Şəhid Nurəhməd Ulubəyov
27 avqust 2021 20:15 (UTC +04:00)

Şəhid Nurəhməd Ulubəyov

“Qardaşıma demişdim ki, onun tabutunu açmasanız, sizi bağışlamaram” - ŞƏHİD ƏMANƏTİ

Lent.az-ın və Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin birgə layihəsi olan “Şəhid əmanəti” layihəsi çərçivəsində Azərbaycanın azadlığı və müstəqilliyi, torpaqlarımızın işğaldan azad olunması uğrunda şəhid olmuş həmvətənlərimizin vərəsələri - ailə üzvləri, övladları və doğmaları ilə söhbət edirik. Layihəmizin növbəti yazısı şəhid Ulubəyov Nurəhməd Hacıbəy oğluna həsr olunur.

Ulubəyov Nurəhməd Hacıbəy oğlu 2 iyun 1996-cı ildə Bakı şəhərində anadan olub. 2001-2012-ci illərdə Xətai rayonu 25 nömrəli tam orta məktəbdə orta təhsil alıb. Elə həmin ildə M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialının İqtisadiyyat fakültəsinə daxil olur. Ali təhsilini başa vurduqdan sonra 2016-2017-ci illərdə həqiqi hərbi xidmətdə olub. 27 sentyabr 2020-ci ildə başlayan Vətən müharibəsinə könüllü olaraq qatılıb. Füzuli-Cəbrayıl-Xocavənd istiqamətində döyüşlərə iştirak edir. 8 oktyabr 2020-ci ildə Füzuli, Xocavənd və Cəbrayıl uğrunda gedən döyüşlərdə şəhid olub. 9 oktyabr 2020-ci ildə Bakıda II Fəxri Xiyabanda dəfn edilib.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən Ulubəyov Nurəhməd ölümündən sonra "Vətən uğrunda", "Cəbrayılın azad olunmasına görə" medalları ilə təltif edilib.

Həftənin bir günü...

...Mənzil başına çatanda, şəhidimizin evini tapmaq o qədər də çətin olmamışdı. Həyətdə xatirəsinə ucaldılan abidə, evlərinin önündəki mağazaya vurulan iri portret, ətrafda dalğalanan üçrəngli bayraq düz ünvana gəldiyimi xəbər verirdi. Qapını üzümə qarayanız, on, on bir yaşında oğlan açdı. Reportaj üçün gəldiyimi deyəndə geri çevrilib - nənə deyə səsləndi. Qapıya bəstəboy, ağsifət, qarapaltarlı bir qadın çıxdı, şəhid anası olduğunu dedi. Ancaq qəribə idi, mənim gəlişimdən xəbərsiz idi. Heç kimi gözləmədiyini deyirdi. Pərt olmuşdum. Nə deyəcəyimi bilmirdim. Bəlkə səhv ünvana gəlmişəm deyə öz-özümə düşündüm. Nə içəri girə, nə geri qayıda bilirdim. Nəhayət gəldiyim ünvan, doğru olsa da, olmasa da, rastlaşdığım şəhid anası ilə reportaj etmək qərarına gəldim. Otağa keçəndə hər tərəfdən alagöz, ağ sifət, cüssəli oğlan boylanırdı. Şəhidin şəkilləri ilə bəzədilmiş otaqda divanın üstündə sakitcə əyləşdim. Ta ki, anası Tahirə xanım, gəlib üzrxahlıq edənə qədər.

- Qızım, sən Allah bağışla, mənim başım qarışıb cümə axşamının hazırlığına, Nurəhməd şəhid olandan hər həftənin cümə axşamı ehsan verirəm. İndi yoldaşımla danışdım, sənin gələcəyini bilirmiş, mənə deməyi unudub. Əyləş, bir azdan yoldaşım da, qızım da gələcək. Mən də bir az özümə gəlim danışacam.

