Dedi, “Gülüm, narahat olmayın, hər şey yaxşıdır” -  ŞƏHİD ƏMANƏTİ
13 may 2021 16:01 (UTC +04:00)

Dedi, “Gülüm, narahat olmayın, hər şey yaxşıdır” - ŞƏHİD ƏMANƏTİ

Lent.az-ın və Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin birgə layihəsi olan “Şəhid əmanəti” layihəsi çərçivəsində Azərbaycanın azadlığı və müstəqilliyi, torpaqlarımızın işğaldan azad olunması uğrunda şəhid olmuş həmvətənlərimizin vərəsələri - ailə üzvləri, övladları və doğmaları ilə söhbət edirik.

Layihəmizin növbəti yazısı şəhid, polkovnik Sədi Musayevə həsr olunub.

Sədi Süleyman oğlu Musayev 1978-ci il aprelin 1-də Kəngərli rayonunun Qıvraq qəsəbəsində anadan olub. 1985-1993-cü illərdə Qıvraq qəsəbəsində S. Əsədov adına 2 nömrəli tam orta məktəbdə təhsil alıb. 1996-2000-ci illərdə isə Bakı Ali Birləşmiş Komandanlıq Məktəbində hərbi təhsil alıb.

Azərbaycan Ordusunun polkovnik-leytenantı olan Sədi Musayev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələrinin Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başladığı Vətən müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Sədi Musayev sentyabrın 28-də Füzuli döyüşləri zamanı Yuxarı Əbdürrəhmanlı istiqamətində şəhid olub. II Şəhidlər Xiyabanında dəfn olunub.

2020-ci il dekabrın 15-də Prezident İlham Əliyevin sərəncamına əsasən Sədi Musayev ölümündən sonra "Vətən uğrunda" medalı, "Azərbaycan Bayrağı" ordeni, "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edilib.

Sükut

Yenə söz-söhbəti, gülüşü azalmış, divarlarında boydan boya bayraqlar, şəkillər asılmış evə gedirdim. Bu mənzildə də məni gözü yaşlı, əli qoynunda, səssiz-səmirsiz tənha qalmış bir qadın, analarının üzündə, gözlərində baxışları asılıb qalan uşaqlar, şəhid uşaqları, əmanətləri qarşılayacaqdı. Uzun, dolanbac yollarla xeyli irəlilədikdən sonra İkinci Qarabağ savaşının beşinci günündə Füzuli rayonunda şəhid olmuş polkovnik Sədi Musayevin ailəsinin yaşadığı mənzilə çatdım. Eyvanın üstünə sancılan üçrəngli bayraq və qara paltarda boylanan şəhidin xanımının baxışları düz ünvana gəldiyimi təsdiq edirdi. Eyvanla üz-üzə üstünə Sədi Musayevin şəkilləri vurulmuş qara maşın diqqətimi çəkdi. Sonradan öyrəndim ki, həmin kimsəsiz qalmış avtomobil də elə şəhidimizin imiş.

Evə daxil olanda məni Sədi Musayevin həyat yoldaşı Gülü xanım, onun yaxın qohumu Mehparə xanım, şəhidin övladları Arzu və Süleyman qarşılayırlar. Onlarla şəhidin şəkilləri, hərbi libasları, əşyaları əhatə olunmuş otaqda əyləşirik. Söhbətə başlayan Gülü xanım qəhrəmanımızla ilk tanışlığından bəhs edir.

