Tənzilə Rüstəmxanlı: “Bu işdə günahkar mənəm...” - QIZ-QIZA
23 may 2013 13:00 (UTC +04:00)

Tənzilə Rüstəmxanlı: “Bu işdə günahkar mənəm...” - QIZ-QIZA

Qonağımız Azəri-Türk Qadınları Birliyinin sədri Tənzilə Rüstəmxanlıdır. Onunla söhbətə elə süfrədən, çaydan başlayırıq:

 

-  Məni kökəldən bu mürəbbələrdir. Çayı mürəbbə ilə içməyi çox sevirəm. Şirniyyata meylli deyiləm, amma mürəbbədən vaz keçə bilmirəm.

 

Mən şokoladla sevirəm. Mürəbbələri özünüz hazırlayırsız?

 

-  Özümün hazırladığım vaxtlar çox olub. Amma indi rayonda yaşayan bacım bizim, yəni şəhərdə yaşayanların hamısının mürəbbə payını göndərir. Çox gözəl əl qabiliyyəti var, əla çeşidli mürəbbələr bişirə bilir.

 

Xüsusi olaraq hansı mürəbbələri sevirsiz?

 

- Qoz mürəbbəsi ilə ağ gilası. Ağ gilasın içinə ceviz qoyub bişirəndə, yaxud içinə ətirşah, mixək atanda çox gözəl olur.

 

Amma bir faydası yoxdur...

 

-  Zərəri də yoxdur. Nə qədər olsa da, şokoladdan kalorili deyil. Şokolad dərini məhv edir, iç orqanlara zərər verir. Tək xeyri odur ki, beynin yaxşı çalışmasına xidmət edir. Maraqlıdır ki, şokoladı yeyəndə dəriyə zərər verir, amma dəriyə maska edəndə çox yaxşı effekt verir. Mənim qadın gözəlliyindən çox yaxşı başım çıxır. Sizin gözəl dəriniz var, çalışın şokoladı yeməyin, maska kimi istifadə edin.

 

Təşəkkür edirəm. Yeri gəlmişkən, mənə həmişə sizin kosmetoloqunuz maraqlı olub. Dərinizlə kim məşğul olur?

 

-  Özüm. Bir az genetik də var, anam gözəl qadın idi, çox zərif dərisi var idi. Bütün analarımız kimi də dərisinə xüsusi baxmazdı. Amma mən dərimə fikir verənəm. Özüm maskalar hazırlayıram. Məsələn, həftədə iki dəfə kəsmik maskası hazırlayıram. Çox sadədir, yumurtanın sarısı, kəsmik, bir də bir qaşıq zeytun yağı. Dəriyə çox yaxşı təsir edir. Bir də mütləq həftədə bir dəfə dərimi təmizləyirəm.

 

-   Skrab ilə?

 

-   Yox, onların tərkibində yandırıcı maddələr var deyə, istifadə etmirəm. Nənələrdən qalma “urşu” deyilən bir şey var. Onunla təmizləyirəm, ölü dərini aparır, dəri nəfəs alır. Bir də evə gedən kimi mütləq makiyajımı təmizləyirəm və üzümə heç bir şey çəkmirəm ki, dərim nəfəs alsın. Başqa heç bir şey. Amma çalışıram ki, kremlərim, makiyaj vasitələrim keyfiyyətli olsun. Onun bahalığına baxmıram, çünki o önəmlidir. Ağır makiyajdan heç vaxt istifadə etmirəm. Amma ton kremin də altından mütləq nəmləndirici krem çəkirəm ki, dərini qurutmasın, dəri ilə birbaşa təmasda olmasın. Bu çox vacibdir.

 

-   Amma nə etsək də qadın əlləri vəfasız olur. Yaşı tez büruzə verir.

 

-  Əl və boğaz yaşı gizlətməyə qoymur. Kim nə deyir desin, mütləq büruzə verir. Televiziyada baxıram, bu daha çox Türkiyə sənətçilərində olur. Görürsən üzü necə çəkilib, amma yaşı boğazından və əllərindən görünür...

 

-   Sizin isə əlləriniz gəncdir.

