. Bir də o vaxtlar fars dilini bilən də az idi. Farscanı bilən 3-4 nəfər tapılardı ki, onlar da əsasən ruhanilər olardı. Ana dilində danışırdılar, yazılı ədəbiyyat yox idi. Təbrizdə, Ərdəbildə fars dilində bir-iki qəzet çıxırdı.

Azərbaycan gənclərinin gözünün açılmasında Xalq Partiyasının, Azərbaycan Demokrat Firqəsinin çox böyük rolu oldu. Xüsusi ilə Demokrat Firqəsi yarananda milli məsələni əsas xətt kimi götürdü. Bu məsələni gündəliyə çıxartdı. O vaxt biz gənclər dilimiz olduğunu, məktəblərdə dərslərin fars dilində deyildiyini, millətimizin varlığını başa düşdük. Bildik ki, nədən fars dilində məktub yazırıq, öz dilimizdə yaza bilmirik, məhkəmələrdə ərizələri fars dillində verməliyik, məhkəmə zamanı farsca bilmədiyindən insanlar tərcüməçi vasitəsi ilə fikrini bildirir, niyə fars dilində yazıb-oxuyuruq, ancaq ana dilimizdə bundan məhrumuq və s.

Demokrat Firqəsinin sayəsində bu kimi məsələlərdən xəbərdar olduq. Firqənin şəbəkəsi bütün Azərbaycanda yaranmışdı. Azərbaycandakı yaşlı nəsil bu yolla həmin məsələləri gənclərə və yerli əhaliyə çatdırırdı. Sovet ordusunun Azərbaycan olmasını da biz əsla hiss etmirdik - qoşun var, ya yox. Bizim mitinqlərimiz olanda sovet qoşunları kazarmadan çölə çıxmırdı.

Beləliklə, həmin illərdə obyektiv şərait yaranmışdı. Söz, fikir, sərbəst toplaşmaq azadlığı var idi. Bunlar müttəfiq ordusu İrana daxil olandan sonra yaranmışdı. Bu şəraitdən istifadə edib, yuxarıda qeyd etdiyim məsələlərin Azərbaycanda yayılmasına nail olurduq. Onun ardınca 1945-ci il dekabrın 12-də Azərbaycan Milli Hökuməti quruldu. Bir il ərzində hökumət ana dilində məktəblər, filarmoniya, dram teatrı açdı. İranın son yüz illik tarixində ilk dəfə olaraq, torpağı kəndlilərə verdi. Kəndlərə yol çəkildi. Azərbaycanda yüngül sənayenin əsası qoyuldu və s.

Bu, Azərbaycan milli azadlıq hərəkatı olsa da tarixdən silinməyib. Mənim kimi veteranların sayı az deyil. Hər kəs ailəsində öz övladına həmin illərlə bağlı xatirəsini söyləyir - Azərbaycan Milli Hökuməti dövründə nəyimiz var idi, indi nəyimiz yoxdur. Odur ki, Azərbaycan gəncləri bu məsələləri nəsildən-nəslə ötürərək, həmin ideyanı inkişaf etdirirlər.

İndi Təbrizdə, Ərdəbildə və Azərbaycanın başqa şəhərlərinin küçələrində farsca danışan görməzsən. Bu yolla dilimiz həmin sadə adamların əli ilə farscadan təmizlənir. Elə danışırlar, elə bil Bakıdasan.

1979-cu il inqilabından sonra Təbrizdə, Ərdəbildə, Urmiyada, Zəncanda və Azərbaycanın başqa şəhərlərində Azərbaycan dilində yüzlərlə qəzet, jurnallar, kitablar və nəşrlər meydana çıxdı. Vəziyyət dəyişdikcə hakimiyyət bu inkişafın qarşısını aldı, onun genişlənməsinə imkan verilmədi. Mətbuatı yavaş-yavaş sıxışdırdılar, bağladılar, yığışdırdılar.