- Sədi ilə biz qohum olmuşuq. Onun əmisinin qızı mənim əmimlə ailə qurub. Nənəsi ilə də anamın nənəsinin qohum idi. Günlərin birində onun xalasıgilə qonaq getmişdim. Sən demə, onlar da Sədi üçün qız axtarırmışlar. Məni görən kimi dedilər, qız öz ayağı ilə gəlib. Onda mənim 19, Sədinin isə 27 yaşı vardı. Hərbçi ilə ailə qurmaq mənim üçün asan məsələ deyildi, bilirdim ki, çətin olacaq. Amma razılıq verdim, sonra gördüm ki, yanılmamışam. Sədi qeyri-adi insan idi. Çox gözəl xasiyyəti vardı. O, məni elə yaşadırdı ki, nədənsə narazılıq etmək ağlıma gəlmirdi. Onun dilindən “yox” kəlməsini eşidə bilməzdim. Nəyisə edə bilməyəndə də  “eləyərik”, “düzələr”, “həll olar” deyirdi. Bu qədər illər ailəli olduq, bir dəfə mənə qarşı pis, qəzəbli hərəkətini görmədim. İşi çox çətin idi. İnanın, qohumlarım Sədini tanımır. Toylar, məclislər olurdu, Sədi işini qoyub gələ bilmirdi. Məni yola salırdı, gedirdim, amma o, gəlmirdi. Beş gün məzuniyyət götürüb evə gələndə də bütün günü telefonda işlə bağlı danışıqlar aparır, hətta məzuniyyətdə də işə gedib-gəlirdi. İşinə çox bağlı idi.

Aprel döyüşləri

Sədi Musayev 2016-cı il aprel döyüşlərinin də iştirakçısı olub. Hərbi uğurlar əldə etmişdi. Həmin döyüşlərdə ermənilərlə təkbətək qalmış, onları üzərindəki bıçaqla məhv edib, özü isə əlindən və ayağından ağır yaralanmışdı. Gülü xanım deyir ki, həmin döyüşlərdən salamat çıxması, onda özünə olan inamı daha da artırmışdı:

- Apreldə mən onu döyüşə deyə-gülə yola saldım. Qayıdanda da elə qarşıladım. Çox arxayın idim. Bilirdim ki, qayıdacaq.

- Təcrübəli hərbçi olsa da, müharibənin, odun-alovun içinə yollanarkən sizdə yaranan bu inam hardan idi?

- Sədi 24 il idi ki, hərb sahəsində, işin içində idi. İkinci vətən müharibəsində də onu deyə-gülə yola saldım. İnanırdım ki, gələcək, özü də deyirdi ki, qayıdacam.

- Cəbhəyə ayın neçəsi yollandı?

- Axırıncı dəfə evə sentyabrın 25-də, gecə saat 3-də gəldi. Paltarlarını yığdırdı, dedi hamamı hazırla yuyunacam. Birdən şəhid olsam, qoy, təmiz olum. Mən də çox pis oldum. Həqiqətən də şəhidliyi arzulayırdı, həmişə deyirdi ki, şəhidlik hər oğula qismət olmur. İnşallah, bir gün də mənə qismət olar. Pis olurdum, deyirdim, sən həmişə deyirdin ki, biz bir bədəndə iki canıq, indi bir bədəndə dörd canıq. Bəs sənə nəsə olsa, uşaqlar necə olar? Onda deyirdi ki, mən sənə güvənirəm, sənə arxayınam. Sən hazırsan hər şeyə. Çünki mən onunla bərabər hər yerə getmişəm. Üç il Tərtərin Qapanlı kəndində, döyüş bölgəsində yaşamışıq. Elə bir evdə yaşayırdıq ki, siçovullar karnizlərimizin üstündə gəzirdi. Arzu anadan olandan sonra onu ikinəfərlik çarpayıda ortaya qoyub yatırdıq. Evdə o qədər birə vardı ki, hər gün Arzunun bədənini axtarırdıq. Bir dəfə gecə yuxudan oyanıb gördük ki, siçoovul uşağın ayağını dişləmək istəyir. Nə suyumuz, nə qazımız olurdu. Mənə həmişə deyirdi, gəl sənə şəhərdə ev tutum, orda qal, mən Qapanlıdan gələrəm. Mən razılaşmırdım.

