Bu da Sabir Rüstəmxanlının “tikdirmədiyi” qərargah
08 aprel 2009 13:30 (UTC +04:00)

Bu da Sabir Rüstəmxanlının “tikdirmədiyi” qərargah

Ərazini polis əməkdaşları qoruyur

Azərbaycanın Xalq şairi, millət vəkili, Dünya Azərbaycanlıları Konqresinin həmsədri Sabir Rüstəmxanlı sədri olduğu Vətəndaş Həmrəyliyi Partiyası (VHP) üçün tikdirdiyi qərargahın yerini dəqiqləşdirmək mümkün olub. Lent.az-ın müxbiri xəbər verir ki, qərargah “Xətai” metrostansiyasının yaxınlığında - Xətai Mədəniyyət Sarayı ilə “AMAY” Ticarət Mərkəzinin aralığındadır. Qərargah üçün ərazi Sovetlər dönəmindən qalma bir müəssisəsinin həyətində verilib. Hazırda həmin müəssisə işləmir. Ərazi polis əməkdaşları tərəfindən mühafizə olunur.

Yaxınlıqda çalışan fəhlələr də yeni tikilinin məhz Sabir Rüstəmxanlıya aid olduğunu təsdiqləyib.

Dördmərtəbə olması nəzərdə tutulan qərargahın 3 mərtəbəsinin beton konstruksiyası tökülüb, dördüncü mərtəbəsinin armaturları quraşdırılıb. Lent.az-ın əməkdaşı ərazidə cəmi 3 nəfər fəhlənin çalışdığını müşahidə edib. Lakin tikiliyə yaxınlaşaraq orada çalışan fəhlələrlə söhbətləşmək mümkün olmayıb. Belə ki, qərargah üçün nəzərdə tutulan binanın bir tərəfini qamışlıq, digər bir tərəfini isə borudan sızan neft gölməçəsi tutduğundan yaxınlığa getmək bir qədər çətindir. Buna baxmayaraq, Lent.az-ın əməkdaşı təxminən 40 metrlikdən VHP-nin yeni qərargahının şəkillərini çəkə bilib.

Qeyd edək ki, Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsinin (DƏİEDK) mətbuat xidmətindən Lent.az-a verilən açıqlamada VHP-nin Komitəyə müraciət edərək, Əbdülkərim Əlizadə küçəsi-9 ünvanında yerləşən qərargahından imtina etdiyi bildirilmişdi. Həmin müraciətlə VHP partiya üçün yeni qərargah verilməsini xahiş edib. “Vətəndaş Həmrəyliyi Partiyasının müraciəti təmin edilib. Belə ki, partiyanın normal fəaliyyət göstərməsinə şərait yaratmaq məqsədilə VHP-yə yer verilib” – deyə, Komitənin mətbuat xidmətindən bildirilib.

Lent.az-ın araşdırmaları nəticəsində məlum olmuşdu ki, DƏİDK VHP-yə hazır tikili deyil, boş torpaq sahəsi verib. Hazırda Xətai rayonu ərazisində yerləşən həmin ərazidə (“AMAY” ticarət mərkəzinin yaxınlığı) VHP özünə dördmərtəbəli qərargah tikdirdiyini bildirmişdik.

Həmin vaxt Bakıda olmayan VHP sədri Sabir Rüstəmxanlı telefonuna cavab vermədiyindən məsələ ilə bağlı münasibət öyrənmək mümkün olmamışdı. Lakin o, “Yeni Müsavat” qəzetinin bugünkü sayına açıqlamasında yeni qərargah tikdirməsilə bağlı məlumatı təkzib etmişdi: “Biz köhnə qərargahımızdan imtina etməmişik və oranı müvəqqəti tərk etmişik. Yeni qərargah tikməyimizlə bağlı xəbərlər də doğru deyil. Köhnə qərargahımız hazırda təmir edilir. İnşallah, payızda yenidən ora qayıdacağıq”.

Xatırladaq ki, VHP təxminən 3 həftə öncə VHP-nin qərargahı şəhərin mərkəzi yerlərindən sayılan Əbdülkərim Əlizadə küçəsi-9 ünvanındakı (“Azərbaycan” Kinoteatrının yaxınlığı) binadan çıxıb.

Partiya hazırda VHP-nin Səbail rayon təşkilatının Natəvan döngəsi-1 ünvanında yerləşən qərargahında fəaliyyət göstərir.

Pərvin ABBASOV
# 1099

Oxşar yazılar