“bp hətta Qərbin və ABŞ-ın maraqlarını kənara atıb...” - MÜSAHİBƏ
16 oktyabr 2012 15:21 (UTC +04:00)

“bp hətta Qərbin və ABŞ-ın maraqlarını kənara atıb...” - MÜSAHİBƏ



- Prezident İlham Əliyev bp şirkətini tənqid etdikdən sonra “bp-Azərbaycan” şirkətinin vitse-prezidentinin dəyişdirilməsi xəbəri yayıldı. Bu o deməkdirmi ki, bp tənqiddən nəticə çıxarmağa başlayıb?

- Əslində buna bp-nin iz azdırması demək daha düzgün olar. Prezidentin çıxışından sonra “bp-Azərbaycan” şirkətində hələ ki, heç bir dəyişiklik olmayıb. Haqqında danışılan vitse-prezident Kemp Kouplend 6 ay öncə təqaüdə göndərilib və onun son olaylarla heç bir əlaqəsi yoxdur. Çünki təqaüdə göndərilən şəxs quruda ixrac-boru kəmərləri üzrə vitse-prezident idi. Dövlət başçısının bp ilə bağlı tənqidi isə ixrac-boru kəmərləri ilə deyil, hasilatla bağlı idi. Yəni “bp-Azərbaycan” şirkətindən neft hasilatıyla bağlı vitse-prezidenti məcburi şəkildə təqaüdə göndərilsəydi, onda demək olardı ki, bu şirkət tənqiddən nəticə çıxarmağa başlayıb. Belədə isə bp hələ özünə arxayın görünür. Təsadüfi deyil ki, prezidentin çıxışından bir gün sonra bp-nin mətbuat xidmətindən belə bir açıqlama yayıldı ki, şirkət Azərbaycan qarşısında öhdəliklərinə sadiqdir.

- Həqiqətən belədirmi?

- Düşünmürəm. Məncə, bp Azərbaycanda neftdən qazandığını qazanıb, indi də keçib daha rentabelli olan qaz hasilatına. Neft kontraktında gəlirdən pay bölgüsü Azərbaycanın xeyrinə dəyişdikdən sonra bp şirkətinin bu sahəyə marağı azalıb. bp tükənməkdə olan neft yataqlarına əlavə investisiya cəlb etməkdə maraqlı deyil. Onlar Azərbaycanda daha az investisiya ilə daha çox gəlir əldə etməkdə maraqlıdır, bu hasilat da indi təbii qaz sahəsində mövcuddur. Sadəcə, son olaydan sonra maraqlı bir sual yaranır: Azərbaycanda neft hasilatının azaldığını görən və bu sahəyə marağı azalan bp-nin bir gün qaz hasilatında da geriləmələr müşahidə edildikdə bu sahəyə də marağı azalmayacaq ki?

- bp Azərbaycanda neft hasilatının azaldığını etiraf edirmi?

- Prezident İlham Əliyevin çıxışından sonra “bp-Azərbaycan” şirkətinin 2011-ci il üçün dərc etdiyi hesabatı bir daha vərəqlədim. Neft hasilatının azaldığına dair heç bir qeydə rast gəlmədim. Əksinə, həmin hesabatda “bp-Azərbaycan” şirkətinin prezidenti Rəşid Cavanşir vurğulayır ki, 1997-ci ildən bu yana Azəri-Çıraq-Günəşli neft yatağından ümumilikdə 1.9 milyard barel neft çıxarılıb. Yəni Rəşid Cavanşir son illərə toxunmadan 14 ilin yekun rəqəmini göstərir. Əslində bu da iz azdırmaqdır, çünki 1.9 rəqəmi neft hasilatında son illərdə ümumi tendensiyanın nədən ibarət olduğunu aydınlaşdırmağa imkan vermir. Göründüyü kimi, bp bəyan etdiyi qədər şəffaf şirkət deyil. Ümumiyyətlə. indi aydın olur ki, bp nədən bir neçə il öncə Azərbaycandakı şirkətinə yerli vətəndaşı prezident gətirib.

- Niyə belə olub?