 

-   Bu da bir az genetikdir. İki həftədən bir əllərimə baxıram. O da manikür edib, lak çəkməkdən ibarət olur. Başqa bir şey elədiyim yadıma gəlmir. Bir resept də verim sizə. Bir xörək qaşığı bişirilməmiş türk qəhvəsinə bir çay qaşığı zeytun yağı qarışdırıram, amma mütləq zeytun yağı olsun. Onu maska kimi üzümə çəkirəm, beş-on dəqiqədən sonra pilinqi təmizləyən kimi təmizləyirəm. Bu ən gözəl pilinqdir. Bu resepti mənə Türkiyədəki bir rəfiqəm verib. Uzun illərdir edirəm.

 

Adi pilinq kimi onun da mövsümü var, yoxsa?

 

-   Yox, yox. Ev pilinqidir, həmişə etmək olar. Faydalıdır. Ümumiyyətlə, türk qəhvəsi çox yaxşıdır. Səhərlər mütləq bir türk qəhvəsi içirəm. Qızımız da bişirməyi çox gözəl öyrənib, qonaq gələndə təklif edirik. Yorğun olanda da içirəm, yorğunluğu çox gözəl götürür, adamı diri tutur.

 

Sabir bəy də sevir?

 

-   Sabir bəy də çox sevir. Hərdən bərabər türk qəhvəsini içə-içə söhbətimizi edirik.

 

-   O söhbətlər əsasən nə haqda olur?

 

-    Bizim Sabir bəylə söhbətimiz nə olar? Millət və vətən, gündəlik problemlər... Uşaqlar haqda elə uzun söhbətlər etmirik. Şükür, oğlum evlənib, işləyir, ailəsi var, iki aylıq bir nəvəm var...

 

-    Nənə olmaq necə duyğudur?

 

-         Çox gözəl. Hər kəs deyir nəvə şirin olur, düşünürəm ki, şirindir. Amma oğlumdan çox istəmirəm. Hələ balacadır, bəlkə böyüyəcək, dəyişəcək. Amma nəvəni övladdan çox istəmək mənə bir az absurd gəlir.

 

-   Qızınız nə edir?

 

-   Xəzər Universitetinin Beynəlxalq Əlaqələr fakültəsində ikinci kursda oxuyur. Çox vaxt dərsləri ilə məşğul olur, sakit, az danışan qızdır.

 

-   Gözəlliyini Sizdən götürüb, yoxsa ata tərəfdən...

 

-    Qızım çox gözəldir! 18 yaşı var, kosmetikadan istifadə etmir. Hərdən səhərlər onunla zarafat edib deyirəm ki, qızım bax, deyirlər ki, qadın gözəlliyi görmək istəsən gərək ona səhər yuxudan oyananda baxasan, çünki üzü təmiz olur. Onunla söhbətlərimizi, müzakirələrimizi sevirəm. Dərsləri çoxdur, əlavə mütaliə etməyə çatdırmır. Onun tətilinə qədər özüm oxuduğum kitabları seçib saxlayıram, tətildə verirəm ki, Aydan, bu roman türk tarixindəndir, mən oxuyub bitirmişəm, sən də oxu. O da oxuyandan sonra biz müzakirə edirik. Və yaxud mənim bilmədiyim şeylərdən danışır. Məsələn, o gün Bismarkın həyatından sunum hazırlayırdı. Topladığı məlumatları mənə də danışdı və çox bəyəndim. Bəzən oturub tarixi şəxsiyyətlər haqda söhbət edirik. Görürəm ki, artıq fikir yürüdə bilir. Bu yaxınlarda evdə Şah İsmayıl Xətai ilə Sultan Səlimin mübarizəsini, Çaldıran döyüşünü müzakirə edirdik.

 

-   Sabir bəy müzakirələrə qoşulmur?

 

-    Çətinə düşəndə Sabir bəydən soruşuruq. Məsələn, mən deyirəm bu hadisənin tarixi yadımdan çıxıb, onda Aydan deyir bunu atadan soruşmaq lazımdır. Sabir bəylə oxuduğum kitabı bölüşməyi çox sevirəm. Bəzən növbə ilə də oxuyuruq.

 

-         Sabir bəylə münasibətlərinizdən danışaq. Sizi ona nə bağladı, şeirləri, populyarlığı, yoxsa yaraşığı?

