Dərinin sağlamlığı istehlak etdiyiniz qidalarla birbaşa bağlıdır. Sızanaqlar ən çox görülən dəri problemlərindən biridir. Ümumiyyətlə, yağlı dəri çox tez-tez sızanaq problemi ilə üzləşir. Məsamələrin tıxanması sızanaq və qara nöqtələrin əmələ gəlməsinə səbəb olur.
Lent.az xarici mətbuata istinadən xəbər verir ki, bəzi qidaların çox istehlakı dərinin həddindən artıq yağlanmasına səbəb olur. Belə olduqda sızanaqlarda ciddi artım müşahidə edilir.
Süd məhsulları
Süd və süd məhsullarının çox istehlakı bəzi dərilərdə sızanaqların artmasına səbəb ola bilər. Süd məhsulları insulin səviyyəsini artırır və sızanaqların əmələ gəlməsinə səbəb olur. Əgər sızanaq probleminiz varsa süd, qatıq, pendir kimi süd məhsullarına bir müddət ara vermək lazımdır.
Şəkər
Əgər sızanaqlara meylli dəriniz varsa, şəkərli qidalardan uzaq durmalısınız. Həddindən artıq şəkər istehlakı immunitet sistemini aşağı salır. Bu, dərinizdə sızanaqların artmasına səbəb olur.
İşlənmiş və hazır qidalar
Hazırlanmış, qablaşdırılmış və emal olunmuş qidalar qanda insulinin səviyyəsini yüksəldir. Bu, sızanaqların artmasına səbəb olur. Hazır və qablaşdırılmış qidaların qəbulu təkcə sızanaq deyil, həm də bir çox dəri problemlərinə səbəb olur. Bu qidalar dərini həddindən artıq yağlandırdığı üçün dəridə də sızanaqlar artmağa başlayır. Bu qidaları qəbul etmək sağlamlığınıza mənfi təsir göstərir.
Şokolad
Şokolad istehlakı ilə sızanaqlar arasındakı əlaqə illərdir araşdırılır. Araşdırmalar göstərib ki, şokolad istehlakı sızanaq əmələ gətirən bakteriyaları artırır. Gündə iki dəfə tünd şokolad yeyən insanların 2 həftə ərzində sızanaq problemi yaşadığı müşahidə edilib. Əgər sızanaq probleminiz varsa, şokoladdan uzaq durmalısınız. Ədviyyatlı qidalar
Bu qidalar dəridə qan axını və dövranını artırır. Bu birbaşa sızanaqlara səbəb olmasa da, sızanaq qızartılarının daha qabarıq görünməsinə səbəb olur. Acılı qidaların istehlakını azaltmaqla sızanaqların əmələ gəlməsinin qarşısını ala bilərsiniz.
Bəs, sızanaqlardan qurtulmaq üçün üzə necə qulluq etmək lazımdır?
Gün ərzində dərinizdə yağ, kir və makiyaj qalıqları toplanır. Bu zaman məsamələriniz tıxanır və dərinizdə sızanaqlar əmələ gəlir. Dərinizi hər gün təmizləməyi, tonlamağı və nəmləndirməyi unutmayın. Dərinizin tipinə uyğun məhsullardan istifadə etdiyinizə əmin olun. Sərt ovma və qıcıqlandırıcı müalicələrdən çəkinin.