Vəfa Quluzadə: “Ramil Səfərov cinayətkar olmayıb”-MÜSAHİBƏ
02 sentyabr 2012 12:40 (UTC +04:00)

Vəfa Quluzadə: “Ramil Səfərov cinayətkar olmayıb”-MÜSAHİBƏ

Politoloq Vəfa Quluzadənin müsahibəsi

- Vəfa müəllim, Ramil Səfərovun ekstradisiyasından dərhal sonra prezident tərəfindən əfv edilməsini necə dəyərləndirirsiniz?

- Ramil Səfərov cinayətkar deyil, heç vaxt da cinayətkar olmayıb. O, olduqca düzgün, savadlı, əxlaqlı insan olduğuna görə NATO məktəbinə götürülüb. Ancaq o məktəbdə onunla bərabər Ermənistandan olan başqa bir zabit də təhsil alıb. Mən bu prosesi daim izləmişəm. Erməni zabitinin ona vaxtaşırı sataşması hallarına Ramil bir müddət dözüb. Amma gecənin birində gözünün qabağına ermənilərin azərbaycanlılara tutduğu divanlar, Xocalı soyqırımı, başqa ədalətsizliklər, rusların köməyi ilə torpaqlarımızın işğalı gəldiyi üçün Ramil Səfərov tamamilə affekt vəziyyətinə düşüb və erməniyə əl qaldırıb. Affekt vəziyyətində olan adamlara Çar Rusiyasında bəraət verirdilər. Bu mənada prezidentin Ramil Səfərovu dərhal əfv etməsini tamamilə dəstəkləyirəm. Prezident çox gözəl, ədalətli, haqlı addım atıb. Ekstradisiya da ona görə mümkün olub ki, macar həbsxanasındakı 6 il ərzində onun çox ləyaqətli şəxs olduğunu görüblər. Ekstradisiyadan sonra da prezidentin əfv fərmanı verməsi çox doğru işdir. Sözsüz ki, onun ekstradisiyasına nail olmaq üçün bizim rəhbərlik xeyli səy göstərib, bu, asan məsələ deyildi. Ona görə də mən bu uğurlu işi ürəkdən dəstəkləyirəm.

- Amma Ermənistan tərəfi çox ciddi hay-küyə başlayıb. Baxmayaraq ki, hələ avqustun 20-dən ekstradisiya barədə məlumatlı olduğunu iddia edir.

- Ermənilər dəli deyillər. Onlar Macarıstanda baş verən bu hadisənin səbəblərini çox gözəl bilirlər. Hay-küy salsalar da, bu məsələni geri döndərmək imkanları yoxdur. Hesab edirəm ki, Qarabağ məsələsində də Ermənistanda ağlı başında olan insanların sayı gün-gündən artır və artacaq.

- Bəs, İrəvanın ATƏT-ə şikayət etməsi prosesin geri dönməsinə, Azərbaycanın ziyanına işləməsinə səbəb ola bilərmi?

- Xeyr. ATƏT burada heç nə edəsi deyil. Nə baş veribsə, sənədlər, ciddi hüquqşünasların rəyləri əsasında baş verib və geridə qalıb. Ona görə də bu, geridönməz məsələdir. İrəvanın hay-küyünün səbəbi var. Onlar vaxtilə ölkədə geniş təbliğat aparıblar ki, baxın, görün azərbaycanlılar nə qədər qəddardırlar ki, məktəbdə Qurgeni vurub öldürüblər. İndi də ölkədəki başıpozuq adamların ağzına sümük atmaq üçün deyirlər ki, biz ATƏT-ə şikayət edəcəyik. ATƏT-ə, BMT-yə şikayət edən bizik, təcavüzə məruz qaldığımıza, torpaqlarımızın işğalına görə. Ədalət də ən sonda gəlib öz yerini tapır. Ona görə də bizim torpaqlar da Ramil Səfərov kimi azad olacaq.

- Yəni Azərbaycan hər hansı beynəlxalq təzyiq və ya sanksiya ilə üzləşməyəcək?

- Xeyr, bu, mümkün deyil.

- Ağ Evin də reaksiyası gəlib, Azərbaycan hökumətinin addımından təəssüfünü bildirib və Macarıstandan izahat tələb edib. Eyni zamanda Barak Obama Ramil Səfərovun əfvindən “dərin narahatçılığını” bildirib.

- Bu, təbiidir. Ağ Ev bu məsələ barədə susa bilməzdi, bunu deməli idi. Çünki seçkiqabağı Ağ Ev rəhbərinin xeyli seçicisi var. Obama ona görə narahatçılığını bildirib ki, Rusiya bu faktdan idarə etdiyi ermənilərin əli ilə Azərbaycanın əleyhinə istifadə edəcək. Ona görə də haqlı olaraq narahatçılığını bildirib.

- Necə bilirsiniz, bu məsələ Bakı ilə Vaşinqton arasında müzakirə mövzusu olubmu, yoxsa razılaşdırılmayıb?

