Politoloqlar və siyasi partiyaların Rusiya ilə Ermənistan arasında imzalanan hərbi protokola münasibəti – SORĞU
20 avqust 2010 19:00 (UTC +04:00)

Politoloqlar və siyasi partiyaların Rusiya ilə Ermənistan arasında imzalanan hərbi protokola münasibəti – SORĞU

Azərbaycan politoloqları Rusiya və Ermənistan arasında bu gün imzalanmış Rusiya Federasiyasının Ermənistanın Gümrü şəhərindəki hərbi bazasının dislokasiya müddətinin uzadılması ilə bağlı protokol və hərbi-texniki əməkdaşlıq haqqında çərçivə sazişini şərh ediblər.


APA-nın məlumatına görə, ekspertlər ümumilikdə, müqavilənin tək Azərbaycan deyil, bütün bölgəyə təhdid yaratdığı qənaətində olduqlarını açıqlayıblar.


Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu APA-ya açıqlamasında bildirib ki, əslində, müqavilənin müddətinin uzadılması Ermənistanın bir dövlət olaraq müstəqilliyinə son qoyur və bu ölkəni daha uzun illər Rusiyanın nəzarəti alında qalmasına şərait yaradır: “Azərbaycan üçün də müəyyən təhlükələr meydana çıxır. Bunun neytrallaşdırılması üçün rəsmi Bakı da müəyyən addımlar atmalı, başqa bir dövlətlə, o cümlədən Türkiyə ilə eyni səviyyəli müqavilə bağlamalıdır”. ADP sədri hesab edir ki, müqavilənin şərtlərinə görə, Ermənistana təhlükə olduğu halda, Rusiya Ermənistanı müdafiə edə bilər: “Dağlıq Qarabağ Azərbaycan ərazisi olduğundan Rusiyanın hərbi əməliyyatlarda Ermənistan tərəfindən çıxış etməsi beynəlxalq hüquq normalarına zidd sayılacaq”. S. Cəlaloğlunun fikrincə, bu müqavilə eyni zamanda Moskvanın ATƏT-in Minsk Qrupunun həmsədri kimi fəaliyyətinə də kölgə salır və Rusiyanın ermənipərəst mövqeyini göstərir.


Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, millət vəkili Qüdrət Həsənquliyev isə qeyd edib ki, bu gün Ermənistanla Rusiya arasında imzalanmış müqavilə Cənubi Qafqazda sabitliyin yaranmasına xidmət etmir: «Rusiya Azərbaycanla da strateji tərəfdaşlıq haqqında saziş imzalayıb. Azərbaycanın ərazi bütövlüyünü tanıyıb. Bu baxımdan Ermənistanla imzalanmış müqavilə İrəvanın təcavüzkar siyasətinin dəstəklənməsi deməkdir. Azərbaycanda Rusiyanın RLS-i yerləşir, Azərbaycan da bununla bağlı analoji saziş imzalamağı təklif etməlidir: “Ya Rusiya hərbi bazasını Azərbaycandan çıxarmalı, ya da Azərbaycanın ərazi bütövlüyünə təminat verməlidir”. Partiya sədri hesab edir ki, Azərbaycan tərəfi Dmitri Medvedyevin Bakıya səfəri zamanı bu məsələni qaldırmalıdır: “Müqaviləyə əsasən, söhbət Ermənistana təcavüzdən gedir. Erməniyə nə var ki... Dövlət sərhədini özü pozacaq, Rusiyanın əlinə bəhanə verəcək”.


Hakim Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini, millət vəkili Mübariz Qurbanlı isə APA-ya açıqlamasında deyib ki, ATƏT-in Minsk Qrupunun həmsədri kimi aparılan danışıqlarda əsas vasitəçilərdən olan Rusiyanın belə bir müqavilə imzalaması rəsmi Moskvanın bu vasitəçilikdə rolunun müəyyən mənada, bitərəf yox, tərəf kimi olduğunu göstərir: “Bu fakt Rusiyanın Ermənistanın tərəfində olduğunu açıq ortaya qoyur. Regional təhlükəsizlik baxımından Ermənistanın silahlandırılması olduqca qorxuludur. Digər tərəfdən, Qafqaz həssas bölgədir. Belə bir şəraitdə Rusiyanın bu addımı atması Qərb tərəfindən də adekvat addımlarla müşayiət oluna bilər. Bütövlükdə bu, bölgədə gərginliyi daha da artıracaq. Ona görə də, Rusiyanın Ermənistanı birtərəfli qaydada silahlandırması, bu cür müqavilənin imzalanması əslində təcavüzkarı şirnikləndirmək siyasətidir”.


Müsavat Partiyası Məclisinin sədri Sülhəddin Əkbər isə hesab edir ki, bu müqavilə Rusiya və Ermənistan arasındakı münasibətlərdə hansısa dəyişikliyə gətirib çıxarmayacaq: “İmzalanmış sənədlər əvvəlki müqavilələrin təkrarlamaqla yanaşı, hərbi əməkdaşlığın daha uzun müddətdə formalaşması üçün hüquqi baza yaradır. Eyni zamanda, Rusiya bununla dünyaya və region dövlətlərinə mesaj ünvanlayır ki, Ermənistan onun Qafqazda “for-postu”dur. Bu müqavilə eyni zamanda konfliktin həllində mühüm rola malik olan Rusiyanın fəaliyyətini şübhə altında alır”.


Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədr müavini Fuad Qəhrəmanlı APA-ya deyib ki, müqavilə vasitəsilə Rusiya Cənubi Qafqazda hərbi-strateji balansı Ermənistanın xeyrinə dəyişib: “Bu müqavilə eyni zamanda Qarabağ danışıqlarında nəticə olmazsa, Azərbaycanın hərbi əməliyyatlara başlama imkanlarını məhdudlaşdırır. Bu gün Azərbaycan hərbi əməliyyatlara başlamaq xəbərdarlığı yolu ilə danışıqlara təsir göstərir. Bundan sonra imzalanan saziş Ermənistanı arxayınlaşdıracaq». AXCP rəsmisinin sözlərinə görə, müqavilə eyni zamanda qərbin regionda iqtisadi, siyasi və təhlükəsizlik maraqlarının Rusiya tərəfindən sıxışdırılması baxımdan atılmış addımdır. Bunun neytrallaşdırılması üçün Azərbaycan və Gürcüstan paktı yaradılmalı, Türkiyə ilə hərbi əlaqələr dərinləşdirilməli, eyni zamanda bununla bağlı birgə mübarizə aparılmalıdır.


Ehtiyatda Olan Zabitlər Konfederasiyasının sədri, sabiq müdafiə naziri, general-mayor Dadaş Rzayev isə hesab edir ki, Rusiyanın hərbi bazasının gücləndirilməsi tək Azərbaycan deyil, bölgənin digər ölkələri üçün də təhdid doğurur. Bununla belə, general hesab edir ki, bu bazanın təyinatı Ermənistanın beynəlxalq səviyyədə tanınmış ərazilərinə təcavüz olduqda fəaliyyətə keçməkdir, bunun Qarabağda hərbi əməliyyatlarla əlaqələndirilməsinin mümkünlüyü çox azdır: “Rusiya müqavilə olmadan belə Ermənistanı silah və sursatla təchiz edib, hərbi kadrların hazırlanmasında yardımçı olub. İndi bunu sadəcə olaraq bunu rəsmiləşdirir”. D. Rzayev hesab edir ki, Rusiyanın addımını neytrallaşdırmaq üçün Azərbaycan digər hərbi bloklara, o cümlədən NATO-ya qoşulmalı, ölkə ərazisində Türkiyənin hərbi bazalarının yerləşdirilməsinə icazə verməlidir. Bu nə qədər tez olsa, Azərbaycan özünü sərbəst və təhlükəsiz hiss edər.


Politoloq Mübariz Əhmədoğlu APA-ya Rusiyanın bu addımla regionda konflikt potensialını gücləndirdiyini bildirib: «Bununla ilk növbədə Ermənistan qalan müstəqilliyini də qurban verir. Rusiya isə Ermənistan vasitəsi ilə regionu gərginlikdə saxlamış olur. Bu baza Gürcüstan, Türkiyə və İrana belə təhdiddir. Rusiya da bu təhdidi dəstəkləyir. Bu gün ABŞ-ın bütün antiiran planları Ermənistanda hazırlanır”. Ekspertin sözlərinə görə, Rusiya bu addımı ilə münaqişənin həllində vasitəçiliyini kölgə altında qoyur.

Politoloq Vəfa Quluzadənin sözlərinə görə, Rusiya bu addımı ilə regionda öz imperiya maraqlarını möhkəmləndirir: “Bu müqavilə ilə Rusiya Ermənistana böyük silahlar yerləşdirəcək və bölgədə öz maraqlarını qorumaq üçün hərbi gücünü artıracaq. Bu gün Ermənistan və Rusiya Azərbaycanın qalan ərazilərinin işğalını düşünür. Bunun qarşısını almaq üçün Azərbaycan özünə müttəfiq tapmalıdır”.


Politoloq Rasim Musabəyov isə müqavilənin müddətinin uzadılmasını Rusiya
tərəfindən Ermənistana uzunmüddətli nəzarət kimi qiymətləndirir. Politoloq hesab edir ki, bu addım, birinci növbədə Ermənistanın bundan sona daha 35 il Rusiyanın nəzarəti altında qalması deməkdir: “Azərbaycan kontekstində demək olar ki, əvvəllər də ruslar o bazadan ermənilərə silah ötürüblər. İndi də bunu davam etdirmək niyyətindədirlər. Amma bu gün Rusiyanın hardansa Ermənistana silah gətirməsi üçün imkan yoxdur. Gürcüstan 2008-dən sərhədləri bağlayıb. Nə Azərbaycan, nə də Türkiyə ərazisindən silah buraxır. Fikrimcə, bu müqavilənin Azərbaycana heç bir real təsiri yoxdur. Rusiya bunu Ermənistan ictimaiyyətini arxayın etmək üçün edir”.
# 792

Oxşar yazılar