Puerto-Riko: bu referendum o referenduma bənzəmir... - MODEL
24 avqust 2010 17:51 (UTC +04:00)

Puerto-Riko: bu referendum o referenduma bənzəmir... - MODEL

Rəsmi İrəvan Kosovonun müstəqillik qazanmasına məhz bu aspektdən yanaşmışdı. Ermənistan hakimiyyəti bir ara Dağlıq Qarabağ üçün “Kosovoya olar, bizə niyə olmasın” sualını gündəmə çıxarmağa çalışmışdı. Ancaq Ermənistan hakimiyyəti ilk kəskin cavabı elə Qərbdən aldı. Qərb rəsmiləri və diplomatları Kosovo ilə Dağlıq Qarabağı səhv salmamağı məsləhət bildilər və rəsmi İrəvanın bu mövzuya marağı azaldı.

Ermənistanın siyasi və ekspert dairələri indi də diqqəti uzaq Puerto-Rikoya yönəldiblər. Çünki bu bölgə növbəti referendumuna hazırlaşır.

Karib dənizində yerləşən və ABŞ-a bağlı 4 milyonluq Puerto-Riko Amerikanın tamhüquqlu ştatı sayılmasa da, müstəqil dövlət də deyil. Puerto-Riko ABŞ-a birləşən azad assosiasiyalı dövlət sayılır. Ada sakinləri ABŞ ordusunda xidmət edir, prezident və Konqresə keçirilən seçkilərdə iştirak etmir, bir çox vergilərdən azaddırlar. Buna baxmayaraq, ada ABŞ Konqresi və federal qanunlarına tabedir. Puerto-Rikolular ABŞ vətəndaşlığına malikdirlər. Puerto-Rikonun öz Konstitusiyası, müstəqil qanunverici, icraedici və məhkəmə sistemi var. Xarici siyasət və müdafiə məsələləri isə ABŞ-a tabedir.

Adada iki dəfə - 1993 və 1998-ci illərdə referendum keçirilib. Hər iki səsvermədə ada sakinləri ABŞ-ın tərkibində qalmağa üstünlük veriblər. Ancaq status məsələsi ara-sıra gündəmə gəldiyindən Vaşinqton hər dəfə mövzuya diqqət yetirmək məcburiyyətində qalır. Bunun nəticəsidir ki, ABŞ-ın keçmiş prezidenti Bill Klintonun təlimatı ilə 2000-ci ildə Puerto-Rikonun gələcək statusunu müəyyənləşdirəcək xüsusi komissiya təsis edilmişdi. Doğrudur, Corc Buşun prezidentliyi dövrdə komissiyanın fəaliyyəti nəzərə çarpmadı, ancaq Barak Obama Ağ evə yiyələndikdən sonra komissiyanın fəaliyyəti yenidən bərpa edildi. Komissiyaya ABŞ ədliyyə nazirinin müavini Ton Perelli və Ağ evin nazirliklər arası əlaqələr üzrə direktoru Sesiliya Munyos başçılıq edirlər.

Hazırda ABŞ Konqresində Puerto-Rikonun gələcək statusu ilə bağlı qanun layihəsi üzərində iş gedir. Qanun layihəsində adada iki referendumun keçirilməsi nəzərdə tutulub. Birinci referendumda ada sakinlərinə indiki statusu dəyişib dəyişməmək sualı veriləcək. İkinci referendumda isə sakinlər bülletendəki 4 cavabdan birini seçməlidirlər: “Puerto-Riko ABŞ-ın ştatına çevrilməlidir”, “ABŞ-ın tərəfdaşı olaraq suverenlik qazanmalıdır”, “indiki statusunu qorumalıdır” və ya “müstəqil dövlət olmalıdır”.

“Nədən ABŞ Puerto-Rikoya hər dəfə referendum keçirməyə şərait yaradır” sualına cavab vermək üçün adanın keçdiyi tarixi yola diqqət yetirmək lazım gəlir.

Puerto-Riko əsrlər boyu İspaniyanın müstəmləkəsi olub. İspaniya kralının 1815-ci ildə verdiyi fərmana görə, ispanların və İspaniya kralına loyal yanaşan avropalıların adaya köçməsi təqdir edilib. Adaya İspaniyadan başqa Almaniya, Fransa, Portuqaliya, İrlandiya və Kanar adalarından köçənlər olub. Bu köç qısa müddətdə adanın inkişafına yol açaraq şəkər çuğunduru, tütün və kofeni Puerto-Rikonun əsas ixrac məhsullarına çevirib.

XIX əsrin ortalarında Puerto-Rikonun muxtariyyəti uğrunda hərəkat güclənib. 1860-cı ildə adada artıq 600 minə yaxın insan yaşayırdı. Adada kənd təsərrüfatının inkişaf etməsinə baxmayaraq, ağır əmək şərtləri, yolların olmaması və təbii fəlakətlər xeyli problem yaradırdı. Buna əlavə olaraq İspaniya kral ailəsinin tətbiq etdiyi yüksək tarif və vergilər adada böhranı daha da dərinləşdirirdi. Bunun nəticəsində 1868-ci ildə Puerto-Rikonun Lapes şəhərində müstəqillik uğrunda hərəkat başlayır. İspaniya krallığı həmin il qiyamı yatırtsa da, sonrakı dövrdə vəziyyət tədricən Madridin nəzarətindən çıxır. 1898-ci ildə adada qısa müddətə muxtariyyət elan edilir. İspaniya ilə müharibə aparan ABŞ qoşunları eyni ildə Puerto-Rikonu ələ keçirirlər. Nəticədə İspaniya 1898-ci il Paris anlaşmasına görə, Puerto-Riko, Kuba, Filippin və Quam adalarından imtina edir.