Gülü xanım deyir ki, ailə qurandan üç gün sonra həyat yoldaşı ilə birgə Balakən, Tərtər, Mingəçevirdə yaşamalı olublar. Ondan sonra, Sədi bəy şəhid olan günə qədər, 9 il Füzulinin Horadiz kəndində yaşayıblar. Sədi şəhid olandan Beyləqana, ordan da Bakının gəliblər. İşin ən kədərli tərəfi odur ki, Sədi bəy indi biz onun ailəsi ilə söhbət etdiyimiz evdə bir gün olsun belə yaşamayıb. Həddindən artıq ciddi xasiyyəti olan Sədi bəy ailəsinin yanında bu ciddiyyətdən kənar olmağı bacarırdı. Bayaqdan ürəyimdə gəzdirdiyim sualı Gülü xanıma verməkdən özümü saxlaya bilmirəm.

Sevgi

- Gülü xanım, bir çox hərbçi xanımları ilə görüşmüşəm. Onların böyük əksəriyyəti qeyd edir ki, həyat yoldaşları ilə sevmədən ailə qursalar da, sonradan onlar çox xoşbəxt olublar, hətta bir-birlərini seviblər. Sizdə necə oldu?

- Bizdə də elə oldu. Mən Sədini sevib getməmişəm. Biz ailə qurandan sonra bir-birimizi sevmişik. Hələ də heç kim inanmır ki, Sədi məni elə böyük məhəbbətlə sevib. Çünki çox ciddi idi. İndi mən onunla olan şəkillərimi paylaşanda, hamı təəccüblənir. Sədi işdən mənə mesajlar yazırdı. Onun bir qeydiyyat dəftəri vardı. Ölümündən sonra dəftərini verdilər, işdə boş vaxtı olanda vərəqlərin küncünə mənim adımı qeyd edirmiş. Onun pul qabını verəndə bilmirdim ki, orda mənim də şəklim var. Uşaqların şəkli olduğunu bilirdim. Sonra uşaqların şəkillərinin ardından mənim şəklim çıxmışdı. O, çox ailəcanlı idi. Uşaqları ilə nəfəs alırdı. İşdən yorğun gəlirdi, yuxu gözündən tökülə-tökülə uşaqları ilə gözbağlayıcı oynayırdı. Deyirdim, ay Sədi, sən komandir adamsan, uşaqlarla gizlənqaç oynayırsan. Uşaqlarının ikisini də çox istəyirdi, amma Arzuya dəhşətli dərəcədə bağlı idi. Arzu gecə saat 12-də də nə isə istəsə, atası onu eləməsə olmazdı. Ətrafımızda, məhəlləmizdə onun kimi ata görməmişdim. Arzunun ad günü olanda bir həftə əvvəldən ona sürpriz edirdi. Oktyabrın 17-də mənim ad günüm olacaqdı. Sədi müharibəyə yollanmazdan əvvəl mənim üçün hədiyyə sifariş edib, amma heç birimizə bu haqda deməmişdi. Görünür, fikirləşib ki, müharibə uzana bilər və gəlib məni təbrik etməyə imkanı olmaz. Ad günüm olanda artıq Sədi şəhid olmuşdu. Mənə zəng vurdular ki, gəlmişik sizin evinizə, amma yoxsunuz, yoldaşınız sizə hədiyyə sifariş edib. bura Bakıya gələndən sonra o hədiyyələri gətirib bizə verdilər. Onda Sədi artıq şəhid olmuşdu (ağlayır).

Gülü xanımın göz yaşı yanaqlarından aşağı süzülür. Oğlu və qızı ürkək baxışlarla analarına baxıb susurlar. Tanış mənzərə, tanış sükut və kədər məni də çulğalayır. Sükutu pozan Sədi bəyin və Gülü xanımın qohumu Mehparə xanımın səsi olur.

