Səhiyyə Nazirliyinin baş kardioloqu Yusif Nağıyev
04 may 2021 12:02 (UTC +04:00)

Səhiyyə Nazirliyinin baş kardioloqu Yusif Nağıyev

Ürək-damar xəstəliyi və COVID-19 - Baş kardioloqla MÜSAHİBƏ

Səhiyyə Nazirliyinin baş kardioloqu Yusif Nağıyev ürək-damar sistemi xəstəliyi olan şəxslərin COVID-19-a yoluxma halları ilə bağlı bəzi sualları cavablandırıb.

Lent.az sözügedən müsahibəni təqdim edir:

- Ürək-damar xəstəlikləri COVID-19 üçün risk qrupuna aiddirmi?

 - Bu gün ürək-damar xəstəlikləri olan insanlar üçün daha yüksək yoluxma ehtimalına dair inandırıcı dəlil yoxdur, ancaq onlarda ağır koronavirus infeksiyası və ölüm riski daha yüksəkdir. Belə ki, Çin alimləri, mövcud ürək-damar xəstəliyinin (ÜDX-nin) ağır COVID-19 inkişaf riskini 3,5 dəfə artırdığını göstərdilər. Əvvəlcədən ÜDX mövcud olan xəstələr arasında ölüm nisbəti, COVID-19-a yoluxan ümumi populyasiyadan 5 dəfə çoxdur. Xroniki ÜİX olan xəstələrin COVID-19-a yoluxması mövcud aterosklerotik piləyin cırılmasının yüksək riski səbəbindən miyokard infarktının inkişafı ilə xəstəliyin gedişatını ağırlaşdırır. Bu, yoluxmuş xəstələrin ölüm riskini artırır. Öncədən ürəyin tac damarlarında invaziv və ya cərrahi əməliyyat olunmuş COVID-19 xəstələrində stent və şuntların trombozu riski artır. Bu səbəbdən ÜDX olan xəstələr yüksək risk qrupu hesab edilməlidir.
 
- Ağır gedişli koronavirus infeksiyası üçün ən böyük risk altında kimdir?
 
- Daha çox ağır xəstəlik və ölüm riski 60 yaşdan yuxarı, kişilər, piylənmə, arterial hipertenziya, diabet, ürək-damar xəstəliyi, xroniki ağciyər xəstəliyi, xroniki böyrək xəstəliyi, xərçəng və ya immunosupressiv vəziyyəti olan insanlar üçün müəyyən edilir. Siqaret çəkmənin ağır COVID-19 riskini artırmadığı diqqət çəkir.
 
- Ürək-damar xəstəliklərindən əziyyət çəkən insanlarda COVID-19 əlamətləri hansılardır?
 
- Virus infeksiyasının simptomları ilə yanaşı xroniki ÜDX-ləri də kəskinləşir. Bu, hipertenziv xəstələrdə qan təzyiqinin artması, xroniki ürək çatışmazlığı olan xəstələrdə təngnəfəsliyinin artması, səyrici aritmiya tutmaların residivləşməsi və xroniki gərginlik stenokardiya ağrı həddinin azalması ilə özünü göstərir.
 
- Virus infeksiyalarında qan təzyiqi niyə yüksəlir? 
 

- Bu, yüksək bədən hərarətin və damar divarının spazm qabiliyyətinin artımı ilə əlaqəlidir.

Arterial hipertenziyası olan şəxslərə virus infeksiyasının müalicəsi zamanı aşağıdakıların qəbulu qadağandır:
• kofein tərkibli dərmanlar (Panadol, Coldrex)
• fenilefrin əsaslı vazokonstriktor təsirli burun damcıları
• antihistamin perparatlar
• alkoqol spirtli içkilər
• isti vanna.

Yüksək arterial təzyiqi olan insanlar ağır COVID-19 risk qrupuna aiddir. Ancaq təyin olunmuş dərman peparatlarla arterial təzyiqinə nəzarəti bu təhlükəni azaldır. Məhz bu səbəbdən dünyadakı bütün ürək peşəkar cəmiyyətləri həyat üçün vacib dərmanların qəbuluna davam etməyi tövsiyə edirlər.
 
- COVID-19-un ürəyimizə hər hansı təsiri varmı?
 
- Var. COVID-19 kəskin miyokard zədələnməsinə və digər yeni ürək fəsadlarına səbəb ola bilər. SARS-CoV-2-yə yoluxan xəstələrdə kəskin koronar sindromun inkişafı damarlar divarının iltihabı, tromboz və qan dövranının pozulması ilə əlaqədardır. Kəskin miokard zədələnmələrin 20-40%-i özünü sinə ağrısı, nəfəs darlığı, aritmiya kimi göstərir. COVID-19-da kəskin miokard infarktından (Mİ-dan) ölüm nisbəti 40%-dir. ÜDX simptomlarının xəstənin xəstəxanaya yerləşdirilməsi zamanı istənilən vaxt meydana gəldiyini qeyd etmək vacibdir, lakin, bir qayda olaraq, onların riski qızdırma və ya virus infeksiyanın digər simptomlarının başlanğıcından sonra 15-ci gündən etibarən artır. Ürək-damar ağırlaşmalarının inkişafı adətən xəstənin tənəffüs vəziyyəti sabitləşdikdən və respirator statusunun yaxşılaşdıqdan sonra inkişaf edir. COVID-19-da ürək-damar ağırlaşmalarının inkişafının bir neçə mexanizmi müzakirə olunur:
• SARSCoV-2 virusunun kardiyomiyositlərə və damar divarına birbaşa zərərverici təsiri;
• "sitokin fırtınası" və qan laxtalanmasının artması;
• virusun hemoglobinə birbaşa təsiri nəticəsində qanın oksigen doyma səviyyəsində azalma;
• vazospazm, miokard işemiyası və təhlükəli aritmiyalara səbəb olan simpatik sistemin aktivləşməsi.
Qeyd etmək lazımdır ki, COVID-19 miokardda bir neçə ay qala bilər, buna görə COVID-19 keçirmiş xəstələrdə gələcəkdə ürək-damar ağırlaşmalarının artmasını gözləmək olar.
 