ABŞ XX əsrin əvvəllərində adaya qubernator təyin edir, 1917-ci ildə isə ada sakinlərinə Amerika vətəndaşlığı verilir. Puerto-Riko sakinləri ABŞ vətəndaşları kimi Birinci Dünya Müharibəsində iştirak edirlər. 1930-cu illərdə ABŞ-da baş qaldıran ağır iqtisadi böhran Puerto-Rikonu da vurur. Bu illərdə Puerto-Rikoda müstəqillik hərəkatı yenidən baş qaldırır. ABŞ adanın müstəqillik tərəfdarı olan Puerto-Riko Millətçi Partiyasının lideri Pedro Kamposu iki dəfə həbsə atır. Adada təyinatla deyil, ilk dəfə demokratik seçki nəticəsində iş başına gələn qubernator Luis Munyos Marin də ilk vaxtlar müstəqilliyə tərəfdar çıxır, ancaq iqtisadiyyatın getdikcə tənəzzülə uğradığını görüncə, bu fikrindən vaz keçir və ABŞ-a bitişik azad assosiasiyalı ərazi statusuna üstünlük verir. O, bunu adanın gələcək müstəqillik yolunda aralıq statusu kimi dəyərləndirirdi.

ABŞ-da Ruzvelt və Trumenin prezidentliyi illərində Vaşinqton Puerto-Rikonun idarə edilməsi ilə bağlı yerli qüvvələrlə kompromis axtarışına baş vurur. Ən əsası odur ki, Vaşinqton daha adaya qubernator təyin etmir, onu ada sakinləri özləri seçirlər. 1948-ci ildə qubernator seçilən Luis Munyos Marin 16 il, yəni 1964-cü ilə qədər bu vəzifədə qalır. Buna baxmayaraq, adada separatizm meylləri də müşahidə olunur. 1 noyabr 1950-ci ildə iki puerto-rikolu separatçılar hətta prezident Harri Trumenə qarşı uğursuz sui-qəsd planlaşdırırlar. Trumen bu hadisədən iki il sonra adada Konstitusiyanın qəbuluna yol açan referendumun keçirilməsinə icazə verir. Ada indiki statusunu da elə həmin ildə əldə edir. Puerto-Riko aqrar ölkədən sənaye ölkəsinə çevrilir. Bu gün adada turizm sahəsi də geniş inkişaf edib, bu isə büdcənin zənginləşməsinə şərait yaradıb.

Buna baxmayaraq, XX əsrin ortaları puerto-rikoluların ABŞ-a köçü ilə də yadda qalıb. Əgər 1945-ci ildə ABŞ-a 13 min puerto-rikolu köçmüşdüsə, 1955-ci ildə bu rəqəm 700 minə, 5 il sonra isə 1 milyon çatmışdı. Puerto-Rikolular əsasən Nyu-Yorkda yaşayırlar.

Beləliklə, Vaşinqton Puerto-Rikoya yenidən seçim imkanı yaradır. Ada sakinləri iki dəfə bu hüquqdan istifadə edərək, “ABŞ-la davam” cavabına üstünlük veriblər. Çünki, bu iqtisadi baxımdan onlar üçün daha sərfəlidir. Elə müdafiə məsələlərinin ABŞ-ın tabeliyində olması da Puerto-Rikoya sərf edir. Yoxsa özü buna həm xeyli maliyyə, həm də insan resursu ayırmaq məcburiyyətində qalar. Ancaq hətta ada gələcəkdə müstəqilliyə səs versə belə, bu ABŞ üçün böyük itki sayılmayacaq.

Erməni separatçıları Puerto-Riko kimi misalları əllərində rəhbər tutaraq eyni seçimin onlara da verilməsini tələb edirlər. Doğrudur, ABŞ Puerto-Rikoya iki dəfə referendum keçirməyə imkan verib, indi üçüncüsünə hazırlaşır. Ancaq məsələ burasındadır ki, bu səsverməyə gəlib çıxana qədər ada ABŞ-la birgə uzun bir məsafə qət edib, mərkəzin siyasi və iqtisadi imkanlarından yararlanıb. Və məhz bunun nəticəsidir ki, hər iki referendumda ada sakinləri müstəqilliyə “yox” deyiblər. Puerto-Riko bir növ mərhələli həll planının süzgəcindən keçib. Yəni adada uzun müddətli aralıq statusu yaşandıqdan sonra referenduma gəlib çıxıblar. Erməni separatçıları isə keçid müddətini yaşamadan, onun gələcək nəticələrini, bəhrələrini hesablamadan, indidən Dağlıq Qarabağda referendum tarixinin müəyyənləşdirilməsini istəyirlər. Elə bu səbəbdən Dağlıq Qarabağda ermənilərin tələb etdiyi referendum Puerto-Rikodakı gələcək referenduma bənzəmir. Təsadüfi deyil ki, Minsk Qrupunun hazırladığı planda da əvvəlcə aralıq statusu haqqında maddə gəlir, sonra hansısa qeyri-müəyyən müddətdə referendumun keçirilməsi irəli sürülür. Aralıq statusla referendum arasındakı məsafə on illərlə uzana da, əbədi qala da bilər. Bu məsafəni Şuşa, Laçın, Kəlbəcər də daxil olmaqla Azərbaycanın işğal altındakı torpaqları geri qaytarıldıqdan, qaçqınlar evlərinə döndükdən, Ermənistanla Azərbaycan və Türkiyə arasında kommunikasiya xətləri açıldıqdan, bölgədə Ermənistanın da qatıldığı ortaq layihələr gerçəkləşməyə başladıqdan sonra müəyyənləşdirmək olar.

“Atlas” Araşdırmalar Mərkəzi
# 759

Oxşar yazılar