- Sədi çox sakit, mülayim adam idi. Uşaqları rayona yola salandan sonra hərdən özü də bizə qonaq gəlirdi. Mən üç toy eləmişəm, birində Sədi iştirak elədi. Onda o qədər sakit idi ki, heç oynamadı da. Utancaq adam idi. İndi toyların videolarına baxanda görürəm ki, o, sakitcə kənarda dayanıb əl çalır. Heç bir toyda oynamazdı.

Ata

Şəhid polkovnik Sədi Musayev və oğlu Süleyman

Sədi Musayev Cəmşid Naxçıvanski adına hərbi peşə məktəbinə daxil olanda onu atası gətirib məktəbə yerləşdirir. Bir neçə gündən sonra Sədi eşidir ki, atası dünyasını dəyişib. Bu erkən itki onun taleyinə ciddi təsir göstərir. Atasını heç vaxt unutmayan, onun itkisi ilə barışmayan Sədi sonralar oğluna öz atasının adını qoyur. Azyaşlı Süleyman atasını yadına salıb deyir:

- Atam həm də dostum idi. O, hər istəyimi yerinə yetirirdi. İndi atam yoxdur, tək qalmışam, evimizin hər yeri onun şəkilləri olsa da, o, bizim yanımızda yoxdur. Bütün sirlərimi etibar edib ona deyirdim. Heç bir səhvimi üzümə vurmazdı, məni başa salmağa çalışardı. Pilot olmaq istəyirdim, etiraz etməmişdi, əksinə deyirdi ki, hansı peşə sahibi olmaq istəyirsən, onu seç. Mənə həmişə deyirdi ki, ananı nə qədər çox sevirsənsə, vətənini də o qədər sev.

Arzudan soruşuram: “Atan səninlə dost ola bilirdi?

Şəhid polkovnik Sədi Musayev və qızı Arzu

- Hə, əlbəttə. Hamımızı sevirdi.

- Sənə necə müraciət edirdi?

- Adımla da çağırırdı, amma ən çox “canım”, “ürəyim” deyirdi.

Arzu sözünün ardını gətirə bilmir, səsi qırılır, rəngi allanır, kövrəlir...

Vətən müharibəsi başlananda evə gəlir, əşyalarını yır-yığış edir. Sağollaşmağa dəqiqələr qalanda Gülü ona deyir ki, hara getsən də, mən səni bu evin altında gözləyəcəm. Heç yerə getməyəcəm. Təhlükə olarsa belə, bu evdən bir şərtlə çıxaram, sən mənə zəng vurub özün bu sözləri deyəsən. Gülü xanım həmin günləri xatırlayır:

- Apreldə Sədini yola salanda da eyni sözləri demişdim, bu dəfə də dedim. Razılaşdı mənimlə. Dedi: “Gülüm, narahat olma, hər şey yaxşıdır. Gedib torpaqlarımızı alacağıq”. Həmişə deyirdim ki, Süleymanı əsgərliyə getməyə qoymaram. O da deyirdi ki, mənim uşağım hərbi xidmətdə olmalıdı. Mən də deyirdim: “O, getsə də, hər şənbə və bazar onun xidmət etdiyi yerə gedəcəm”. Sədi gülüb deyirdi: “Ay oğul, fikirləşək görək neyləyə bilərik ki, sənin anan hər həftə sən xidmət edən hərbi hissənin qarşısına getməsin”.

Sədi müharibəyə gedən gün Süleymana dedi: “Oğul, gedib torpaqlarımızı qaytaracağıq. Sən böyüyənə qədər də Qarabağda bir erməni də qalmayacaq”. Hamımızla sağollaşıb gülə-gülə getdi. Mən çox rahat idim, onun şəhid olacağı ağlıma da gəlməzdi. Atışma səsləri düz evimizə qədər gəlirdi, qulaq tutulurdu. 27-si səhər Sədiyə zəng vurdum. Dedi, “Gülüm, narahat olmayın, hər şey yaxşıdır”. Sonra telefonu söndürdü. O, söndürən, bu söndürən. Daha onunla danışa bilmədik. Sonra da xəbəri gəldi.