 

-  Sabir bəy çox yaraşıqlı idi, o birmənalıdır. Amma məni ona bağlayan onun mənəviyyatı olub. Ona millətimin bir dəyəri kimi baxıb, o cür dəyərləndirib, o cür baş tacı yapmışam. O, gənc yaşlarından şöhrətin zirvələrində olan kişidir. Sabir Rüstəmxanlı mənim millətimin müstəqillik aktına imza atan, o müstəqilliyi şeirləri ilə bu millətin ruhuna işlədən bir dəyər kimi könlümüzdə taxt qurub.

 

-   Neçə ildir söz adamı ilə bir ömür paylaşırsız, necədir?

 

-   Çox gözəldir.

 

Həyat şeir kimidir?

 

-   Sənət adamının, özəlliklə şairin həyat yoldaşı olmaq çox çətindir. Ağır bir yoldur. Onu anlamaq lazımdır. Onun əsərlərini yazmazdan əvvəl ruh halları olur ki, bunu anlayışla qarşılamaq lazımdır. Bizim Sabir bəylə belə bir problemimiz olmayıb. Sabir bəyə sayğımda heç qüsur etməmişəm. Anlamışam ki, o bu işi rahat görməsi üçün bəzi məsələlərdən kənarda qalmalıdır. Tutaq ki, bazarda, mətbəxdə nə baş verir, bunlar onun işi deyil.

 

-    Hamısını təkbaşına etmisiz?

 

-         Çox zaman belə olub. Amma Sabir bəy bazarlıq etməyi sevən adamdı. O gün görürəm ki, səhər idmandan gələndə bazara dönüb kənd toyuğu, meyvə alıb gətirib. Çox qayğıkeş adamdı.

 

-   Bəs evdə? Tutaq ki, bir təmir işi var...

 

-         Qətiyyən! O işlərlə heç əlaqəsi yoxdur. Heç oğlum da bacarmır. Onun da günahkarı mənəm ki, o işləri onlara rəva görməmişəm. Özüm məşğul olmuşam və bu işləri görməkdən zövq almışam. Evimi çox sevirəm axı. Mətbəximi sevirəm. Evə gedəndə çox vaxtım mətbəxdə keçir. Orda oturmağı çox sevirəm, çay süfrəsini orda hazırlamağı sevirəm.

 

-    Evdə köməkçiniz var?

 

-   Uşaqlar balaca olanda köməkçim olurdu. İndi isə evdə elə çox iş yoxdur, Həftədə iki dəfə təmizliyə gələn adam var. Səhər gedib axşam gələn adamlarıq. Axşam gələndə də çalışırıq az yeyək. Xırda, yüngül yeməklər hazırlayıram, Sabir bəy yaxşı yemək istəyəndə...

 

-   Sabir bəy yaxşı yemək nəyə deyir?

 

-    Ağır yeməklərə. Plovu və yarpaq dolmasını çox sevir. Onlar da zaman aparır. Amma o istəyəndə tez dolma da bükürəm, plov da süzürəm. Mətbəximdə, ümumiyyətlə evimdə gördüyüm heç bir iş mənim üçün çətin deyil. Həmişə evimdə rahatlığın olmasına çalışmışam. Biz çox sadə həyat tərzini sevirik. Məsələn, bizim evdə çox mebel görə bilməzsiz. Sabir bəy həmişə deyir ki, evi mebellə doldurmayın. Ev döşəməkdə zövqsüz adamlar çoxdur. Axı o da bir sənətdir. Məsələn, qonaq çağırırlar, gedirik, görürəm evi Avropa üslubunda müasir təmir edib, içini isə klassik mebellə doldurub. Adam boğulur. Ümumiyyətlə, o klassik mebellər əvvəllər xüsusi evlərdə olub. Mən özüm klassik mebeli çox sevənəm. Amma bina evlərinin malı deyil. Sabir bəy də, mən də tutucu adamıq. Bir paltarla çox gec vidalaşa bilirik. Məsələn, bu pencəyi bəlkə bir aydır geyinirəm. Sevdiyim şeylər var ki, alışanda ayrıla bilmirəm. Evimizin əşyaları da elədir. Ən tez ayrıldığımız ev əşyalarının iyirmi il ömrü olub.

