Alimlər qocalmanı dayandırmağın yolunu tapıblar.
Lent.az “Cell Metabolism” portalına istinadən xəbər verir ki, Harvard Tibb Məktəbinin alimləri stressin heyrətamiz xüsusiyyətini kəşf ediblər.
Alimlər müəyyən ediblər ki, stresli vəziyyətlərə məruz qalmaq bioloji yaşın müvəqqəti artmasına səbəb olur.
Tədqiqat zamanı elm adamları hamiləlik, cərrahiyyə və COVID-19 kimi müxtəlif stress amillərinə cavab olaraq insanlarda və siçanlarda DNT metilasiyasında dəyişiklikləri təhlil ediblər.
DNT metilasiyası orqanizmə ətraf mühitdən asılı olaraq genlərin fəaliyyətini tənzimləməyə imkan verən bir prosesdir. Tədqiqatçılar öz tapıntılarını təsdiqləmək üçün transkriptomik və metabolomika səviyyəsində biomarkerlərdən də istifadə ediblər. Bu mövzu ilə bağlı əvvəlki işləri də nəzərdən keçiriblər.
Tədqiqata görə, stress aradan qaldırıldıqdan sonra bioloji yaş ilkin səviyyəyə qayıdır. Məsələn, təcili cərrahiyyə əməliyyatı keçirən yaşlı xəstələr bioloji yaşda sürətli artım göstəriblər. Amma əməliyyatdan bir neçə gün sonra o, ilkin vəziyyətə qayıdıb. Bioloji yaşda oxşar geri dönən dəyişikliklər hamiləlik və COVID-19 infeksiyası zamanı qeyd edilib. Bu nəticələr bədənin yaşlanma sürətini geri qaytarmaq imkanını vurğulayır.
Harvard Tibb Məktəbinin araşdırması stress və qocalma arasındakı əlaqəni daha yaxşı başa düşməyi təmin edir və qocalma prosesini yavaşlatmaq üçün strategiyaların işlənib hazırlanması üçün yeni istiqamətlər təklif edir.