Bunun nəticəsində camaatın, xüsusi ilə gənclərin etirazları artdı. Bütün bunlarla yanaşı demək lazımdır ki, Azərbaycan gənclərinin bugünkü mübarizəsinin qələbəsini zaman təmin edəcək.

İrandakı İndiki ağır şəraitdə, demokratiyanın olmadığı bir halda yenə küçələrə çıxıb, etiraz edirlər. Son illər baş verən olaylar Təbriz, Ərdəbil, Zəncan, Urmiya və başqa şəhərlərimizdə daha geniş etiraz aksiyalarının keçirilməsinə səbəb oldu. Hətta Ərdəbildəki etiraz çıxışlarını yatırmaq üçün Rəştdən əlavə ordu qüvvəsi gətirmişdilər. Həmin dinc nümayiş və mitinqlərdə həlak olanlar da oldu. Çoxlu sayda dinc etirazçı yaralandı, həbs edildi. Azərbaycanlılar bu gündə mili haqlarının təmin olunması ilə bağlı ideyanı qoruyub saxlayıb. Mərkəzi hakimiyyət isə bu ideyanın yayılıb, genişlənməsinin qarşısını almağa çalışır. Eyni zamanda azərbaycanlılar Tehranda baş verən hadisələrə reaksiya göstərmirlər. Onlar bəyan edir ki, bizim milli hüquqlarımızı, milli tələblərimizi müdafiə etməyən hərəkatın arxasınca getmirik. Başqa sözlə, milli hərəkatın tələblərinə qarşı olanları boykot edirlər. Son zamanlar Mirhüseyn Musəvinin hərəkatı da bu cür boykot olundu.

Beləliklə, Azərbaycanda potensial qüvvə çox güclüdür, şərait olanda onlar istəklərini gerçəkləşdirəcək. 1945-ci ildə də potensial var idi, şərait yaranan kimi məqsədinə çatdı. Bu gün o dövr deyil, hansısa təşkilatın sözləri ilə insanlar tapdanmış haqlarını tələb etmir. İndi uşaqdan böyüyə qədər hamı milli hüquqlarımızın tapdandığını yaxşı bilir.

- Bu il dekabrın 12-də Azərbaycan Milli Hökumətinin yaranmasının 65 ili tamam olur. Bununla bağlı hansı tədbirləri görməyi planlaşdırırsınız? Daha çox uğur qazanmaq üçün o dövrə baxıb hansı addımları atmaq lazımdır?

- İranda siyasi partiyalar qadağan olunub. O cümlədən Azərbaycan Demokrat Firqəsi fəaliyyət göstərə bilmir. Hər il Milli Hökumətin yarandığı günü, dekabrın 12-ni müxtəlif təşkilatlar, qruplar qeyd edir. Bu il də bu günlə bağlı tədbirlərin keçiriləcəyi gözlənilir. Biz mətbu orqanlarımızda, saytımızda qeyd edirik. Firqənin «Azərbaycan» qəzetinin Milli Hökumətə edilmiş xüsusi buraxılışını buraxdıq. Rayonlardakı şöbələrdə tədbirlər keçirmişik. Bundan başqa qəzetimizdə Milli Hökumətə aid ardıcıl məqalələr çap etməyi nəzərdə tutmuşuq. Nəzərə almaq lazımdır ki, təbliğat imkanlarımız çox geniş deyil. Bir qəzetimiz var, bir saytımız, çalışırıq ki, bu imkanlarımızdan istifadə edək. Biz 21 Azər Hərəkatının səbəblərini və s. məsələləri bundan sonra da işıqlandıracağıq. Ümumiyyətlə, bizim hərəkatımızın dağılmasının əsas səbəbi iki nəhəng dövlətin - ABŞ-la keçmiş SSRİ-nin arasında olan ziddiyyətə bağlıdır. Mən deyə bilmərəm ki, bizi sovetlər satdılar, yaxud deyə bilmərəm ki, amerikalılar gəlib, silahla bizi yatırdılar. Ancaq həm pərdə arxasında həm də gerçəkdə sovetlər öz sərhədləri yaxınlığında amerikalıların yerləşməsini istəmirdi. Çünki onların sosialist hərəkatı dünya miqyaslı idi. Sovet tankları Elba çayına qədər sosializmi apardı. Çində 25 il mübarizə getdi. Yaponiya imperiyası çökəndən sonra Çində sosializm quruldu. Azərbaycan və Yunanıstan cəbhəsi elə həmin illərdə uğursuzluğa düçar oldu. Alman faşistlərinə qarşı vuruşan yüz min yunan əsgəri sonradan Şərqi Avropaya, 20 min isə Orta Asiyaya, Özbəkistana gətirildi.

