““Təzə pir” məscidinin günbəzi 24 karatlıq qızıldandır” – MÜSAHİBƏ
10 mart 2010 17:45 (UTC +04:00)

““Təzə pir” məscidinin günbəzi 24 karatlıq qızıldandır” – MÜSAHİBƏ

Cavanşir Paşazadə: “Şeyxin qardaşı Cavanşir bir nəfərdir”


Azərbaycan Milli Məclisinin üzvü Cavanşir Paşazadənin APA-ya müsahibəsi


- Cəmiyyətdə Sizi 2005-ci ildə Milli Məclisin deputatı seçiləndən sonra tanıyıblar. O vaxta qədər harada olubsunuz?

- Mən 1976-cı ildən işləməyə başlamışam. Özbəkistanda Texniki Universiteti bitirmişəm, Gəncədə iqtisadiyyat üzrə təhsil almışam. Sovet dövründə müxtəlif sahələrdə və vəzifələrdə, o cümlədən tikinti sahəsində işləmişəm. İş icraçısı, sahə rəisi olmuşam. On ilədək Çay Fabrikinin direktoru işləmişəm. 1993-cü ildən Yeni Azərbaycan Partiyasının üzvüyəm. 2005-ci ildən isə Milli Məclisin üzvü seçilmişəm.


- Deputat seçiləndə hansı vəzifədə idiniz?


- O vaxt Qızılağac Dövlət Qoruğunun direktoru idim. Deputat seçildiyim ərazi mənim doğulduğum, işlədiyim yerdir. Bu ərazinin camaatı məni çox yaxşı tanıyır. Sizə deyim ki, işlədiyim bütün vəzifələrdə, o cümlədən Qızılağac Dövlət Qoruğunun direktoru olan vaxtda da insanlar fəaliyyətimdən razı olublar. Qoruğun rəhbəri olanda bir ovçunun belə tutulmasına razılıq verməmişəm. Çalışmışam ki, insanlar ancaq yüngül cərimələr, şərti cəzalarla cəzalandırılsın. Yəni deputatlığa namizəd olanda camaatın içinə çıxmağa üzüm olub, təbliğat zamanı heç kimə artıq məlumat verməyə ehtiyacım olmayıb.


- İndi beş ildir ki, millət vəkilisiniz. Necə işləyirsiniz?


- Deputat köməkçiləri mütəmadi olaraq hesabatlar verirlər. Mənim köməkçimin təqdim etdiyi hesabat hər zaman yüksək səviyyədə olub. İndiyədək mənə edilən müraciətlərin heç biri diqqətdən kənarda qalmayıb. Bəzən seçicilərimdən başqa şəxslər də mənə müraciətlər edirlər. Hər kəsin problemini dinləməyə, bacardığım köməyi etməyə çalışıram. Bu müraciətlərin bir hissəsini İnsan haqları komitəsinin üzvü kimi alıram. Ayda orta hesabla 40-45 müraciət olur. Bunların bir hissəsini təşəkkür məktubları təşkil edir. Demək olar ki, hər ay deputat seçildiyim əraziyə daxil olan bütün kəndlərdə oluram.


- Belə gərgin işləmək çətin deyil?


- Bizə elə gəlir ki, kəndlərdə insanların siyasi fəallığı aşağı səviyyədədir, ancaq belə deyil. Camaat hər şeylə maraqlanır. Ölkə başçısının kəndlə şəhər arasında ayrı-seçkilik qoymamasının mühüm əhəmiyyəti var. Bizdən qabaqkı deputatlardan tələb etdiyi məsələlər artıq bizim qarşımızda həll olunmamış iş kimi qalmayıb. İndi bütün sahələr üzrə dövlət proqramları var. Təsəvvür edin ki, Lənkəranın Gəgiran kəndinə SSRİ dövründə belə yol çəkilməmişdi. Ancaq bu gün orada yüksək səviyyəli yol var. O cümlədən Lerikə, Yardımlıya gözəl yollar çəkilib. Bu ucqar rayonlarda yeni məktəblər, xəstəxanalar tikilir. İnsanların bir saat da olsun işığı sönmür. Demək olar ki, Lənkəranın bütün kəndləri qazlaşdırılıb. Belə bir şəraitdə millət vəkilinə qonşu davalarını həll etmək kimi xırda məişət problemləri ilə məşğul olmaq qalır. Sadəcə, insanların xeyrində şərində onların yanında olmaq lazımdır.

