“Qonşular hələ həyat yoldaşımı görməyiblər” - SÖHBƏT
17 dekabr 2013 13:53 (UTC +04:00)

“Qonşular hələ həyat yoldaşımı görməyiblər” - SÖHBƏT

...Bir gün bir bankirin xanımı evə qanı qara gəlir. Əri nə olduğunu soruşanda:

 

- Restoranda köhnə sevgilimi gördüm, ofisiant işləyirdi...

 

- Görürsən, ona ərə getsəydin, indi ofisiant arvadı idin.

 

- Yox ey, ona ərə getsəm indi o bankir idi, sən isə... Allah bilir...

 

Bütün kişilər uğurlarına  görə hansısa qadına borcludurlar. Çünki, həyatında qadın olmayan kişinin heç nə eləməyə, mübarizəyə stimulu olmur. Qadınsız kişinin görə biləcəyi ən inqilabi hərəkət uzaq başı facebookda status yazmaq olar. Bundan o yana o kişi yoxdur! Elə buna görə də son vaxtlar Demokratik islahatçı Gənclər İctimai Birliyinin sədri Vüsalə Hüseynlinin adını daha çox “Gənc xanımların liderlik məktəbi” ilə bağlı eşidirsiz. O xanımlar hamısı lider olmayacaq, amma ordan əldə etdikləri özgüvənlə lider olacaq kişilərə stimul ola biləcəklər. Bu da az deyil!

 

Əslində mövzumuz bu olacaqdı, amma söhbətə adımızla başladıq:

 

- İndiyəcən bir nəfər də olsun passiv Vüsalə tanımamışam. Həyatla barışıb, belə oldu, neyləyim deyən Vüsalə görməmişəm. Hamısı mütləq alternativ axtarırlar.

 

- Sonra da deyirsiz adımı sevmirəm. Məsələn, elə adınız ola bilərdi ki... özünüz də ev qızı olardız...

 

- Hərdən elə ev qızı olmağı arzulayıram. Bilirsiz nə vaxt, hərdən az qalırsan ki, dörd yerə bölünəsən, heç nəyi çatdıra bilmirsən. Məsələn, viza məsələsini həll eləməlisən, aeroportda kimisə qarşılamalısan və s. Artıq bezirsən və onda deyirsən “Eh, kaş ev qızı olardım”.

 

- Mənsə həmişə elə hesab eləmişəm ki, evdar qadının işi hamısından çətindir…

 

- Hə, evdar qadınların işi çətindir. Menecerliyin ev formasını həyata keçirdir.

 

- Marqaret Tetçer deyirdi ki, evini məharətlə idarə eləyə bilən qadın cəmiyyəti də o cür idarə eləyə bilər.

 

- Bəli.

 

- Özünüzü yaxşı ev qadını sayırsız?

 

- Hər halda şikayət eləmirlər. (Gülür) Gecə saat üçdə yata bilərəm, amma səhər gec gələcəyəmsə, yeməyi hazır eləyib, sonra yataram. Evdə yoldaşımla mənəm. O Bakıda olanda belə edirəm. Yoldaşım işləri ilə bağlı Almaniyada olanda isə anamgildə qalıram deyə belə qayğılarım olmur.

 

- Və deyirsiz ki, rahat işləmək üçün subaylıq yaxşıdı?

 

- Yoldaşımın elə xasiyyəti var ki, mən lap “tupik”ə dirənəndə deyir, axı sən bundan çıxa bilərsən, niyə şou eləyirsən?

 

- Stimul!

 

- Bəli! Deyir bir az sakitləş, sonra bax. Bu sənin öhdəsindən gələ bilməyəcəyin qədər ciddi problem deyil. Azərbaycan normalarına görə mən bir az gec, Avropa normalarına görə isə çox tez ailə qurmuşam – 32 yaşında. Yoldaşım deyir ki , biz hər şeydən əvvəl dostuq. Çünki dostluq özündə hər şeyi ehtiva edir. Həm sevgini, həm ailəni, həm də dostluğu. Həyatımdan çox razıyam. Şükür edirəm ki, həyatımda elə bir adam var ki, ondan stimul alıb yaşayıram. Sağ əlim subayların başına, deyə bilərəm.