Tahirə xanım su gətirmək üçün mətbəxə keçəndə, mən də onun ardınca düşdüm. Doğrudan da mətbəxdəki hazırlıqdan hiss olunurdu ki, bir azdan ev qonaq-qaralı olacaqdı. Oğlunun ölümündən bir ilə yaxın vaxt keçsə də, hər həftənin cümə axşamı ehsan verməklə sakitləşdirirdi, yaralı qəlbini Tahirə xanım. Kədərli mənzərə idi... Hiss edirdim ki, o, başını iş-güclə qatmaqla mənim suallarımdan yayınmağa, həyatının ən ağır günlərini xatırlamamağa çalışır, amma oğlunuzu necə xatırlayırsınız sualından yan keçə bilmir və danışmağa başlayır:

- Adı kimi nursifət idi mənim balam. Mənim, atasının, böyük kiçiyin yerini bilən oğlan idi. O, böyüyəndən sonra mən əlimə çata götürməmişəm, bazara getməmişəm. Hamısını özü edib. Hamının işinə qaçıb, can yandırıb. Maaşını alan kimi zəng edirdi ki, mama, nə evə nə lazımdır. Özü çatdırmayanda bazarlığı dostları ilə edib göndərirdi. Əsgərlikdə olanda mənim ad günüm idi. Oturmuşdum, qəfildən qapı döyüldü. Açdım qapını ki, mənim üçün böyük bir buket gül sifariş etdirib (kövrəlir).

Bayraq

Müharibəyə gedən hiss etdim ki, ona nə isə olacaq. Gördüyüm yuxular da onunla bağlı idi. Həmin günləri sanki yaşamırdım, yuxuda idim.

Tahirə xanımla söhbət etdiyim zaman yaşı altmışı adlamış, ağ saçlı, sakit simalı bir kişi evə daxil oldu. Şəhidin atası  Hacıbəy dayı ilə söhbətə elə oğlunun uşaqlıq illərindən başladıq:

- Nurəhməd evin üçüncü uşağı, sonbeşiyi olub. Onunla böyük bacı, qardaşı arasında çox fərq var. Böyük oğlum universitetin birinci kursuna daxil olanda Nurəhməd birinci sinfə gedirdi. Ona atamın adını qoymuşdum. O, çox vətənpərvər uşaq idi. Orta məktəbi rus dilində bitirmişdi, bir dəfə Bodruma səyahətə gedəndə, orda bir ingilislə Qarabağ üstündə mübahisə etmişdi. Sonra gəlib bizə ingilisi sözlə məğlub etməsindən danışırdı. Aprel hadisələrində də hamı ilə birgə küçələrə çıxmışdı. Axşam vaxtı görüm qapı açıldı, o, çiynində bayraqla içəri girdi. Onunla zarafatımız vardı. O, bizim övladımız yox, nəvəmiz kimi idi. Dedim, çiyninə o nədir sərmisən. Dedi, bayrağımızdı, yaraşır? Dedim, hə, gözəl yaraşır. Dedi ki, papa, bu harasıdır hələ. Qarabağı alacağıq, onda bu bayrağı özümlə Qarabağa aparacam. İndi həmin bayraq evdədi, saxlayıram. Nurəhməd şəhid olandan sonra həmin bayraq onun evdəki paltarlarının arasından çıxdı...

Otağı bürüyən ani sükutdan sonra Hacıbəy dayı alnındakı qırışları ovuşdurub söhbətə qaldığı yerdən davam edir:

- Bilirsiniz, bütün qohum-əqrəbada onu çox istəməyən yox idi. İndinin özündə də dostları gəlirlər, onu unutmurlar. O, çox mehriban, ünsiyyətcil, təşkilatçı oğlan idi. Qohumlara əl tutmaq, kömək etməyi istəyən, xoşlayan biri idi. Biz onunla həm ata bala, həm də dost idik. Təriflənməyi heç sevməzdi. Hərdən nə isə mən onu tərifləyəndə qəribə gülüşlə gülürdü, deyirdi həri papa, həri. Elə həmin ilin martın 7-də onu öz istədiyi qızla nişanlamışdıq. Onlar orta məktəbdə bir yerdə oxumuşdular. Nişanlandılar, sonra pandemiya düşdü, evləndirə bilmədik. Nişanlısı ilə bu gün də danışırıq...

Başlanğıc və son

Söhbətimizin bu yerində əzmlə dayanan Hacıbəy müəllim ayrılığın gətirdiyi həsrətə, nisgilə, dərdə dözmür, kövrəlib ağlamağa başlayır. Ovuclar arasında gizlənən əllər titrəyir, otaq sükuta qərq olur. Gözümü divarlarda gəzdirməkdən başqa heç bir çarəm qalmır.