-
- Milli Məclisin bütün iclaslarına qatılsanız da, çıxış etmirsiniz. Niyə danışmırsınız?


- - Adətən, sözümü komitə iclaslarında deməyə üstünlük verirəm. Parlamentin iclaslarında çıxış edənlər tələskənliyə yol verirlər. Mənim seçicilərim elə bir ciddi problemi olmayandan sonra, ölkədə hər iş sistemli, ardıcıllıqla görüləndən sonra mən çıxış edib nə deməliyəm? Bu gün Azərbaycanın bölgələrində elə şəhərlər inkişaf edib ki, heç Avropada onların analoqu yoxdur. Mən bütün dünyanı gəzirəm və açığı deyim ki, bu gün Avropada Qəbələ, Lənkəran kimi gözəl şəhərlərə çox az hallarda rast gəlmək olar. Avropanın tanınmış şəhərlərində olan şərait bu gün Qəbələdə, Lənkəranda və digər şəhərlərdə yaradılıb. İndi bir çox beynəlxalq əhəmiyyətli tədbirlər ölkənin bölgələrində keçirilir. Bu yaxınlarda İslam Konfransı Təşkilatının konfransında iştirak etmək üçün Afrikaya getmişdim. İnanın ki, Azərbaycanda olan şəraitlə, inkişafla oradakı vəziyyətin arasında yerlə göy qədər fərq var.


- Yeri gəlmişkən, Sizin iştirak etdiyiniz İslam Konfransı Təşkilatında Xocalı soyqırımı haqda qətnamə qəbul olundu. Bu qətnamədə ilk dəfə Xocalı faciəsi insanlığa qarşı cinayət kimi qiymətləndirildi. Təşkilatın növbəti konfransı harada keçiriləcək və onda da bu məsələ gündəlikdə olacaqmı?


- Bu konfransda köhnə dostlarımdan biri ilə rastlaşdım. Məlum oldu ki, Uqandadakı tədbirin təşkilatçılığına məsul olan şəxslərdən biridir. Mən ona Qarabağ münaqişəsi, Xocalı soyqırımı haqqında ətraflı məlumat verdim. Leyla Əliyevanın da Xocalı soyqırımı haqqında məruzəsi oldu. Konfransda Uqandanın prezidenti, baş naziri iştirak edirdi. Təsəvvür edin ki, doqquz ölkənin parlament sədrinin çıxışında Dağlıq Qarabağ məsələsinə toxunuldu. Nəticədə isə bildiyiniz kimi çox mühüm bir sənəd qəbul olundu. Tədbirdən sonra İslam Konfransı Təşkilatının növbəti konfransı haqda müzakirələr aparıldı. Müzakirələrdə mən də iştirak etdim. Növbəti konfrans 2012-ci ildə İordaniyada keçiriləcək, sədrliyi Türkiyə edəcək, aparıcı ölkə isə İran olacaq. Bu tədbirin keçirilməsinə katibliyi Azərbaycan edəcək. Biz həmin konfransa güclü hazırlaşmalı, Dağlıq Qarabağ haqqında həqiqətləri iştirakçı dövlətlərə çatdırmaq üçün materiallar hazırlamalıyıq.


- Milli Məclisin fəaliyyətini necə qiymətləndirirsiniz?


- Parlamentdə deputatlara elə bir şərait yaradılıb ki, adamın işləməkdən başqa yolu yoxdur. Mən oradakı şəraiti çox yüksək səviyyəli hesab edirəm.


- Siz həm də Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Hacı Allahşükür Paşazadənin qardaşısınız. Şeyxin qardaşı olmaq xeyrinizə işləyir, ziyanınıza?


- Şeyxin qardaşı olmaq hər şeydən əvvəl mənim üçün şərəfdir. O, artıq 31-ci ildir ki, Qafqazın şeyxidir. Şeyxin qardaşı olmaq mənim üzərimə böyük məsuliyyət qoyur. İstər istəməz adam bəzi şeylərdən çəkinir, yalan danışa bilmir, insanlara qarşı rəhmdil olur. Başqası mənim bir səhvimi görəndə bunu şeyxin qardaşı olduğum üçün etdiyimi düşünüb, daha artığını etməyə çalışa bilər. Bunun üçün hər addımı ölçüb-biçməli olursan. Ona görə də, şeyxin qardaşı olmağın çətin tərəfləri də var.


