“Koronavirusa yoluxanların əsas ölüm səbəblərindən biri...” - KARDİOLOQ AÇIQLADI
14 avqust 2021 14:21 (UTC +04:00)

“Koronavirusa yoluxanların əsas ölüm səbəblərindən biri...” - KARDİOLOQ AÇIQLADI

Ürək döyüntüsü, halsızlıq,  sinə ağrısı və təngnəfəslik kimi koronavirusun  ümumi simptomlarından bəziləri ürək problemlərindən qaynaqlana bilər. Simptomlarınızın ürəklə əlaqəli olub olmadığını necə ayırd etməli  və bunlar varsa nə etməli?

Lent.az xəbər verir ki, kardioloq Gülanə Ağayeva  koronavirusdan sonrakı hansı simptomların ürək probleminə işarə edə biləcəyini, həkiminizə nə vaxt müraciət etməli olduğunuzu və bütün "COVID-19" keçirən insanların bilməli olduğu digər faktlar haqqında suallarımızı cavablandırıb.

1.COVID-19-dan sonra hansı ürək problemləri yarana bilər?

Təcrübə göstərdi ki, koronavirus xəstəliyi ürək əzələlərinə zərər verə  və ürək funksiyalarına təsir göstərə bilir. Bununla yanaşı koronavirus infeksiyası damarların daxili səthlərinə də təsir edir ki, bu da damarların daxili səthlərinin iltihabına və damar daxilində tromb yaranmasına, damar tıxanıqlığına və miokard infarktı kimi hallara səbəb ola bilir. Bundan əlavə bu virus müxtəlif növ aritmiyalara (ürək ritminin pozulması) və digər ürək xəstəliklərinə də gətirib çıxara bilir.

2. Koronavirusdan sonra ürək problemlərinə şübhə yaradacaq əlamətlər hansılardır?

Koronavirusundan sonra bir çox insan təngnəfəslik, sinə ağrısı və ya ürəkdöyünmələrinin şiddətlənməsindən şikayətlənir. Bu problemlərdən hər hansı biri ürəklə əlaqəli ola bilər,bundan əlavə  uzun müddət hərəkətsizliyin və uzunmüddətli yataq rejiminin  nəticəsi də daxil olmaqla digər faktorlardan da qaynaqlana bilər. Lakin unutmaq olmaz ki, xəstəlik keçirdikdən sonra bu simptomların azalmaması və ya artması mütləq şəkildə həkimə müraciət etməyi tələb edir.

3. COVID-19-dan sonra infarkt ehtimalı yüksəkdirmi?

Koronavirus pandemiyasından sonra artıq kardiologiyada “postkovid infarkt”(koronavirus səbəbli infarkt) adlandığımız yeni bir termin yarandı. Statistakaya görə postkovid infarkt dünyada koronavirus xəstəliyi keçirənlərdə ölümlərin əsas səbəblərindən biridir.

Postkovid infarktların fərqli iki səbəbi var. Birinci səbəb qan laxtasının ürəyin tac damarlarından birini tıxaması nəticəsində ürək əzələsinə qan axınının tamamilə dayanmasıdır.

İkinci digər səbəb isə sürətli ürək döyüntüsü, qanda oksigen səviyyəsinin aşağı olması və ya qanazlığı kimi faktorların ürək əzələsində oksigen aclığı yaratmasından qaynaqlanır.

4. COVİD -19 xəstəliyi keçirən şəxslər ev şəraitində müalicə alırlarsa qan laxtalanmasının qarşısını almaq üçün həkim təyinatı olmadan qandurulduculardan istifadə edə bilərmi?

Koronavirus xəstəliyinin rutin pratokolu demək olar ki artıq hamıya məlumdur. Lakin pandemiya dövründə qandurulducuların kontrolsuz istifadəsinə bağlı ölümcül qanamalar da çox görüldü. Belə ki həkim qandurulducu təyin edərkən yarana biləcək riskləri, xəstənin hansı qandurulduculara hansı müddət və hansı  dozada ehtiyacı olduğunu nəzərə alır və kontrollu bir şəkildə hər xəstə üçün fərdi olaraq təyin edir. Ona görə də xəstəlik keçirən şəxslərə ev şəraitində nəzarətsiz dərman istifadəsi tövsiyyə edilmir.

5. Son olaraq, koronavirus xəstəliyindən qorunmaq üçün insanlara tövsiyələriniz nə olardı?

Artıq dünya təcrübəsində peyvəndləmənin yüksək səviyyədə aparıldığı ölkələrdə xəstə sayıları və xəstəxana yatışları sürətlə azalmağa başladı. Bu səbəbdən də peyvənd olunmağı hər bir vətəndaşa tövsiyyə edirəm. Bundan əlavə ölkəmizin və özümüzün sağlamlığı üçün şəxsi gigiyena qaydalarına əməl edək və ictimai yerlərdə maskadan istifadə edək.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 14067
avatar

Lamiyə Məmmədova

Oxşar yazılar