Kolbasa, kabab və burger - Gündə 25 qram yesəniz...
13 sentyabr 2021 22:36 (UTC +04:00)

Kolbasa, kabab və burger - Gündə 25 qram yesəniz...

Britaniyada Leeds Universiteti tərəfindən aparılmış bir araşdırma hər gün emal olunmuş ət yeyən insanlarda demensiya (ağıl zəifləməsi) riskinin 44 faiz arta biləcəyini göstərib.

Lent.az bbc-yə istinadən bildirir ki, araşdırmada kolbasa, kabab və burger kimi qidaların orta və daha yuxarı yaşlarda beyin sağlamlığını pozduğuna, işlənməmiş qırmızı ətin isə demensiyaya qarşı qoruyucu təsirə malik olmasına diqqəti çəkib.

Britanityada xəstəliklərin inkişafını izləmək məqsədi ilə 2006-cı ildə "Biobank" adlı bir layihəyə start verilib.

Bu layihədə 40-69 yaş arasında olan yarım milyon könüllünün sağlamlıq durumunun 30 il ərzində izlənilməsi nəzərdə tutulub.

Biobank layihəsi xətti ilə aparılan araşdırmaların məlumat bazası Leeds Universitetində tədqiqatçılar tərəfindən təhlil edilib.

Səkkiz il davam edən müşahidələr nəticəsində 2 min 896 adama demensiya diaqnozu qoyulub.

Nəticələri American Journal of Clinical Nutrition jurnalında dərc olunmuş araşdırma, emal olunmuş ətin demensiya ilə əlaqəsinə dair ilk hərtərəfli keçirilmiş tədqiqat hesab olunur.

Araşdırmada göstərilib ki, gündə 25 qram emal olunmuş ət yeyilməsi insanda demensiya riskini 44 faiz artıra bilər.

Müstəqil mütəxəssislər demensiya riskinin bu dəqiqliklə müəyyən edilməsinə ehtiyatla yanaşmağı məsləhət görürlər, lakin toplanmış ümumi məlumat bazası işlənmiş ət istehlakının demensiya riskini artırdığını göstərir.

Araşdırmada gündə 50 qram emal olunmamış ətin isə demensiya riskini 19 faiz azaltdığı müəyyən edilib.

Britaniyadakı araşdırmalar ölkədə emal olunan ət istehlakının gündəlik 25 qram, emal olunmamış ətin isə gündəlik 30 qram olduğunu göstərir.

Leeds Universitetində aparılan araşdırmalara rəhbərlik edən doktor Huifeng Zhang, demensiyanın dünya boyu yayıldığını qeyd edərək "qidalanmanın bu xəstəliyə təsir edə bilən faktorlardan biri" olduğunu vurğulayıb.

Britaniyada demensiya ən çox dərəcədə ölümlə nəticələnən xəstəliklərdən biridir.

Dünya miqyasında 60 yaşdan yuxarı olan insanların 8 faizinin bu xəstəliyin təsirinə məruz qaldıqları təxmin olunur.

# 2955
avatar

Oxşar yazılar