- Şeyxdən tez-tez məsləhət alırsınız?


- Hə, tez-tez belə şey olur. Biz ailədə doqquz bacının iki qardaşı olmuşuq. Ata-anamız olsa da, həmişə şeyxə böyük kimi baxmışıq. Şeyxin uşaqlığı olmayıb. O, kiçik yaşlarından bizə böyüklük, ağsaqqallıq edib. Onun məni istədiyi qədər, mən onu istəyə bilmirəm. O, məni daha çox istəyir. Əvvəldən mənim nazımla oynayıb, səhvlərimə təmkinlə yanaşıb.


- Bəs o doqquz bacı haradadır?


- Onların hamısı həyatdadır. Biz bacı-qardaş kimi tez-tez görüşür, söhbətləşirik. Onların bəziləri rayonda yaşayır.


- Azərbaycandakı dini durumu necə qiymətləndirirsiniz?


- Azərbaycan dini dövlət olmasa da, dindar dövlətdir. Burada dini duruma nəzarət etmək çətindir. Əhalinin əksəriyyəti müsəlman olsa da, insanların düşüncələri müxtəlifdir. Sovet dövründəki repressiyaların qurbanları arasında tanınmış din xadimləri olub. Bir növ yüksək bilikli dindarların aradan götürülməsi müəyyən problemlər yaradıb. Bu gün din sahəsində mükəmməl kadr yetişdirmək asan deyil. Mükəmməl din xadiminin yetişməsi böyük prosesdir. Bu gün Azərbaycanda ibadət ocaqları, məscidlər, ziyarətgahlar dövlət başçısının birbaşa qayğısı ilə təmir-bərpa olunur. Bunun böyük əhəmiyyəti var.


- Bəzən dini durum, xeyir-şər mərasimlərinin keçirilməsi və digər məsələlərlə bağlı müxtəlif yerlərdə, hətta Sizin oturduğunuz Milli Məclisdə Şeyxin ünvanına ittihamlar səslənir. Belə çıxışları eşidəndə nə düşünürsünüz?



- İttihamların biri kolbasaya halallıq verilməsi ilə bağlı olub. Deyiblər ki, bəyəm Roma Papası nəyəsə halallıq verir? Əvvəla bu adamlar düşünmür ki, Papanın işində halal-haram söhbəti yoxdur. Digər tərəfdən də Qafqaz Müsəlmanları İdarəsi lisenziya yox, məhz halallıq verir. Yəni bu malın tərkibinə haram qatılıb-qatılmadığını müəyyən edir. Qalan məsələlər isə lisenziya ilə həll edilir ki, onu da müvafiq qurumlar verirlər. Söhbət halallığa verilən rəydən gedir. Xeyir-şər mərasimlərinə gəlincə isə bu məsələdə cəmiyyətə təzyiq etmək, bir əmrlə problemi həll etmək mümkün deyil. Kimsə oğlunun toyunda masanın birini 120 manatdan sifariş edib, 300-500 qonaq çağırır. Elə danışanlar da belə adamlar olur. Belə bir şəraitdə gedib kimə deyə bilərsən ki, ölünə ehsan vermə.


- “Təzə pir” məscidi təmir-bərpa olunandan sonra burda xeyir-şər mərasimləri keçirmək üçün zallar tikilərək istifadəyə verilib. Burada xeyir-şər mərasimləri hansı şərtlərlə keçirilir? Səhv etmirəmsə, burada tikinti və təmir-bərpa işlərinə nəzarəti Siz həyata keçiribsiniz...


- Bilirsiniz ki, bu işlərin hamısı dövlət başçısının tapşırığı ilə görülüb. Mənim bu işlərə nəzarət etmək tapşırılıb, çalışmışam ki, göstərilən etimadı yüksək səviyyədə doğruldum. Şeyxlə müsəlman dövlətlərinə səfərə gedəndə böyük ibadət ocaqlarının ziyarəti zamanı onun hansı hisslər keçirdiyinin şahidi olmuşam. O, çox istəyirdi ki, Azərbaycanda da belə bir abidə olsun. Burada tikinti və təmir gedən vaxt prezident İlham Əliyev tez-tez, hətta gecə vaxtı gəlib işin gedişi ilə tanış olub, tapşırıqlarını verib. Burada böyük işlər görülüb. Təsəvvür edin ki, “Təzə pir” məscidinin günbəzi 24 karatlıq xalis qızıldandır. Bu çox böyük bir vəsaitdir. Onun işlənmə üsulunun dünyada analoqu yoxdur. Bu gün “Təzə pir”də bir dəfəyə üç min nəfərlik yemək hazırlamaq üçün mətbəx fəaliyyət göstərir. Hər biri 300 nəfərlik olmaqla, 6 zal var. Bu zalların təmizliyi ən yüksək səviyyədə təmin olunub. Artıq insanların küçələrdə çadır qurub yas mərasimi keçirməsinə ehtiyac qalmayıb. Açığı, indi bəzi müxalifətçilər üçün danışıq yeri qalmayıb, camaatın yasından istifadə edib öz fikirlərini səsləndirirdilər. Onlar ölkədə görülən işlərə qara yaxmaq üçün gedib kiminsə yasından istifadə edirdilər. Burada isə belə şeylərə imkan yoxdur.


