Suyun orqanizmə faydaları: BUNLARI BİLMİRSİNİZ
30 mart 2021 10:38 (UTC +04:00)

Suyun orqanizmə faydaları: BUNLARI BİLMİRSİNİZ

Su insan orqanizmində əhəmiyyətli rol oynayır. Belə ki, su metabolizm prosesində, bədən istiliyinin tənzimlənməsində, normal osmotik təzyiqin və elektrolit balansın qorunmasında iştirak edir. Həmçinin su qanda, sümükdə və beyində optimal nəm səviyyəsini saxlamağa kömək edir. Su onurğa beynin fəaliyyəti üçün vacibdir. Bol su içmək oynaq ağrılarının qarşısını alır. Su həm həzm prosesini sürətləndirmək, həm də qidanın udulması, nəqli və istifadəsini, toksinlərin və tullantıların bədəndən çıxarılmasını təmin etmək baxımından əvəzedilməz rola malikdir. Araşdırmalara görə, günlük su qəbulu qəbizliyin qarşısını almaq üçün də vacibdir.

Amma suyun orqanizmimizdəki rolu bundan ibarət deyil. Onun bizə məlum olmayan bir çox faydaları var.

AQTA-dan Lent.az-a verilən məlumata görə, su beynimizin normal funksiyasının təmin olunmasında da mühüm rol oynayır. Belə ki, beyin kütləsinin təxminən 75 %-i sudan ibarətdir. Beyin idrak fəaliyyətinin, eləcə də əhval-ruhiyyənin tənzimlənməsi üçün su vacibdir. Qeyd edək ki, uzun müddət susuz qaldıqda unutqanlıq, diqqət əksikliyi kimi hallar özünü göstərməyə başlayır. Su itkisinin bərpası ilə yaddaşa mənfi təsirin aradan qalxdığını göstərən bir sıra tədqiqatlar da mövcuddur.

Yetkin orqanizmdə su miqdarı bədən çəkisinin 50-60 %-ni, körpələrdə isə 75 %-ni təşkil edir. Alimlərin qənaətinə görə, yaş artdıqca bədəndə ümumi su miqdarı tədricən azalır. Bu miqdar  kişilərlə müqayisədə qadınlarda bir qədər aşağı olub, bədənin təxminən 55 %-ni təşkil edir. Bunun başlıca səbəbi qadınlarda kişilərə nisbətən daha çox yağ toxumasının mövcud olmasıdır.   

Nəzərə alınmalıdır ki, böyüklərlə nisbətdə uşaqların orqanizmində su itkisi daha çox baş verir. Bu, uşaq orqanizminin daha çox maye tələb etməsi ilə əsaslandırılır. Hamiləlik zamanı fetus ehtiyaclarının ödənilməsini təmin etmək, dünyaya gələcək körpənin orqanlarının normal inkişafı üçün suya tələbat artır. Buna görə də hamilə qadınlar kifayət qədər su istehlak etməlidirlər. Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) normal halda 60 kq çəkiyə malik yetişkinlər üçün gündə 2 l, 10 kq çəkiyə malik uşaqlar üçün isə 1 l su istehlakını tövsiyə edir. ABŞ Tibb İnstitutunun əməkdaşları isə məsləhət görürlər ki, hamilə və laktasiya dövründə olan qadınlar əlavə 0.3 l/gün və 1.1 l/gün su istehlak etməlidirlər.