Şərait olmadığından bizim hərəkat basıldı, dağıldı. Ancaq indi nə sosializm, nə də onun düşərgəsi var. İndi Qərb, xüsusi ilə amerikalılar milli məsələyə diqqət yetirirlər. Ərəb ölkələrində, İraqda Barzaniyə istiqlalı amerikalılar verdi. Yuqoslaviyanı bombalayıb, yerində altı dövlət yaratdılar. Kosovo da onların sayəsində müstəqil oldu.

İrana da hədə-qorxu gəlirlər. Əgər İranı bombalasalar, o zaman bütün şəhərlər xarabazar çevriləcək. Belə vəziyyətdə həmişə qara camaat əziyyət çəkir. Ölən də onlar olur. Ona görə də biz təkamül yoluna üstünlük veririk. Şəraiti gözləyək...

- Seyid Cəfər Pişəvərini heç görmüsünüz?

- Pişəvərini mən Təbrizdə iki dəfə görmüşəm. Tudə ilə Demorkat Firqəsinin birgə toplantısı idi. Konfrans başa çatandan sonra Ərdəbil təşkilatının sədri Məmi Dehqan məni Pişəvərinin yanına apardı. Təbrizdə Firdovsi xiyabanın qurtaracağında bir mehmanxana var idi. O illərdə Pişəvəri orada bir otaq götürmüşdü, həm yaşayır, həm işləyirdi. Orada görüşdük, söhbət elədik. İkinci dəfə isə yenə Təbrizdə o zamankı Pəhləvi xiyabanında (sonradan da adını dəyişib Səttarxan xiyabanı adlandırdılar). Pişəvəri küçənin tinində dayanmışdı. Məmi ilə getdik onunla görüşməyə. Əlimdə «Azərbaycan» qəzetinin birinci sayı var idi. 1945-ci il sentyabrın 5-i idi. Ordan-burdan, təşkilatdakı vəziyyətdən danışdıq. O vaxtlar əsasən Tudənin qəzetləri çıxırdı. Tehrandan gəlirdi qəzetlər. Dedim ki, bundan sonra bu qəzeti İran Tudə Partiyasının Meşkinşəhr təşkilatının ünvanına göndərəcəksiniz? Dedi ki, yox Azərbaycan Demokrat Firqəsinin Meşkindəki ünvanına göndəriləcək. Bu söhbət heç vaxt yadımdan çıxmaz.

Üçüncü görüşüm isə burada, Qazanbulaqda oldu. 1947-ci ilin əvvəlləri idi. Biz Borsunlu yaxınlığında neft mədənlərində işləyirdik. Gəlmişdi ora, fəhlələrlə görüşürdü. Daş yonanlardan soruşdu ki, bir daşı neçəyə yonurlar. “10 qəpiyə” dedilər. Təəccüblə, “bu qədər az” - dedi. Maşına oturanda getdim yanına dedim ki, ağayi Pişəvəri, oxumaq istəyirəm. Dedi ki, narahat olma, sentyabrda sizi çağıracağıq oxumağa. Getdi, sonra onun həlak olduğunu eşitdik.