- COVID-19 müalicəsində istifadə olunan dərmanlar ürəyə zərər verirmi?
 
- COVID-19 üçün istifadə olunan bir sıra dərmanların kardiotoksik təsiri var. COVID-19 olan xəstələrdə dərman müalicəsinin proaritmogen təsiri səbəbindən aritmiyaların inkişaf edə biləcəyi barədə məlumatlar əldə olunub. Belə ki, xəstənin EKQ-də QT intervalın uzanması səbəbindən "piruet" tipli ölümcül mədəcik taxikardiyasının ortaya çıxma riskinin artması haqqında. Aspirin, klopidogrel, varfarin, kleksan kimi qan durulducularını qəbul edərkən daxili qanaxmanın qarşısını almaq üçün onların, virus əleyhinə dərmanlarla qarşılıqlı təsiri nəzərə alınmalıdır.
Bu gün ürək-damar sisteminə təsir edən dərmanları qəbul edən xəstələrdə koronavirus infeksiyasının ağır gedişli riski haqqında məlumat yoxdur. İndiki mərhələdə beynəlxalq tibbi cəmiyyətlərin mövqeyi birmənalıdır: COVID-19-a yoluxan xəstələrdə ACE inhibitorlarının və ya ARB-lərin istifadəsinin ləğvi, xüsusilə hipertoniya, XÜÇ və ya əvvəlki Mİ olan xəstələrdə ürək-damar ağırlaşmaları riskini artıra bilər. Bundan əlavə olaraq, arterial təzyiqinə daha yaxşı nəzarət edən RAAS inhibitorlarının hipertenziv şəxslərdə immun sisteminin balanssızlığı qismən məhdudlaşmasına kömək edə bilər. Bu səbəbdən, mütəxəssislərin çoxu, ÜDX müalicəsi üçün bir çox dərman preparatların faydalı təsir göstərə biləcəyini, ürək xəstəliyinin pisləşməsinin və COVID-19 infeksiyasından ciddi ağciyər zədələnməsinin riskini azaltdığını göstərir. Buna görə antihipertenziv dərmanların qəbulu tam şəkildə davam etdirilməlidir.
 
- Evdə müalicə ürək-damar xəstəliklərdən əziyyət çəkən insanlarda risk daşıyırmı?
 
- COVID-19 testi pozitiv çıxan xəstənin vəziyyəti təcili xəstəxanaya yerləşdirməsini tələb etmirsə o, evdə müalicə oluna bilər. Xəstənin mənzilində ayrıca bir otaq olmalıdır və həkimin bütün reseptlərinə əməl edilməlidir. Yaşlı insanlarla birlikdə yaşayan və ya xroniki xəstəlikləri olan pasiyentlər xəstəxanaya göndərilməlidir. Evdə müalicə alarkən xəstənin vəziyyəti pisləşirsə o, hospitalizasiya olunmalıdır. Yaşlıların evdə müalicəsi digər yaşdakı xəstələrin müalicəsindən heç bir şəkildə fərqlənmir; xüsusi dərmanlar yoxdur. Yaşlı insanlar ilk növbədə sağlamlığı qorumaq üçün ümumi tövsiyələrə əməl etməlidirlər. Onlar üçün mütəmadi fiziki aktivlik vacibdir (gündə ən az 20 dəqiqə) və balanslı qidalanma. Müsbət münasibət və yaxınları ilə davamlı ünsiyyət çox vacibdir.
 
- Ürək-damar xəstələri COVID-19 peyvəndi vurdura bilərmi?
 
- Koronavirusa qarşı peyvənd mütləq şəkildə edilməlidir. Çünki COVID-19 ürək-damar xəstəlikləri, xroniki tənəffüs yolları xəstəlikləri, endokrin xəstəlikləri olan insanlar arasında, eləcə də yaşlı insanlar arasında ölüm hallarını artıran bir xəstəlikdir. Ürək-damar sistemi xəstəlikləri də daxil olmaqla xroniki xəstəliklərin olması, koronavirusa qarşı peyvənd üçün əks göstəriş deyil. Gənclər ilk növbədə yaşlı insanları qorumaq üçün peyvənd olunmalıdır. İnfeksiyanın daha çox yayılaraq risk qrupuna aid olan insanlara təhlükə yaratmaması üçün bu vacibdir.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3288
avatar

Hicranə Əlişqızı

Oxşar yazılar