Alman həkimləri infarkt və insult riskini azaltmağın yollarını müəyyənləşdirmək üçün məqsədyönlü tədqiqatları davam etdirirlər. Ümid var ki, uzunmüddətli perspektivdə bu tədqiqatlar, xəstəliyin müalicəsinə xərcləri azaltmağa imkan verəcək.
Lent.az xəbər verir ki, Almaniyada profilaktik xidmətin əhəmiyyətli dərəcədə yaxşılaşdırılması hesabına yüksək qan təzyiqi, yüksək xolesterin kimi infarkt və insult risklərinin aşkarlanması və aradan qaldırılması planlaşdırılır.
Federal səhiyyə naziri Karl Lauterbax Berlində bəyan edib ki, məsələni həkimlər, xəstəxana kassalarının əməkdaşları və aptek işçiləri ilə müzakirə edib və tezliklə müvafiq qanun layihəsini təqdim edəcək. Lauterbaxın sözlərinə görə, artıq beş yaşında uşaqların skrininq müayinəsində (U9) qan analizi lipometabolizmin mümkün genetik pozuntularını "axtarmalıdır". Bu cür pozuntular damar divarlarında çöküntülərə və damarların daralmasına gətirib çıxaran xolesterinin səviyyəsinin artmasına səbəb ola bilər, bu da sonradan insult və ya infarkt riskini artırır.
Nazir əlavə edib ki, 25, 35 və 50 yaşlı insanlar yüksək qan təzyiqi, yüksək xolesterin və diaqnoz qoyulmamış şəkərli diabetin müəyyən edilməsi məqsədilə sistematik müayinədən keçməlidirlər. Bundan əvvəl o, müvafiq testlərin apteklərdə aparıla biləcəyini də qeyd edib. Testləşdirmə könüllüdür, lakin bu yaş qrupları xəstəxanalar tərəfindən, xüsusi olaraq, bu variantın mövcud olduğu barədə məlumatlandırılmalıdır.
“Bütün bu tədbirlər, əlbəttə ki, Almaniyanın səhiyyə sisteminin xərclərini azaltmağa imkan verəcək”, - deyə Lauterbax vurğulayıb. Onun fikrincə, bu, erkən müayinə və xəstəliklərin aşkarlanması sayəsində qarşısını almaq mümkün olan ürək əməliyyatı və ya bypass əməliyyatlarına ehtiyac olduğu hallarda yüksək xərcləri azaltmağa şərait yaradacaq.