- Burada yas mərasimlərinin qiyməti necədir? Belə demək mümkündürsə, masanın biri neçəyə olur?


- Əvvəlcə deyim ki, burada yığılan vəsait kommunal xərclərə, xidmətçilərin saxlanmasına və digər bu kimi məsələlərə sərf olunur. Qiymətə gəlincə, bu sifarişdən asılıdır. Adam var, ehsan çay süfrəsindən ibarət olur. Biz çalışırıq ki, insanlar çox israfçılıq etməsin. Bununla bağlı müəyyən məsləhətlər olur. Əgər orta hesabla götürsək, yas mərasimində adamın biri üçün 10 manat tələb olunur. İmkanı olmayan şəxslərə güzəştlər də edilir. Bəzən imkanı olmayan şəxsin məclisi yola verilir. Məclis sahibi sonra gəlib çəkilən xərci ödəyir. Bu xidmətə dünyasını dəyişən şəxsin evdən götürülməsi, yuyulub kəfənlənməsi, saxlama kameralarında yerləşdirilməsi və dəfn olunacaq yerə aparılması da daxildir. Dünyasını dəyişən insanların saxlanması üçün Almaniya istehsalı olan soyuducu kameralar alınıb.


- Bəs xeyir mərasimləri necə təşkil olunur?


- Burada dini nikahların bağlanması üçün xüsusi zallar fəaliyyət göstərir. Nikah mərasimləri hər iki tərəfin, valideynlərin, şahidlərin, dost-tanışların iştirakı ilə keçirilir. Mərasimlərə gələn şəxslərə şirniyyat, çay və qəhvə təklif edilir. Nikah mərasimlərində gözəl bəzədilmiş zalda həzin musiqi də verilir. O gün burada zalların birində yas mərasimi, birində isə nikah mərasimi keçirilirdi. Nikaha daxil olan şəxslərə Quran hədiyyə olunur. Dini nikah bağlanarkən dövlət nikahı da tələb olunur.


- Bu il keçiriləcək parlament seçkisinə qatılacaqsınızmı?


- Bu məsələ üzvü olduğum partiyadan, onun rəhbərliyindən asılıdır. Əgər məsləhət olacaqsa əlbəttə ki, seçkidə iştirak edəcəyəm.


- Övladlarınız nə iş görür?

- İki oğlum, bir qızım və nəvələrim var. Oğlumun biri polisdir, pasport-qeydiyyat sahəsində işləyir. Qızım müəllimədir. İkinci oğlum isə İstanbulda işləyir. Hər üç övladım yüksək təhsil və tərbiyə alıblar. Onlardan razıyam.


- Bəzən adamın vəzifəsinə, sürdüyü maşına, yaşadığı evə baxıb ona “bəxtəvərdir” deyilər. Ancaq əksinə belə adamların hamısının xoşbəxt olduğunu söyləmək çətindir. Bu mənada, Sizə baxanda necə fikirləşmək daha düzgün olardı?


- Mənə xoşbəxt insan demək olar. İnsanlara xidmət edə bilirəm. Deputat kimi şərəfli ad daşıyıram. Ailəsiz, yaşadığın mühitsiz xoşbəxt olmaq mümkün deyil. Bu mənada vəziyyət yaxşıdır. Hər şeydən qabaq isə şeyxin qardaşı olduğuma görə özümü xoşbəxt hesab edirəm. Çünki Cavanşir çox ola bilər, ancaq şeyxin qardaşı Cavanşir bir nəfərdir...
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 872

Oxşar yazılar