Son gediş

Sentyabrın 28-də Sədi Füzuli döyüşlərində alnından vurularaq şəhid olur. Ona qədər isə öz əynindəki qoruyucu jileti çıxarıb ön cəbhədə döyüşən əsgərlərindən birinə verir və deyir ki, məndən narahat olmayın, mən arxadayam, siz isə irəlidə. Ancaq bir neçə dəqiqədən sonra əsgər jiletini ona verən komandirinin yanında, özünü cəbhədə olduğunu görüb həm təəccüblənir, həm də onun hərəkətindən təsirlənir. Gülü xanım isə var gücünə qədər Sədiyə verdiyi sözə sadiq qalmağa çalışır, amma Sədinin ölümü ilə hadisələrin gedişi də dəyişir.

- Sədi şəhid olandan sonra böyük qaynım gecə bizə gəldi. Dedi ki, Sədi mənə zəng vurub dedi ki, uşaqları götür apar Bakıya. Dedim ki, Sədiyə də söyləmişəm, onun zəngi gəlməyənə qədər bu evdən çıxmayacam. Sonra ayağa qalxıb evin işlərini gördüm. Qaynım getmirdi. Dedim, istəyirsən, uşaqları apar, amma mən getməyəcəm. Nə isə birtəhər məni razı saldı, uşaqları da götürüb gəldik onlara. Amma narahat idim, nəfəs ala bilmirdim, ürəyim darıxırdı. Birdən qaynımın arvadı, “ay qız nədən qorxursan, Sədi yaralanıbdı”, - dedi. Dəli oldum. Amma yenə də ölməyi ağlıma gəlmirdi, qaynıma deyirdim ki, tez məni apar, onu görüm. O, “narahat olma, səni Sədi ilə danışdıracam”, - dedi. Ona qədər qapı qonşumuz şəhid olmuşdu. Qohumlarından biri onu axtarmağa gedir, Beyləqanda xəstəxanada siyahını oxuyanda Sədinin adına rast gəlir. Deyir, məni aparın onu görmək istəyirəm. Onu Sədinin meyiti olan otağa gətirirlər. O, deyirdi ki, Sədi elə bil yatmışdı, gülümsəyirdi. Bədəni də hələ isti idi. Əli çarpayıdan sallanırdı, onu da götürüb yanına qoydum. Mən o qonşumu hələ də bağışlamıram, axı niyə gəlib mənə deməyib. Heç olmasa gedib, son dəfə onu görərdim.

Sonra gördüm ki, qaynımgildə yır-yığış gedir, yenə ağlıma zərrəcə heç nə gəlmirdi. Bir az keçəndən sonra bibimoğlu ilə əmim gəldi.  Onları görəndə artıq bildim ki, Sədi şəhid olub. Ondan sonra özümü yerə-göyə çırpsam da, nə xeyri vardı? Bu günə kimi də onun ölümünü qəbul eləmirəm. Gedirəm qəbrinin üstünə ağlayıram, çırpınıram, qayıdıram evə.

Söhbətimizin sonunda Arzu deyir ki, atasını bu yaxınlarda yuxuda görüb

- Gördüm qapımız döyülür, atam əlində iki dəstə güllə evə girir, birini mənə, birini də anama verir. Sonra saatın zəngi çaldı, yuxudan ayıldım. Amma hiss edirdim ki, yuxuda olsa belə, atam mənə nə isə demək istəyirdi.

Onlarla sağollaşıb çıxanda Gülü xanım deyir ki, Sədinin ən böyük istəyi qızını həkim görmək olub. Ona görə də Arzu gecə-gündüz  oxuyur.

Arzu edirəm ki, Sədinin yarımçıq qalan arzuları övladlarımın timsalında çin olsun.

Amin deyib, onunla sağollaşıram.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 15843
avatar

Samirə Əşrəf

Oxşar yazılar