- bp yerli şirkətindəki rəhbər vəzifələrə tədricən azərbaycanlıları təyin etməklə belə bir görüntü yaradırdı ki, sanki həm təcrübələri ilə bölüşürlər, həm də Azərbaycan vətəndaşlarının da gəlirdən pay almasında maraqlıdırlar. Əslində isə gözdən pərdə asmaq üçün yerli şirkətinə Azərbaycan vətəndaşı rəhbər təyin edib. Azərbaycanda fəaliyyətə başladığı 1990-cı illərin əvvəllərindən “bp-Azərbaycan” şirkətinə ingilislər başçılıq ediblər. Bu o illər idi ki, qazma işləri gedir və neftdən gəlir əldə edilməyə başlanılırdı. Ancaq elə ki ingilislər Azərbaycanda neft hasilatının azalacağı illəri müəyyənləşdirdilər, o zaman şirkətin başına Azərbaycan vətəndaşını gətirdilər. Və indi də neft hasilatının azalmasına görə cavab verməli olan şəxs yerli şirkətin prezidenti kimi Rəşid Cavanşirdir.

- bp-nin tarixində çalışdığı ölkələrlə konfliktləri olubmu?

- bp ötən əsrin əvvəllərində İranda formalaşan şirkətdir. Vaxtilə öz xeyrinə, İrana isə ağır şərtlərlə müqavilə imzalatdırmışdı. Maraqlıdır ki, indi bizdəkinə bənzər mübahisə bp ilə Tehran arasında da yaranmışdı. İran şahı 1928-ci ildə bp-dən daha çox gəlir tələb edir. Sən demə, şirkət qazancının böyük hissəsini İran şahından gizlədirmiş. bp əvvəlcə müqavimət göstərir, sonra isə şahın tələbiylə razılaşır. Ancaq bundan sonra da bp ilə Tehran arasında münasibətlər normallaşmır. İranın keçmiş baş naziri Məhəmməd Müsəddiq 1950-ci illərin əvvəllərində neft yataqlarını milliləşdirir. Nəticədə İranla bp-nin sahibi olan Böyük Britaniya arasında diplomatik münasibətləri kəsilir. Və bu, iranlı nazirə baha başa gəlir. 1953-cü ildə xarici qüvvələr Məhəmməd Müsəddiqi devirirlər. bp sıradan bir şirkət deyil. Bu şirkətdə siyasi analiz və siyasi planlaşdırmayla məşğul olun xüsusi şöbələr və peşəkar işçilər var. Buna baxmayaraq, əgər qısa zaman kəsiyində Azərbaycanı 8.1 milyard dollardan məhrum edibsə, gələcəkdə də bu tendensiya davam edəcəksə, bu şirkətə sərt üzümüzü göstərməyi bacarmalıyıq.

- Yeri gəlmişkən, Meksika körfəzində də bir insident yaşanıb...

- bp-nin günahı ucbatından Meksika körfəzində böyük ekoloji fəlakət yaranıb. ABŞ bu şirkətdən kompensasiya tələb edib. Bu məsələdə bp dünyanın süpergücü ilə üz-üzədir və heç nəyi gizlədə bilmir. Ona görə də şirkət on milyardlarla dollar kompensasiyanı ödəmək məcburiyyətindədir.

Sizə maraqlı faktlar sadalaya bilərəm. 1965-ci ildə bp-nin Şimal dənizindəki buruğu batıb, onlarla işçi həlak olub. 1980-ci ildə isə bp toksik maddələri dənizdə batırmağa çalışsa da, məsələdən xəbərdar olan Almaniya bunun qarşısını alır. “Vikiliks” sənədlərinə inansaq, bp Azərbaycanda da ekoloji fəlakətin izlərini gizlətməyə çalışıb.

Meksika körfəzindəki fəlakətdən 18 ay əvvəl oxşar hadisə Xəzərdə baş verib. Böyük Britaniyanın məşhur “Qardian” qəzetində yayınlanan məqaləyə görə, Xəzərdəki yataqda qaz fışqırması baş verib. Qəzanın miqyası çox böyük idi və şirkətin bəxtindən qaz od tutmayıb və 212 adamın hamısı evakuasiya olunub. Nəticədə iki qaz quyusu qapanıb, hasilat gündə 500 min barrelə qədər azalıb. İstehsalda bir neçə ay davam etmiş fasilə yaranıb. Nəticədə Azərbaycana gündəlik 40-50 milyon dollar ziyan dəyib. Əgər bp şəffaf şirkət olsaydı, bu haqda Azərbaycan ictimaiyyətini məlumatlandırardı.

- Demək, Azərbaycanla bp arasında yaranan problemlər təxminən 2009-cu ildən başlayır?

