Konstitusiya dəyişikliyi jurnalistlərin fəaliyyətini məhdudlaşdırırmı? – SORGU
01 aprel 2009 13:30 (UTC +04:00)

Konstitusiya dəyişikliyi jurnalistlərin fəaliyyətini məhdudlaşdırırmı? – SORGU

“İctimai əhəmiyyəti olan məlumatların yayılmasını heç kim qadağan edə bilməz”

“Konstitusiyanın 32-ci maddəsinə edilən dəyişiklik jurnalistlərin fəaliyyəti üçün heç bir problem yaratmır. Həmin dəyişiklikdə qeyd olunur ki, qanunla müəyyən olunmuş hallar istisna olunmaqla şəxs əgər onun izlənməsinə, çəkilişinə etiraz edirsə, bu etiraza baxmayaraq, çəkiliş davam etdirilsə, bu, məsuliyyət yaradır və qadağan edilir”.

Bu sözləri Konstitusiyanın 32-ci maddəsinə edilən dəyişikliyi APA-ya şərh edərkən Milli Məclisin Dövlət quruculuğu və Hüquq siyasəti Komissiyasının üzvü millət vəkili Qüdrət Həsənquliyev deyib. Onun sözlərinə görə, jurnalistlərin fəaliyyəti “KİV haqqında” və “İnformasiya azadlığı haqqında” qanunlarla tənzimlənir. Bu qanunlarda isə jurnalistə informasiya toplamaq azadlığı verilir. Millət vəkili bildirib ki, informasiyanın hansı formada toplanması jurnalistin öz hüququdur: “Bəzi şəxslər bildirirlər ki, guya hansısa ictimai xadim, vəzifəli şəxs cinayət xarakterli əməllər törədəcəksə, jurnalist bunu izləyə bilməyəcək. Bu, kökündən yanlışdır. Cinayət Məcəlləsində də bildirilir ki, nəinki jurnalist, hər bir vətəndaş cinayət haqqında məlumat bilirsə və bu barədə xəbər vermirsə, hərəkətsizliyə görə cinayət məsuliyyəti daşıyır”.

Q. Həsənquliyevin sözlərinə görə, hər hansı şəxs çəkilişə etiraz edirsə, bu halda çəkiliş dayanmalıdır: “Çünki hər bir şəxsin hüquqi var ki, ailəsi, uşağı ilə sərbəst şəkildə istirahət etsin. Ona görə də burada jurnalistlərin hüquqlarına toxuna biləcək, onların fəaliyyətini məhdudlaşdıracaq hər hansı bir amil yoxdur. Təəssüf ki, bəzi hallarda müəyyən qüvvələr bu dəyişikliyin əvvəlində qeyd olunan “qanunla müəyyən olunan hallar istisna olunmaqla” fikrini məqsədyönlü şəkildə unudur”.

“İctimai xadimin və vəzifəli şəxsin həyatı cəmiyyət üçün maraqlıdır və jurnalist onun həyatından maraqlı bir reportaj hazırlasa, bu, cinayət sayılacaqmı” sualına cavab olaraq Q. Həsənquliyev bildirib ki, bu, vəziyyətdən və həmin vəzifəli şəxsin, ictimai xadimin özündən asılıdır: “Əgər həmin şəxs çəkilişə etiraz edirsə, amma jurnalist bu etiraza baxmayaraq, çəkilişi davam etdirirsə, bu Konstitusiyanın pozulması sayılacaq. Çünki hər kəsin şəxsi həyatı toxunulmazdır. İstənilən halda isə son qərarı məhkəmə verə bilər”.

Bəzi məmurların bu dəyişiklikdən başqa məqsədlə istifadə edib-etməyəcəyinə gəldikdə, Q. Həsənquliyev bildirib ki, belə hal mümkün deyil: “Jurnalistin informasiya toplamaq azadlığı var, o sualını verir, suala cavab verib-verməmək isə başqa məsələdir. Jurnalist qanunvericilikdə müəyyən olunmuş qaydada, vətəndaşın şəxsi həyatına müdaxilə etməmək şərti ilə məlumatlar toplaya bilər. Dəyişiklikdə yalnız şəxsi həyatla bağlı məsuliyyət qoyulur. Amma hansısa vəzifəli şəxs əxlaqa zidd hərəkətlərə yol verirsə, qanunu pozursa, bununla bağlı jurnalistin informasiya toplamaq, onu dərc etmək və hətta bu barədə hüquq mühafizə orqanlarına müraciət etmək, tənqidi məqalə yazmaq hüquqları var”.

Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov isə bildirib ki, ictimai əhəmiyyəti olan məlumatların yayılmasını heç kim qadağan edə bilməz: “Belə məsələlərlə bağlı həmişə məlumat yayılacaq”. MŞ sədrinin sözlərinə görə, Konstitusiyanın 32-ci maddəsinə edilən dəyişiklik ayrı-ayrı qanunlarda da öz əksini tapıb: “KİV haqqında qanunda da gizli audio və video materiallardan istifadə etmək yalnız şəxsin razılığı olduqdan sonra yaymaq hüququ verilir. Əks halda bu, qadağan olunur. Həmçinin təkzib vermək hüququ da “KİV haqqında” qanunda öz əksini tapıb və bu qanunda təkzibin qaydaları müəyyənləşib. Yəni bunlar əvvəlki qanunlarda öz əksini tapmış məsələlərdir”.
Ə. Amaşov qeyd edib ki, Konstitusiyadakı məhdudiyyət ictimai əhəmiyyətli məsələlərə aid deyil: “Burada sadəcə sərhəd müəyyənləşməlidir ki, hansı məlumatlar ictimai əhəmiyyətli sayıla bilər. Bu məsələ Mətbuat Şurasında müzakirə olunacaq və çox güman ki, biz jurnalistlər üçün tövsiyə xarakterli sənəd də hazırlayacağıq” .