 

Qadınların sevimli kişilərindən danışması lap “nağıl dili yüyrək olar”a bənzəyir, Söhbət çox uzanır, bir də onda xəbər tuturuq ki, gəlib yoğun iş qrafikinə çatmışıq:

 

- Bəzən elə anlar olur ki, görürəm artıq tükənmişəm. İşimdə məsuliyyətlərim çox olmasa telefonu söndürüb bir küncə çəkilərəm.

 

- Bu çox pisdir. Adam bir gün sakitliyə çəkilər və sonra geri qayıtmaq istəməz.

 

- Ötən il təxminən bir ilə yaxın cəmiyyətdən çəkildim. Facebook profilimi bağladım, telefonlarımı söndürdüm. Heç kimə heç nə demədən qeyb oldum. Sonradan məni tapıb çağırdılar, bir söhbətdən sonra işimə qayıtdım. Küsməmişdim. Düşündüm ki, bura kimi gəldim və burda dayanmalıyam.

 

- İnsanın bir işi bəlli yerə qədər görüb, ürəyi istəyəndə dayanmaq haqqı var? Adam başladığı işi bitirməlidir. Ekzüperi deyirdi ki, “Biz dünyaya gətirdiklərimiz üçün məsuliyyət daşıyırıq”. Başladığımız iş də elə...

 

- Bax elə həmin görüşdə də mənə “Sənin haqqın varmı” dedilər. Qayıtdım və özümü tamamən yenilədim.

 

- Fasilə üçün bir il böyük ara deyildi?

 

- Ehtiyacım var idi, səyahət elədim, gündəmdə olan və oxuya bilmədiyim kitabları oxudum, kinolara baxdım, tələbəlikdən sonra getməyə vaxt tapmadığım Axundov kitabxanasına gedib arxivləri vərəqlədim, yazdığım yazılara baxdım, dəniz səyahətinə çıxdım... Bir sözlə, özümü tanımağa çalışdım. Çoxdan bişirmədiyim şirniyyatları bişirdim, makiyajdan tamamən imtina elədim, saçlarımı “ukladka” eləmədim, kabluku tamam atdım və bu gün onun bir minusu var ki, o qədər idman üslubuna öyrəşdim ki, indi kostyum məni sıxır.

 

- Hə, dikdabanı bir dəfə çıxartdınsa, sonradan geyinmək asan olmur...

 

- Ehtiyac olmayanda dikdabandan istifadə eləmirəm. Baxmayaraq ki, bizə kompliment deyəndə deyirlər ki, qadın hündür daban ayaqqabıda gəzirsə, onun ayaqları gərilmiş görsənir və daha çəkici olur. Ancaq mən elə düşünürəm ki, mənə lazım olan insanı elə bu görkəmimlə də çəkə bilirəm.

 

- Razı deyiləm. Eşitdiyimiz bütün komplimentlərin heç olmasa 15-20 faizini dikdabanlarımızın payına yazmaq lazımdır.

 

- Ola bilər. “Ruh” filminə yəqin baxmısız.

 

- Bəli.

 

- Orda qara dərili xanım var...

 

- Vupi Qoldberq.

 

- Bəli, mən yorğun olanda dikdabanda o qadın kimi yeriyirəm. (Gülür) Toy günü evə qayıdanda elə yorulmuşdum ki, dikdabanımı çıxarıb əlimə almağımı qonşular bu günə kimi də deyir...

 

- Evə ayaqyalın qalxdız?

 