2020-ci il iyunun 2-də Nurəhmədin 25 yaşı tamam olur. Ailə üzvləri hər kəs süfrə başına yığışırlar. Sağlıqlar deyilir, xoş arzular səslənir. Ancaq süfrə başında bircə nəfər çatışmır. Nurəhmədin gözü qapıda qalsa da, gözləməyə davam edir. Bəlkə gələcək, yəqin işi var gecikir deyə düşünür. Ancaq ona ana qədər doğma, əziz olan insan böyük bacısı Ruməyyadan heç bir xəbər çıxmır. Məclisin ən qızğın çağında bacısının yoldaşı qapıdan içəri girib onları muştuluqlayır. Sən demə Ruməyya üçüncü dəfə ana olubmuş. Ad günü ad gününə qarışır. Dayısının ad günündə doğulan qızcığazın adını isə dayısının adına uyğunlaşdırıb Mahinur qoyurlar. Həmin gün Nurəhmədin son ad günü, Mahinurun isə ilk doğum günü olur. Nurəhmədin bacısı Ruməyya deyir ki, qardaşı ondan on üç yaş balaca olub:

- Nurəhməd mənim oğlum kimi idi. O, mənim əlimdə böyümüşdü. Mən ona qardaş kimi yox, ana kimi yanaşırdım. Zarafatcıl, ərköyün, mehriban uşaq idi. İki qardaşım olub mənim. Amid iki yaş balaca idi məndən. Həm də o, bir az qapalı adamdır. Amma Nurəhməd başqa cür idi. O, mənim həm də dostum olub. Ona hər sözümü deyə bilirdim (ağlayır). Biz burada anamgilə yaxın qalırdıq. Onu nə zaman nə üçün buyursaq, çağırsaq gəlirdi. Hətta mən xəstələnəndə belə tez qaçıb gəlirdi, deyirdi, bacı, gəl, səni masaj edim. Nurəhmədin sayəsinə mən bacımın olmamağını hiss etməmişəm. Onu məktəbə mən aparıb gətirirdim, dərsləri ilə məşğul olurdum. Yay tətilində ona imla yazdırırdım. Harda səhv edirdisə, vərəqi cırırdım, təzədən yazdırırdım. Sonralar mənə deyirdi ki, bacı, mən savadlı olmağımı sənə borcluyam.

Şəhid Nurəhməd Ulubəyovun qardaşı övladları
Hacıbəy dayı deyir ki, Nurəhməd elə uşaqlıqdan savadlı və ədalətli, prinsipial uşaq olub. Sən demə dərslərini yaxşı oxuduğu, əla qiymətlər aldığı halda atası onu pul ilə mükafatlandırırmış:

- Mən tez-tez ezamiyyətdə olurdum. Amma ona demişdim ki, o vaxtın pulu ilə hər beş qiymətinə beş yüz manat verəcəm. Beşinci sinifdə oxuyanda əməlli-başlı müsahib kimi balans qururdu. İki həftə olmurdumsa, bu iki həftədə neçə dəfə beş alıbsa və ona nə qədər beş yüz manat düşürsə, hamısını hesablayırdı. Hərdən pulu artıq verəndə qaytarırdı, borcum qalanda isə qeyd edirdi ki, papa mənə bu qədər borclu qalıb. Beş plyus alanda dalaşırdıq, deyirdi bu qiymətə iki beş yüzlük düşür. Mən də onu cırnadırdım, deyirdim axı, nizamnaməmizdə bu yoxdur. O, da tərsləşirdi, inad edirdi ki, vallah, papa, plyuslu beş iki beş hesab olunur (gülür).     

Azad bir quşdum...

Əsgərliyini Tovuzda etmişdi. Ordan gələndən sonra mühasib kimi fəaliyyət göstərirdi. Rusdilli idi, amma milliyi də vardı. Bir dəfə səhər yuxudan oyandım, gördüm Səxavət Məmmədovun mahnısının səsi gəlir...

Şəhid Nurəhməd Ulubəyov
 

- Azad bir quşdum...

