Erdoğan: “... belə bir addım atmağımız mümkün deyil”
09 aprel 2009 12:00 (UTC +04:00)

Erdoğan: “... belə bir addım atmağımız mümkün deyil”

“Azərbaycanla Ermənistan arasındakı bu sıxıntı ortadan qalxmayınca Türkiyə ilə Ermənistan arasındakı bu gərginliyi aşmaq çətin olacaq”


“Hazırda Azərbaycanla Ermənistan arasında on illərdir, davam edən gərgin proses mövcuddur. Biz də bu prosesin içindəyik. Açıq və qəti deyirəm ki, Azərbaycanla Ermənistan arasındakı bu sıxıntı ortadan qalxmayınca Türkiyə ilə Ermənistan arasındakı bu gərginliyi aşmaq çətin olacaq. İndi bizim aşağı səviyyədə keçirdiyimiz texniki görüşlərin məqsədi Azərbaycanla Ermənistan arasındakı prosesin bir az önündən gedərək, hazırlıq görməkdir”.


Lent.az-ın məlumatına görə, bunu Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan Türkiyə-Ermənistan münasibətlərinin normallaşdırılması ilə bağlı aparılan müzakirələrə şərh verərkən deyib. Baş nazir BMT Təhlükəsizlik Şurasının Ermənistanın Dağlı Qarabağı işğal etməsi ilə bağlı qətnaməsinin olduğunu və Minsk Qrupunun 17 ildir, danışıqlar prosesini davam etdirdiyini, ancaq heç bir irəliləyiş əldə etmədiyini xatırladıb: “Ümid edirik ki, Minsk Qrupu bunu bacaracaq”.

Ərdoğan bu məsələdə ölkə müxalifətinin ona qarşı iftira kampaniyasına başladığını söyləyib: “Qafqazda Sabitlik və Əməkdaşlıq Paktı və Rusiya ilə əməkdaşlıq çərçivəsində Türkiyə-Azərbaycan-Ermənistan-Gürcüstan əlaqələri də hədəflərimiz arasındadır. Ermənistanla Azərbaycan arasındakı problemin həllini tapaq, bundan sonra Türkiyə-Ermənistan gərginliyini aradan qaldıraq. Bəzi müsbət irəliləyişlər olub, Türkiyə prezidenti Ermənistana gedib, mən Ermənistan prezidenti ilə Davosda görüşmüşəm. Xarici işlər nazirlərinin görüşü keçirilib. Hazırda proses davam edir. Ancaq müxalifətin çirkin mövqeyini qəbul etməyim mümkün deyil. Onların indiyədək ağlına gəlməyən addımları atırıq. Ermənistanla Azərbaycan arasındakı danışıqlarda problem ortadan qalxmasa, bizim heç vaxt belə bir addım atmağımız mümkün deyil. Bunu qətiyyətlə deyirik. Müxalifət nə deyirsə desin, bildiyimizi edəcəyik, problemin gerçək həlli sayılmayan variantı çözüm kimi görməyəcəyik. Biz problemin həllini tapmalıyıq, bu addımı atmağa məcburuq”.
# 890

Oxşar yazılar