- Siz Meşkində anadan olmusunuz. O yerləri necə xatırlayırsınız, yadınıza düşürmü?

- Mən Meşkinin Lari kəndində anadan olmuşam. İrandan bura 23 yaşımda gəlmişəm. Gələndən sonra oralar tez-tez yuxuma girərdi. Qorxulu yuxular görərdim, Görürdüm ki, məni yanar təndirə atırlar. Düşünürdüm ki, orada qalsa idik, bizi də məhv edərdilər. Çünki o zaman 30 min insanı öldürdülər. Mən o ümidlə yaşayıram. Kəndimiz, Savalan, onun ətəyindəki sular yadımdan çıxmır. O torpağın bir qarşını qızıla da dəyişmərəm.

Bir neçə il bundan qabaq xəstələndim. Məndə belə bir təsəvvür yarandı ki, o yerləri görmək mənə qismət olmayacaq. Fikirləşdim ki, bəlkə İranın o vaxtkı prezidenti Məhəmməd Xatəmiyə bir məktub yazım. Sonra bir az vəziyyətim yaxşılaşdı. Bu fikrimdən daşındım. Düşündüm ki, hər halda Xatəmi Azərbaycan Milli Hökumətinin sevənlərdən deyil. Mənim ora belə getməyim də siyasi cəhətdən əks təsir göstərə bilər.

Burada İranın səfiri var idi Qəzai. O da adamları vasitəsi ilə İrana getməyimi təklif edirdi. Bir dəfə yığıncaqlardan birində açıq şəkildə bildirdim ki, mən İrana gedəsi deyiləm, bu söz-söhbəti yığışdırın. Çünki İrana getsəm deyəcəklər ki, «satıldı». Hələ onu demirəm ki, onlar məni döyə-döyə televiziyaya da çıxara bilərlər.

Sovet dövründə bizə çox hörmət edirdilər. Onda mənə də 3 otaqlı mənzil verdilər. Mən sədr olanda 500 adamın mənzilinin genişləndirilməsinə köməklik etdim. O dövrdə Heydər Əliyev birinci katib idi. 62 ildir buradayam. Bura da bizim üçün vətəndir. Ancaq məndə inam var ki, gedib oraları görəcəyəm. Görə bilməsəm belə gəzdiyim küçələr bu gün də gözümün önündədir.

Meşkin iki yerə bölünmüşdü. Mən Tudə Partiyasının Şərqi Meşkin şöbəsinin sədri işləmişəm. Firqə yarandıqdan sonra onun Meşkin şəhərdəki şöbəsində çalışmağa başlamışam. Sədr isə o zamanın tanınmış ziyalılarından biri, yazıçı, varlı bir şəxs Zəbiulla Mirzə İsmayıl idi. Mən onun ictimai əlaqələr üzrə müavini olmuşam. Sonra onu Zəncana köçürdülər. Zəncanı qoşun tutanda qaça bilmişdi. Təbrizdə mən 6 aylıq hüquq kursu keçirdim. Gəlib mənə dedi ki gedim oradan. Cavab verdim ki, bəs, burada Milli Hökumət var, heç kim bura girə bilməz. Sonra Meşikinə getdi. Kəndimizdə Şeyx Poladi var idi. Şeyxin saqqalının yolub, Meşkinin meydanında dara çəkib, tikə-tikə etmişdilər. Mirzə İsmayılın isə qollarını kəsib, öldürmüşdülər...

...Ümumiyyətlə, məni və mənim kimi hərəkatda iştirak edənləri ümid yaşadır. Elə bir gün gələcək Azərbaycan Demokrat Firqəsi Cənubi Azərbaycanda fəaliyyətə başlayacaq. İnanıram ki, bu milli-azadlıq hərəkatı açıq şəkil alacaq, mən də başqaları kimi vətənə qayıdacağıq.

Sədrəddin Soltan
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1979

Oxşar yazılar