- Ay sağ ol. Elə bildim bayırdan gəlir. Sonra gördüm bu dinləyir. Açdım qapını dedim, sən nə vaxtdan Səxavətə qulaq asan, onu başa düşən olmusan. Səxavəti çox sevirdi. Bir də Şəfiqə Axundovanın bütün bəstələrinə qulaq asırdı. 2020-ci il sentyabrın 21-də onu hərbi komissarlıqdan çağırdılar. Təlimə apardılar. Bir həftədən sonra isə müharibə başlandı. Məndə olan məlumata görə o, təhcizatçı olduğu üçün arxa cəbhədə olub. Ancaq o, könüllü olaraq ön cəbhəyə gedib. Bizimlə sonuncu dəfə oktyabrın 3-də danışdı. Dedi, papa, narahat olma, hər şey yaxşıdır. Amma qardaşı ilə ayın 7-ə qədər danışıb. Bildiyimə görə, əvvəl Füzuli uğrunda döyüşlərdə iştirak edib. Ayın 4-də Cəbrayılı alıblar. Sonra Hadrut tərəfdən döyüşlərə giriblər. Orda da oktyabrın 7-də şəhid olub. Səkkizi onun nəşini bizə təhvil verdilər. 9-da dəfn etdik. Elə bil allah onu aparmaq üçün yaratmışdı. Şəhid olandan sonra biz onun gülməyən bircə şəklini tapa bilmədik. O, həyatda gülə-gülə yaşamışdı. Həyatı, insanları çox sevirdi. Amma əlimizdən quş kimi uçub getdi. Mən sizə bir söz də deyim ki, əgər onu komissarlıqdan çağırmasaydılar, belə özü könüllü yazılıb müharibəyə gedəcəkdi.

Ruməyya xanım da atasının dediklərini təsdiq edir və deyir ki, onlar Nurəhməd şəhid olana qədər onun ön cəbhədə olduğunu bilməyiblər. Daha doğrusu Nurəhməd bu xəbəri onlardan gizli saxlayıb. Bu haqda o, təkcə böyük qardaşı Amidə deyib:

- Nə mən, nə atam, anam Nurəhməd şəhid olana qədər bilmədik onun müharibənin içərisində olduğunu. Mən də yoldaşımın, qardaşımın üstünə düşürdüm ki, bu uşaqdan səs-səmir yoxdur, hardadır. Sən demə, Amid bilirmiş ki, o, döyüşdədir. Sonuncu dəfə onunla danışanda mənə dedi ki, narahat olma, hər şey əladır. Amma danışanda hiss etmişdim ki, harasa qapalı yerə girib danışır. Çox güman ki, o, istəmirdi mən silah səslərini eşidim. Ona dedim, sən yalan danışırsan, indi haradasan? Dedi, Beyləqanda. İnanmadım. Həm də mən o, cəbhəyə gedən gündən bilirdim ki, ona nə isə olacaq.

- Necə bilmişdiniz?

- Hiss etmişdim (kövrəlir). Sadəcə, həmin fikri dilimə gətirməyə qorxurdum. Yuxu da görmüşdüm... Amma şəhid olandan sonra onu bir dəfə də olsun yuxuda görmədim. Nə bilim, yenə deyirəm, onun yeri mənim üçün başqa idi. O, mənim əlimdə uşağım kimi böyümüşdü. Yadıma gəlir ki, bayram, ad günü olanda əlində bir qızılgüllə gələrdi bizə. Deyərdi ki, bacı, pulum bircə buna çatıb. İndi bunları düşünmək, xatırlamaq ağırdır... Mən heç vaxt təsəvvürümə gətirməzdim ki, qardaşlarımdan hansınasa nə isə ola bilər. Uşaqlarımı təsəvvür edirdim, amma qardaşlarımı yox. Hətta Nuriki evə gətirənə kimi mən inanmadım ki, o, şəhid olub. Mən işdəydim, anamın telefonundan mənə zəng gələndə bildim ki, nə isə olub... İnanın, indi də mənim telefonuma zəng gələndə qorxuram, əsirəm.

Ürəyə danma...

- Sizə ananız zəng vurmuşdu?

- Yox, mənə qardaşımın qızı anamın telefonundan zəng vurdu, dedi ki, nənəyə zəng gəldi, indi dayanmadan ağlayır. Tez yoldaşıma zəng etdim, dedim, nə baş verir? Dedi, tez taksiyə otur gəl. İnanın, mən elə bilirdim ki, elə bir faciə baş versə, mənə nə isə olar, qışqırıb, ağlayaram. Amma heç nə olmadı, sadəcə qurudum qaldım. Taksiyə minib evə gəldim. Yolda taksi sürücüsü məni təsəlli etdi, dedi, narahat olmayın. Gəldim, evə, gördüm hamı yığışıb, amma içimdə bir balaca ümid qalmışdı. Öz-özümə deyirdim ki, bəlkə sən yanılırsan. Evə girdim, gözüm heç kimi görmürdü, düşüncələrim sanki donmuşdu. Amma onun otağına girəndə, çiynimdə bir istilik hiss etdim, mənə elə gəldi ki, onun əli çiynimdədir, o, mənim yanımdadır. Həmin istiliyi bu günə qədər də unutmuram. Mən qardaşıma da, yoldaşıma da demişdim ki, Nurikin tabutunu gətirəndə nəbadə onu açmamış, mənə üzünü göstərməmiş basdırasınız. Əgər elə olsa, mən bunu heç vaxt sizə bağışlamaram. Onun parası olmasa belə mən onu görməliydim.