- Belə xırda məsələləri Azərbaycan və Amerika hökumətləri heç vaxt müzakirə etməməlidir. Müzakirəsi tələb olunan daha böyük məsələlər var.

- Macarıstan hökumətinin açıqlamasında isə bildirilir ki, Azərbaycanın Ədliyyə Nazirliyi Bakıya gətiriləcək Ramil Səfərovun əfv olunmayacağını və dərhal həbs cəzasını çəkməyə başlayacağını vəd edibmiş...

- Macarıstan hökuməti çox gözəl bilirdi ki, Ramil ekstradisiya olunandan sonra əfv ediləcək. Çünki dediyim ki, Ramil Səfərovun cinayəti yoxdur. Ramilə ömürlük cəza təzyiqlər nəticəsində verilmişdi. Məhkəmə Azərbaycanın 20 faiz torpağını, 1 milyon qaçqınını, Xocalı soyqırımını, Azərbaycanın böyük bir hissəsinin rusların əli ilə parçalanmasını, Ermənistana calaşdırılmasını nəzərə almalı idilər. Bunların heç birisini nəzərə almayıblar. Macarlar özləri ruslardan nə qədər əzab çəkiblər. 1958-ci ildə ruslar gedib Budapeştdə qırğın törətmədilərmi? Bunun hamısını bilsələr də, macar hakimlər təzyiq nəticəsində Ramilə ömürlük cəza verdilər. Ona görə də məhkəmə qərarı formal qərar idi. Mahiyyətə varanda görüblər ki, bu zabit böyük ədalətsizliklərə məruz qalmış xalqın nümayəndəsidir.

- Ermənistan Macarıstanla diplomatik əlaqələrini kəsdiyini bəyan edib. Bu münasibətlər hara qədər kəskinləşə bilər?

- Macarıstan Ermənistandan qorxmur. Ermənistan Rusiyanın balaca bir ayaqaltısı, koloniyasıdır.

- Ölkə prezidentinin bu qərarı məhz indi, Qarabağ danışıqlarının dayandığı bir ərəfədə verməsi maraqlı oldu. Bunun pərdəarxası barədə nə demək olar?

- Burda pərdəarxası-zad yoxdur. Bu məsələni heç bir məsələ ilə əlaqələndirmək mümkün deyil. Qarabağ danışıqları daha 18 il davam etdirilsəydi, belə çıxır ki, Ramil o vaxtadək həbsdə yatmalı idi?

- Bəzi ekspertlər münasibətlərin gərginləşəcəyi və hətta müharibənin başlayacağı barədə proqnoz veriblər...

- Ermənilər qurbanlıq qoyundur. Bu mənada nə vaxt Rusiya o qurbanlıq qoyunu təpiklə qabağa itələyəcək, o zaman müharibə başlaya bilər. Ruslar erməni adı altında Azərbaycanın 20 faizini işğal ediblərsə, dostluq adı ilə Ermənistanın 100 faiz torpağını işğal ediblər. Əgər Rusiya bilsə ki, ona NATO tərəfindən cavab zərbəsi endirməyəcək, Qarabağda müharibəni başlaya bilər. Rusiya bilməlidir ki, Türkiyə bu məsələyə dözməyəcək, Azərbaycana dəstək verəcək. Rusiyanı saxlayan bu faktdır.

- Amma bu məsələnin beynəlxalq qalmaqala çevrilmək təhlükəsi var...

- Çevrilməyəcək. Ramil Azərbaycan təcridxanasına təhvil verilib, prezident də onu əfv edib. Düzdür, həmişə xırda məsələni siyasi məsələni qaldırıb göylərə qaldırırlar. Mən inanmıram ki, Rusiya - mən Ermənistan demirəm, çünki o, dünyanın bir hissəsidir - Ramil Səfərov məsələsini dünyada böyük problemə çevirəcəklər. Bir az danışacaqlar, məsələ bitəcək. Biz özümüz də bu məsələdə təmkinli olmalıyıq. Baş verən hadisə xoşa gələn deyil. Məsələn, Azərbaycanın düşünən adamları Ramil Səfərovun bu addımına heç də şad olmadılar ki, gedib o məktəbdə ermənini vurdu. Onun mənası yox idi. Amma başa düşmək olar ki, onun əsəbləri dözmədi. Ona görə də heç kəs Ramili qəhrəman etmək istəmir, onun ətrafında çox geniş müzakirələr açmağa da dəyməz. İnsandır, nahaq yerə yatmaqdansa, gəlib ailəsinə qovuşub. Hesab edirəm ki, bizim ölkədə bununla bağlı təbliğat olmamalıdır və buna son qoyulmalıdır. Ona görə yox ki, ermənilər bundan istifadə edə bilər. Biz özümüz idraklı, dərrakəli insanıq. Ermənini nəzərə almadan gərək ağıllı hərəkət edək. Qəhrəmanlıq üvertürasını çalmağın yeri deyil. Ümid edirəm ki, ermənilərin bu hay-küyü ötüb-keçəcək.

Yeni Müsavat
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4605

Oxşar yazılar