 

-    Bir sözlə, nə özünüzdə, nə də ətrafınızda dəyişiklik sevmirsiz.

 

-    Görünür elədir ki, iyirmi ildir eyni stildəyəm. Əsgər kimi həmişə eyni geyimdə oluram. Hər zaman işimə uyğun olan geyim tərzi seçmişəm. Bir də belə geyinməyi sevirəm. Toylara da belə geyinirəm. Yadıma gəlmir ki, qarderobumda qolu açıq nə isə olsun.

 

-    Bu Sabir bəyin qadağalarıdır?

 

-         Qətiyyən! Özüm belə alışmışam deyə geyə bilmirəm. Amma geyinənlərə sevgi ilə baxmışam. Hər yerin öz geyimi var. Toya, ad gününə gedəndə qadın kimi daha gözəl geyinməlisən, amma kilom bir az imkan vermir.

 

-    Kilolarla mübarizə gedir?

 

-   O tərəfdən komplekssizəm. Düşünürəm ki, hər yaşın öz gözəlliyi var...

 

-   Həm də öz çəkisi...

 

-   Gerçəkdən belədir. Mən çox zəif olmuşam. On il bundan əvvəlki şəkillərimə baxıram ki, 68-70 kilo olmuşam. İndi işim oturaqdı, ona görə belə olmuşam. Özümü çox kilolu da saymıram, yaşıma uyğun çəkim var.

 

-   Bizdə buna “bir köynək ət” deyirlər.

 

-   Bizdə isə “balıq əti”. Bu “balıq əti” qadında olmalıdır. Sizə də tövsiyə edirəm ki, kilo almayın. Zamanla zatən alacaqsınız. Həyatda gedib bir əməliyyat etdirmərəm. Düşünürəm ki, allahın verdiyi nədirsə odur. Mən 50-55 yaşımda cavan qız kimi görünməli deyiləm. Allahın yaratdığının əleyhinə getmək olmaz və yaşla barışmaq lazımdır. Sadəcə, geyimə diqqət etmək gərək. Mən çəhrayı rəngi çox sevirəm, amma tərcihim həmişə qaradan yana olur, kilo məsələsinə görə. Üstündən isə ağ pencək. Geyinməsəm də, açıq rəngləri çox sevirəm. Qızılı rəngləri də çox sevirəm. Qızılı da çox sevirəm. Nənəm çox qızılbaz xanım idi e... Qızılı, qadının qızıl taxmasını çox sevərdi. Həmişə də deyirdi ki, qızıl göz-nəzər qaytarır.

 

İndi az qızıl taxmısız, göz qaytarmağa gücü çatar?

 

-  Qaytarmağa bəs edir.

 

-    Deməli gözə inanırsız?

 

-   Çox inanıram. Bu, min illik tarixi olan bir faktdır. Gözə, nəzərə, nəfsə inanıram.

 

-    Və onu qızılla qaytarırsız?

 

-  Elə deyirlər. Nə bilim, nənəm deyirdi mənfi enerjini qaytarır.

 

Qızılda da klassikanı sevirsiz?

 

-  Böyük üzükləri sevirəm.

 

Özünüz alırsız?

 

-  Çox vaxt özüm alıram. Sabir bəy əlli yaşımda mənə çox zərif, gözəl bir üzük bağışlamışdı ki, onu sevə-sevə taxıram. Ümumiyyətlə, Sabir bəy çox zövqlüdür. Bu yaxınlarda Amerikadan gəlib, mənə bir pencək gətirib ki, heyran qaldım. Qızımıza da çox zövqlə hədiyyə seçib alar. Bir dəfə ona bir ayaqqabı seçmişdi ki, Aydan dedi, inana bilmirəm ki, bu rəngi, dəbdə olan modeli belə zövqlə atam seçib. Dedim qızım, atanın zövqü çox yüksəkdir, mən bilirəm.

 

Sabir bəy hədiyyə olaraq həmişə qızıl seçir?

 

-  Parfüm də aldığı olur. Bir də Sabir bəy həmişə mənə gül alır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 6833
avatar

Vüsalə Məmmədova

Oxşar yazılar