Düzgün miqdarda suyun qəbulu hər yaş qrupu üçün həyati əhəmiyyət daşıyır. Yetərli elektrolit balansı orqanizmin optimal işləməsini təmin etmək üçün vacibdir. Əks təqdirdə əzələ zəifliyi, yorğunluq kimi problemlər baş qaldıra bilər. Bədəndəki ümumi suyun çatışmazlığı, yəni dehidrasiya insanın fiziki fəaliyyətlə məşğul olma qabiliyyətini poza, sidik sistemi və ürək-damar sistemi xəstəliklərinin artmasına səbəb ola bilər. Hədsiz su itkisi başağrısı, başgicəllənmə və ya həzm problemlərinə yol açır. ABŞ Milli Sağlamlıq İnstitutunun mütəxəssisləri bədən çəkisinin 3-5 %-i qədər su itkisini mülayim dehidrasiya, bədən çəkisinin 6-10 %-i qədər su itkisi olduqda orta dərəcədə dehidrasiya və 9-15 %-li su itkisini isə kəskin dehidrasiya hesab edirlər. Mülayim dehidrasiya əhval-ruhiyyəyə, yaddaşa və ya beyinin normal fəaliyyətinə təsir göstərə bilər. Bu simptomları aradan qaldırmaq üçün yenidən müəyyən qədər su qəbulu kifayətdir. Bəzi araşdırmalara görə, qəhvə kimi diuretik içkilər də mülayim dehidrasiyaya yol aça bilir. Ancaq kəskin dehidrasiya böyrək çatışmazlığı, ürək problemləri, hətta ölümlə də nəticələnə bilər. Yüksək temperatur, yüksək və ya son dərəcə aşağı nisbi rütubət, gərgin fiziki güc də kəskin dehidrasiyaya səbəb olur. Kəskin dehidrasiya zamanı tünd rəngli sidik, quru dəri, sürətli ürək döyüntüsü və ya sürətli nəfəsalma, şok və huşsuzluq kimi əlamətlər müşahidə olunur.

Bədənin maye itkisini bərpa etmək üçün bu nisbəti qoruyacaq miqdarda su istehlak etmək vacibdir. Qeyd edək ki, (təxminən 80 %) içki və su orqanizmin mayeyə olan ehtiyacını daha çox ödəyir. Bununla yanaşı, orqanizmin mayeyə olan tələbatını su ehtiva edən qidalar vasitəsilə də ödəmək mümkündür. Araşdırmalara görə, ümumi su qəbulunun 50 %-ə qədərinin qidadan, xüsusilə də su ilə zəngin meyvələrdən qaynaqlandığı məlum olub.

Orqanizmin tələbatından artıq maye qəbul etmək bəzən təhlükəli hallar yarada bilər. Bu böyrək və ürək çatışmazlığı ilə nəticələnən hiponatremiyaya yol aça bilər. Qeyd edək ki, hiponatremiya qəbul edilən suyun miqdarı böyrəyin su xaric etmə qabiliyyətini aşdığı zaman yaranır. Bu zaman natrium konsentrasiyasında baş verən azalma nəticəsində antidiuretik hormon (ADH) sekresiyasına maneə törədilir ki, nəticədə böyrəkdən atılan suyun miqdarı artır. Böyrəklər vasitəsilə gündə təxminən 20-28 l su süzülə bilər. Mütəxəssislərin fikrincə, normal böyrək funksiyası olan bir insanın içə biləcəyi maksimum su miqdarı 800-1000 ml/saat təşkil edir.

İstehlak edilən suyun tərkibində Ca, Na, K, Cl, Mg, Fe, Zn, Cu, Cr, I, Co, Mo və Se kimi elementlərin olması orqanizm üçün vacibdir. Ümumilikdə, içməli su ilə daha çox qəbul edilən mikroelementlər kalsium və maqneziumdur. Tələb olunan gündəlik su qəbulu ilə bədən bu elementlərin 20 %-nə qədərini təmin edə bilər. Digər elementlərə gəldikdə isə içməli su ilə 5 %-dən azı təmin edilə bilər. Qeyd edək ki, təbiətdən birbaşa götürülmüş sularda bəzən qurğuşun, mis və bu metalların birləşmələr olduğuna görə onlar istehlak edilməzdən əvvəl tədqiq edilməli və təmizlənməlidir.

Suyun pH göstəricisi keyfiyyəti müəyyən edə bilmək üçün mühüm ölçü vahididir. Suyun yararlılığından əmin olmaq üçün təmizlənmə və dezinfeksiyanın bütün mərhələlərində bu ölçü vahidinə diqqət yetirilməlidir. Qeyd edək ki, xlor ilə effektiv dezinfeksiya üçün pH 8-dən az olmalıdır. Suyun pH göstəricisinin aşağı olması (təxminən pH 7 və ya daha az) aşındırıcı təsir yarada bilər. Suyun optimal pH  göstəricisi 6.5-8.5 olmalıdır. Bu, suyun tərkibinə və paylama sistemində istifadə olunan materialların (boruların) təbiətinə görə dəyişə bilir.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 5079
avatar

Lamiyə Məmmədova

Oxşar yazılar