- Bəli, məhz o tarixdən başlayır ki, həmin vaxtdan neft kontraktında Azərbaycanın gəlir payı artıb. Prezident çıxışında da bunu açıq bildirib. ABŞ-ın o zamankı səfiri Enn Dersinin yazışmalarından da görünür ki, rəsmi Bakı bp-nin son illərdəki fəaliyyətindən ciddi narazı imiş. Hətta “Vikiliks” sənədlərində prezidentin bp-nin Azərbaycan neftini oğurlaması barədə bölüşdüyü mülahizələr də yer alıb. Yayılan sənədlərdən bəlli olur ki, bp-nin həmin illərdəki siyasəti Azərbaycanın dost Gürcüstana yardım imkanlarını da təhlükə altına qoyub. Halbuki, 2008-ci ildə Rusiya ilə savaşdan çıxan Gürcüstanın Azərbaycanın enerji yardımına çox ehtiyacı var idi. Azərbaycanın Gürcüstana bu dəstəyində Qərb və ABŞ da maraqlı idi. Bütün çətinliklərə rəğmən, Azərbaycan o illərdə Gürcüstanı köməksiz qoymadı. Ancaq belə çıxır ki, bp hətta Qərbin və ABŞ-ın maraqlarını kənara ataraq, Azərbaycanın Gürcüstana yardımını sabotaj etməklə də məşğul olub. Bunda isə artıq Rusiya izi görməmək mümkün deyil.

- Yəni, bp Rusiyanın maraqlarını nəzərə alıb?

- Məlumdur ki, 2008-ci ildəki savaşdan sonra Kreml Gürcüstana edilən istənilən xarici yardımı qəzəblə qarşılayırdı. bp isə dolayısı ilə bu məsələdə sanki Kremlin istəklərinə uyğun hərəkət edib. bp Azərbaycandakı çalışmalarının miqyasını azaltmaqla dolayısıyla Gürcüstanın enerji təminatında əngəllər yaratmağa çalışıb. Bu həm də o illər idi ki, bp-nin Rusiyanın nəhəng yataqlarında gözü var idi.

- Qayıdaq bu günə. Prezident çıxışında BP-yə bir ay vaxt verildiyini, ancaq bu bir ayda heç bir nəticə çıxarılmadığını dilə gətirdi. Hadisələrin gələcək inkişafını necə proqnozlaşdırırsınız?

- bp dövlət içində dövlətdir, büdcəsi bir çox ölkələrin büdcəsindən böyükdür. bp Azərbaycan büdcəsinin də əsas vergi ödəyicisidir. Onunla “Barmek” kimi davranmağın mümkün olmadığı aydındır. Amma şirkət Azərbaycandakı çalışmalarına göz gəzdirməsə, bu şirkətə aydın siqnallar göndərilməlidir ki, onun başqa Qərb şirkəti ilə əvəz olunması mümkünsüz deyil. Onsuz da bp ağır günlərini yaşayır. Meksika körfəzindəki ağır durum, Rusiya hökuməti ilə yaşadığı hazırkı fikir ixtilafları, bir tərəfdən də Azərbaycanla problemlərini dərinləşdirərsə, şirkət çıxılmaz duruma düşə bilər. Əlbəttə, bunun Azərbaycan üçün də iqtisadi, hətta siyasi riskləri var, ancaq hər il, hər ay, hər gün böyük pul gəlirlərindən məhrum olmaqdansa, bp ilə davranış qaydalarını sərtləşdirməkdən başqa alternativimiz qalmır. 1992-ci ildə bp çökürdü, səhmləri dəyərdən düşür, borcları artırdı. Məhz 1994-cü ildə Azərbaycanla imzaladığı neft kontraktı və Xəzərdəki yataqlarda neft hasilatına başlanılması bp-ni özünə gəlməyə və yenidən dirçəlməyə imkan verdi. bp-nin ən böyük yataqları da Xəzərdə yerləşir. Odur ki, şirkət rəhbərliyi gərək bunu unutmasın. Onu da deyim ki, bp ilə bağlı son olayların bizim üçün də nəticə çıxarılmalı tərəfləri var. Bu isə neft və qaz satışı asılılığından qurtulmağın mütləqliyi ilə bağlıdır. Bunun üçün isə iqtisadi islahatları dərinləşdirmək vacibdir. Əks halda, neft şirkətlərindən asılılıq Azərbaycan iqtisadiyyatına mənfi təsirlərini davam etdirəcək.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2536

Oxşar yazılar