32-ci maddəyə edilən dəyişikliyin jurnalistlərin fəaliyyətinə problem yaradıb-yaratmayacağına gəldikdə, Ə. Amaşov bildirib ki, jurnalistlər qanunun yol verdiyi səlahiyyətlər çərçivəsində işləsələr, ciddi problemlə qarşılaşmayacaqlar.

Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinin müəllimi, media məsələləri üzrə ekspert Zeynal Məmmədli isə APA-ya bildirib ki, İnsan Haqları üzrə Avropa Məhkəməsinin ictimai xadim və vəzifəli şəxslərin şəxsi həyatı ilə bağlı informasiyalar barədə şərhi var və bu şərh Azərbaycan üçün də keçərli olmalıdır: “Yəni ictimai xadim və vəzifəli şəxslər tənqidə açıqdırlar, hətta onların özəl həyatı da tənqidə açıq ola bilər. Burada bəlli şərtlər var. Özəl həyatın ictimai önəm daşıyan məqamlarını mətbuat işıqlandıra bilər. Amma bizim məhkəmə təcrübəsini nəzərə alsaq, nadir hallarda vəzifəli şəxslə bağlı məsələni Avropa normalarına uyğun həll ediblər”. Təhlükə bax bu yerdədir. Bizim qanunda vəzifəli şəxslər və ictimai fiqur anlayışının yozumu da verilmir. Bunun özü də təhlükə yaradır. Kimi vəzifəli şəxs, kim ictimai fiqur saymaq olar, bu bilinmir. Bütün bunlar Konstitusiyanın 32-ci maddəsinə edilən dəyişikliklərin real həyatda çoxlu maneələr yaradacağını şərtləndirir”.

Z. Məmmədli bildirib ki, əgər bu dəyişiklik sadə insanlara aid edilərsə, bu normaldır: “Amma söhbət vəzifəli şəxs və ictimai fiqurdan gedirsə, bu anormaldır. Yəni bu halda bütün vəzifəli şəxs və ictimai fiqurların anlayışını verməliyik. Jurnalistdə hər hansı vəzifəli şəxsin mənfi əməlləri barədə faktlar, səs yazıları, video çəkilişləri varsa, Konstitusiyada olan bu dəyişikliyə görə, həmin faktları gizlətməyə məcbur olmamalıdır”.

Media Hüquqları İnstitutun direktoru Rəşid Hacılı isə bildirib ki, 32-ci maddəyə edilən dəyişikliyə görə, gizli audio, video çəkiliş aparmaq olmaz: “Təbii ki, bu şəxsi həyatın qorunması ilə bağlıdır. Amma burada müəyyən olunmuş çəkilişin birmənalı olaraq qadağan edilməsi jurnalistlərin mətbuat, ifadə azadlığının məhdudlaşdırmasına gətirib çıxaracaq. Bu baxımdan iki hüquq arasında balans pozulur. Jurnalist üçün adi insanların həyatı onsuz da maraqlı deyil. İctimaiyyət üçün işləyir və onu ictimai əhəmiyyət kəsb edən şəxslərin həyatı ilə bağlı məlumatlar toplayır. Qanunda isə bu sərhəd aydın göstərilməyib”.

“525-ci qəzet”in baş redaktoru Rəşad Məcidin sözlərinə görə, 32-ci maddəyə edilən dəyişikliyə münasibət birmənalı deyil. Baş redaktor bildirib ki, bu dəyişiklik jurnalistin fəaliyyəti üçün ciddi problem yaratmayacaq: “Onsuz da müxtəlif qanunlarda vətəndaşın razılığı olmadan onun şəxsi həyatına qarışmaqla bağlı məhdudiyyətlər var. Amma beynəlxalq sənədlərdə nəzərdə tutulur ki, bu məhdudiyyətlər ictimai əhəmiyyət daşıyan şəxslərin həyatına aid deyil. Mənim fikrimcə, bəzi hallarda məhz bundan istifadə edib ictimaiyyətdə tanınan adamlar şantaj edilir və yaxud siyasi qarayaxma, “qara piar”dan istifadə olunur. Çox vaxt isə bu jurnalistikaya xidmət etmir. Sadəcə, olaraq ayrı-ayrı insanların bir-biri ilə rəqabəti nəticəsində ortaya çıxır. Ona görə də bu dəyişiklik yalnız bir-birinə qarşı qara piar aparan siyasətçilər üçün problem yarada bilər”.

R. Məcidin sözlərinə görə, bu dəyişikliyin Konstitusiyaya edilməsində “reket” jurnalistikasının xüsusi rolu olub: “Onlar elə təsəvvür yaradıblar ki, jurnalistlər söz azadlığından sui-istifadə edirlər”. Məmurların mətbuata münasibətinin dəyişib-dəyişməyəcəyinə gəldikdə, baş redaktor bildirib ki, bu daha çox vəzifəli şəxslərin şəxsi keyfiyyətləri ilə bağlıdır: “Mətbuata açıq, qapalı, mətbuatla münasibət qurmayan məmurlar var. Ona görə də Konstitusiyada hansı maddələrin olub-olmaması onların mətbuata münasibətini dəyişmir”.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1130

Oxşar yazılar