Şəhid Nurəhməd Ulubəyov
 

- Gördünüz?

- Bəli, gördüm. Ancaq görsəm də, indi hər həftənin şənbə günü onun məzarının üstünə getsəm də, inana bilmirəm ki, yoxdur.

Hacıbəy müəllim də qeyd edir ki, o, da oğlunun başına bir hadisə gələcəyini lap əvvəl gündən hiss etmişdi:

- Müharibə başlayan gündən mən də hiss edirdim ki, nə isə olacaq. Hətta işdə uşaqlar da mənə təsəlli verirdilər ki, qorxmayın, yaxşı olacaq və.s. Amma mən hiss edirdim.

Oktyabrın 8-də mənə İcra hakimiyyətindən zəng vurub dedilər. Gəldim evə. Həyətə çatanda gördüm ki, adamlar yığışıb. Sonra dedilər ki, Nurəhmədi gətirirlər. Ertəsi gün isə biz onu dəfn etdik. Gecəni onun tabutu evimizdə qaldı, amma məni ona yaxın düşməyə qoymadılar. Sonra da heç özümdə olmamışam... Onu ürəyindən vurmuşdular. Güllə sol qolunun altından girib, o biri tərəfdən çıxmışdı. Onun ölümü haqqında da belə yazılıb ki, döyüş meydanında həlak oldu. Mən də inanmıram ki, o, elə belə asanlıqla düşmənə can versin. Ona dəyən güllə təsadüfi güllə olmayıb. Onun komandiri Anar Mirzəyev də mənə dedi ki, səni mütləq Nurəhmədin şəhid olduğu yerə aparacam.

Söhbətimizin bu yerində Nurəhmədin xalası Amaliya xanım da gəlir. Qapıdan içəri girən kimi kövrələrək deyir:

- Nurəhmədi bu gecə yuxuda görmüşəm. Qoyun, sizə də deyim. Amma özümə söz vermişəm ki, kövrəlməyəcəm (ağlayır). O, həyatda da mənə xala yox, qardaşım deyirdi. Yuxuda da dedi ki, qardaş, səni həmişə ocağımızın başında görmüşəm. Həmişə ata-ananı, qohumlarınızı itirməkdən qorxmusan, amma təmkinini itirməmisən. Bu gündən də sonra belə davam elə. Salamat qal dedi və getdi. Onun ölümündən sonra mən onun üçün bir bayatı da yazdım. Heyf ki, indi ağlamaqdan və xatırlamaqdan başqa əlimizdən heç nə gəlmir.

Şəhid Nurəhməd Ulubəyov
 

Söhbəti tamamlayıb, hüznlü ailəni tərk etməyə hazırlaşıram. Tahirə xanım, intizarlı baxışlarla məni yola salır. Nurəhmədin dörd tərəfdən boylanan şəkillərinə, nurlu simasına, işıqlı gözlərinə, gülümsəyən baxışlarına son dəfə nəzər salıram. Tahirə xanım məni ötürənə qədər yenə oğlundan danışır:

- Mən həyət evini çox sevirdim, yoldaşım isə yox. Həmişə mənə deyirdi ki, mama, mən sənə o həyət evini alacam. Sənin üçün hər şəraiti düzəldəcəm, narahat olma. Nə bilim, bir dəfə məni incitməmişdi. O, böyüyən gündən mənim sirdaşım olmuşdu. İndi elə bil ki, hər şey onunla birgə getdi.

Şəhid anasını qucaqlayıram, oğul həsrəti ilə döyünən qəlbinin çırpıntısı, həyəcanı məni də kövrəldir. Əlimdən isə rəhmət oxumaqdan başqa heç nə gəlmir.

Şəhid Nurəhməd Ulubəyov

Samirə Əşrəf

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 26340
avatar

Samirə Əşrəf

Oxşar yazılar