Səhiyyə Nazirliyinin baş terapevti Faiq Abdullayev antibiotik və onun düzgün istifadəsi ilə bağlı müsahibə verib.
Lent.az həmin müsahibəni təqdim edir:
- Antibiotik nədir və hansı xəstəliklərdə istifadə olunur?
- Antibiotiklər (yun. ἀντί - anti - qarşı, βίος - bios - həyat, canlı) - təbii və yarımsintetik olan, canlı hüceyrələrin (mikrob və bakteriyaların, ibtidailərin) artım və inkişafının qarşısını ala bilən heyvan və ya bitki mənşəyli maddədir. Çox az miqdarda digər mikroorqanizmlərə seçici toksik təsir göstərmək qabiliyyətinə malikdirlər. Ali bitkilərin və heyvanların bəzi toxumalarında sintez olunan maddələr də antibiotik təsirə malikdir. 4 mindən çox antibiotik kəşf olunmasına baxmayaraq, hazırda onlardan cəmi 60-ı istifadə edilir. Antibiotiklər bədənə zərərli olan patogen bakteriyaların böyüməsinin qarşısını almaq və onları məhv etmək üçün həkim tərəfindən təyin olunan dərmanlardır. Antibiotiklər yalnız bakteriyaların yaratdığı xəstəliklər üçün istifadə olunur, yəni virus və göbələk kimi digər faktorların yaratdığı xəstəlikləri müalicə edə bilmirlər. Antibiotik seçimi həkim tərəfindən lazım olduqda xəstəliyə səbəb olan bakteriyaların təbiətinə və xəstənin vəziyyətinə uyğun təyin edilir. Digər bir vacib mövzu isə xəstə üçün uyğun doza və antibiotik seçiminə qərar verməkdir.
- Antibiotikin düzgün istifadəsi necə olmalıdır?
- Antibiotik müalicəsindəki ən vacib məqam bu müalicənin fərdi olmasıdır. Eyni simptomları olan iki insanı nəzərə alaraq, biri üçün təyin olunan antibiotik müalicəsi digər simptomatik şəxs üçün uyğun olmaya bilər. Antibiotikin uzunmüddətli istifadəsi onların təsirinə davamlı həsasslığın yaranmasına səbəb olur. Buna gorə də onları yalnız qısa müddət və bakteriyaların antibakterial preparatlara qarşı həssaslığını öyrənəndən sonra təyin edirlər.
Baş terapevti Faiq Abdullayev
- Artıq miqdarda antibiotik istifadəsinin zərərləri nələrdir? COVID-19 xəstələrində antibiotik nə zaman istifadə olunur?
- Antibiotiklərin digər dərmanlar kimi çoxsaylı yan təsirləri var və bəziləri böyük problemlərə səbəb ola bilər. Ən çox görülən yan təsirlərdən biri bədəndə mövcud olan və insan üçün faydalı bakteriyaları məhv etməsidir. Məsələn, bağırsaq florasında K vitamini sintez edən və qida maddələrinin həzm olunmasına, mənimsənilməsinə cavabdeh olan bir çox köməkçi bakteriya var. Bağırsaq florasının tarazlığı pozulursa, funksiyalarını yerinə yetirə bilmədikləri üçün müalicə alan insanlarda bağırsaq problemləri tez-tez müşahidə edilə bilər. Artıq miqdarda antibiotik istifadəsinin zərərləri - xəstəxanadaxili və ya nazokomial infeksiyaların törədicilərinin yaranmasıdır. COVID-19 xəstələrində ikincili bakterial infeksiya əmələ gəldikdə antibiotik təyin olunur. Artıq miqdarda antibiotiklərin istifadəsi həm immuniteti, həm də qanda leykosit miqdarını aşağı salır.
- Antibiotiklərin yan təsirləri hansılardır?
- Bakterial xəstəliklərin müalicəsində əhəmiyyət daşıyan antibiotiklər yan təsirləri səbəbindən gərəksiz istifadədən çəkinilməsi lazım olan dərman növüdür. Bəzi insanlarda antibiotik allergiyası olaraq bilinən problemlərə səbəb ola bilər. Dəridə qaşınma, tənəffüsdə çətinlik, qəfil aşağı düşən təzyiq, sürətli ürək döyüntüsü, huş itirmə kimi allergik simptomlar müşahidə edilə bilər. Bir çox antibiotik mədə narahatlığına və ya digər mədə-bağırsaq problemlərinə səbəb olur. Bunlara aşağıdakılar daxildir:
Urək bulanması, qusma, ishal. Makrolid antibiotiklər, sefalosporinlər, penisillinlər və ftorxinolonlar digər antibiotiklərdən daha çox mədə narahatlığına səbəb ola bilər. Tetrasiklin qrupundan bir antibiotik qəbul edirsinizsə, bədən işığa daha həssas ola bilər. Dəri günəş yanığına daha çox meyl edə bilər. Tetrasiklin və doksisiklin kimi antibiotiklər, dişləri hələ inkişaf etməkdə olan uşaqlarda qalıcı diş boyanmasına səbəb ola bilər. Bu təsir daha çox 8 yaşdan kiçik uşaqlarda olur. Hamilə qadın bu dərmanları qəbul edərsə, inkişaf etməkdə olan uşağın süd dişlərini ləkələyə bilər.
Stevens-Johnson sindromu (SJS) dəri və selikli qişalarda nadir görünən, lakin ciddi bir xəstəlikdir. Mukus membranlar, bədənin burun, ağız, boğaz və ağciyər kimi bəzi hissələrinin nəm astarlarıdır. Stevens-Johnson sindromu (SJS), antibiotiklər də daxil olmaqla hər hansı bir dərmanla baş verə biləcək bir reaksiyadır. Beta-laktam və sulfametoksazol kimi antibiotiklərlə daha tez-tez baş verir.
Nadir hallarda müəyyən antibiotiklər nizamsız bir ürək atışı və ya aşağı qan təzyiqi kimi ürək problemlərinə səbəb ola bilər. Bu yan təsirlərlə ən çox əlaqəli olan antibiotiklər eritromisin və siprofloksasin kimi bəzi florokinolonlardır. Antifungal terbinafin də bu problemə səbəb ola bilər.
- Antibiotikin istifadəsində nələrə diqqət etməliyik?
- Antibiotik istifadəsi zamanı bir sıra qaydalara əməl etmək tövsiyə olunur. Əgər istifadə etdiyimiz antibiotik həb şəklindədirsə, bol su ilə qəbul edilməlidir. Antibiotik qəbul edən saatlara riayət edilməli və antibiotiklər lazımi vaxtda alınmırsa, növbəti saat ərzində həddindən artıq doz qəbul edilməməlidir. Yanaşı qəbul etdiyimiz davamlı dərmanlar varsa, antibiotik təyin etmədən həkimə bu barədə məlumat verilməlidir. Bəzi antibiotik növləri alkoqol istifadəsi nəticəsində ciddi yan təsirlərə səbəb olur. Bu cür qarşılıqlı təsirlər müalicənin uzanması və təsir yükünün azalması kimi bir çox nəticəyə səbəb ola bilər. Bu cür halların qarşısını almaq üçün yalnız həkim təyinatı üzrə antibiotik qəbul etməli və müalicə zamanı xüsusi vəziyyətlərə diqqətlə əməl edilməlidir.