Azərbaycan müxalifəti Türkiyə ictimaiyyətinə müraciət etdi
09 aprel 2009 17:00 (UTC +04:00)

Azərbaycan müxalifəti Türkiyə ictimaiyyətinə müraciət etdi

“Türkiyə xalqını, dövlət adamlarını, siyasi partiyalarını, ziyalılarını Ermənistanla sərhədlərin qeyd-şərtsiz açılmasına “yox” deməyə çağırırıq”

Bu gün “Qarabağ və Respublika Uğrunda Hərəkat”a daxil olan siyasi təşkilatların – ADP, ALP, AXCP, VİP, Ümid və Müsavat partiyalarının liderləri Türkiyə ictimaiyyətinə müraciət edib. Müraciətdə deyilir: “Əziz qardaşlar və bacılar! Böyük Türk xalqı! Azərbaycan öz müstəqilliyini əldə etdiyi gündən Türkiyə Azərbaycana qardaşlıq əlini uzatmasını, ardıcıl olaraq Azərbaycanın problemlərinə öz problemi kimi baxmasını, müstəqilliyimizin möhkəmləndirilməsində və sivil dünya ilə əlaqələrimizin qurulmasında Türkiyə dövlətinin, Türkiyə siyasi liderlərinin göstərdiyi yardımı xalqımız, o cümlədən, bizlər böyük minnətdarlıq və şükranlıqla qeyd edirik. Bununla yanaşı, son vaxtlar Türkiyəyə qarşı beynəlxalq təzyiqlərin artması nəticəsində Türkiyə hökumətinin Ermənistanla birtərəfli qaydada, Azərbaycanın maraqlarını nəzərə almadan sərhədləri açmaq niyyəti Azərbaycanda böyük təəssüf və narahatçılıq hissi doğurub. Uzun illərdir ki, Ermənistan Azərbaycan ərazilərinin bir hissəsini işğal altında saxlayır, paralel olaraq Ermənistan Türkiyəyə qarşı əsassız soyqırım və ərazi iddiaları ilə çıxış edir. Ermənistanın belə siyasət yürütməsi, xüsusən əsassız ərazi iddiaları siyasəti region xalqları arasında düşmənçiliyə gətirib çıxarıb. Ermənistan öz ərazilərində rus qoşunu saxlamaqla region dövlətlərinin və xalqlarının yaxın əlaqələrinin qurulmasına da mane olur. Biz belə hesab edirik ki, regionda yaşayan xalqların sülh və əmin-amanlıq şəraitində yaşaması və region dövlətləri arasında qarşılıqlı faydalı əməkdaşlıq vacibdir və Ermənistanla yalnız Türkiyənin yox, həm də Azərbaycan sərhədlərinin açılması və Ermənistan, Türkiyə və Azərbaycan münasibətləri sivil müstəviyə keçirilməlidir. Amma bunun üçün Ermənistan tərəfi də özünün əsassız iddialarından və işğalçılıq siyasətindən əl çəkməlidir. Biz belə hesab edirik ki, Türkiyə və Azərbaycan təbii və strateji müttəfiq olaraq ortaq maraqlara malikdir və xalqlarımız arasında qan və din yaxınlığı bizim bir-birimizin maraqlarını nəzərə almağı və bu məqsədlə xarici siyasətimizin uzlaşdırılmasını tələb edir.

Biz belə hesab edirik ki, Türkiyə-Azərbaycan arasında hər hansı soyuqluğun yaranmasına imkan versək, bundan yalnız türk düşmənçiliyi qazanacaq və buna görə gələcək nəsillər bizi bağışlamayacaq. Biz bilirik ki, Türkiyə-Ermənistan sərhədlərinin açılacağından dolayı böyük Türk xalqı, Türkiyənin siyasi qüvvələri, dövlət adamları və ictimai xadimlər ciddi narahatlıqlarını ifadə ediblər. Buna paralel istər Azərbaycanda, istər Türkiyədə, istərsə də başqa ölkələrdə bəzi qüvvələr yaranmış vəziyyətdən sui-istifadə edərək, Azərbaycan-Türkiyə arasında qarşılıqlı etimadı sarsıtmağa, ölkələrimiz arasında münasibətləri pozmağa, bununla da Azərbaycanı və Türkiyəni təkləyərək başqa güclərin regiona hakim olmasına çalışırlar.

Bölgədə davamlı sülh, dövlətlərimizin təhlükəsizliyi, xalqlarımızın əmin-amanlığı naminə biz, düşmənlərimizi gücləndirəcək və bizim dostluğumuzu zəiflədəcək addımlardan çəkinməli və ortaq düşmənlərimizə qarşı vahid mövqedən çıxış etməliyik.
Biz, Türkiyə xalqını, Türkiyə dövlət adamlarını, Türkiyə siyasi partiyalarını, Türkiyə ziyalılarını Türkiyənin Ermənistanla sərhədlərin qeyd-şərtsiz açılmasına “YOX” deməyə çağırırıq”.

Müraciəti “Qarabağ və Respublika Uğrunda Hərəkat”a daxil olan partiyaların sədrləri imzalayıb.

Pərvin ABBASOV
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1232

Oxşar yazılar