- Hə, bir əlimdə ayaqqabılar, o birində isə gəlinliyimin ətəyi. Ümumiyyətlə, mən toyunda ən çox telefonla danışan gəlin olmuşam. Qonaqlarım gəlirdi, gəlin olduğum üçün ayağa qalxa bilmirdim, amma yenə də çalışırdım heç kim diqqətdən kənarda qalmasın. O qədər tədbirlərdə, konfranslarda ev sahibəliyi eləmişəm ki, bu da ondan irəli gəlirdi. Yoldaşım deyir bunu kənarda demə, amma mənim üçün toy bir layihədir. Ssenarisi yazılır və həyata keçir. Məndən olsaydı düşünürdüm ki, heç gəlinlik geyinməyimə də ehtiyac yoxdur. Nikah filan mənim üçün üçüncü, dördüncü məsələdir. Əgər bir adam səni həyatında istəmirsə, nikahın heç bir əhəmiyyəti yoxdur. Nikahlı qadınlar tanıyıram ki, ərinin həyatında yeri yoxdur. Mən həyatımı kiməsə göstərmək üzərində qurmamışam. Yoldaşımla aramızda 7-8 yaş fərq var. Hərdən mən aqressivləşəndə, deyir bir az aqressiyanı tök, sonra danışaq. Sonra da deyir ki, bu normal çılğınlıqdır, mən məktəbə gedəndə sən hələ doğulurdun. Mən nə qədər bacarıqlı qadın olsam da, əgər o həyatımda olmasa bu gün bacardıqlarımın yarısı olmazdı. Səhər konfransa gedirəm, evdən çıxanda deyir sənə inanıram və bu gün super görünürsən. Bu mənə kifayətdir. Baxmayaraq ki, özü şirkət rəhbəridir, yetərincə gərgin iş qrafiki var... Mənim həyat yoldaşım Azərbaycan türkü deyil. Hələ qonşular, iş yoldaşlarım belə yoldaşımı görməyiblər. Yeni evlənəndə bir iki dəfə toya getdik, evə gələndə dedi ki, səndən çox xahiş edirəm, məni məcbur eləmə. Akustika olmayan yerdə o qədər yeyib – içirlər, bu qədər yemək olmaz. Almaniyada böyümüş insandır.

 

- Almandır?

 

- Yox, türkdür. Ancaq atası konsul işlədiyi üçün Almaniyada doğulub. Tekstil şirkətlərinə rəhbərlik edir. Azərbaycan psixologiyası ilə yanaşsaq, mənim o lüksüm var ki, bu gün işləməyə bilərəm, yoldaşım məni tam təmin eləyəcək durumdadır. Biz evlənməzdən əvvəl bir söhbətimiz oldu. Ona dedim ki, düşünmə mən nə vaxtsa bu qızı burdan alıb apara biləcəm və o mənə verdiyi sözü tutdu. Hərdən dost tanış deyir ki, heç olmasa yeni ildə bir-birinizi görürsüz? Elə olub ki, İstanbul hava limanında 4 saatlıq vaxtımız olub görüşmüşük, sonra məni yola salıb, özü uçub. Qrafikimiz belədir. Bəlkə də ictimaiyyət üçün bir az qəribə gələcək, ayın on beş – iyirmi günü Bakıda olur, on günü mütləq xaricdədir. Çünki onun böyüdüyü mühitdə, onun işlədiyi iş qrafiki ilə işlərini burda oturub davam etdirməsi alınmır. Onun mühiti ordadır. Haşiyə çıxacam. Almaniyada olanda ordan İtaliyaya uçacaqdım, hələ vaxtım var idi. Ona xəbər verməmişdim. Oturdum taksiyə, getdim onun şirkətinə. Qapıdan girmişəm, təbii, məni tanımırlar. Kabinetində mənim şəklim var, amma orda toy şəklidir və mən tamam başqa cürəm, saçlarım qəhvəyidir. Eynəklə, sarı saçla gəldim, dedilər qəbula yazılmamısızsa, görüş mümkün deyil. Gördüm ki, məni saya salan yoxdur, azərbaycanlılığım tutdu, zəng elədim ki, gəlib qalmışam qapının ağzında, məni içəri buraxmırlar.

 

- Sürprizin dadı qaçdı.

 

- Hə, artıq sürpriz olmadı. Düşdü, gəldi. Dedi bura İstanbul deyil. Bakı demir ha! Bilir ki, o saat deyəcəm Bakını bəyənmirdinsə məni niyə bəyənirdin. “Görüşün yoxdursa, səni içəri heç kim buraxmaz” deyir. Ordakılar mənə çox qəribə baxırdılar ki, görən bu qadın bu adamı nəyi ilə cəlb eləyib ki, burda bir belə qadın ola-ola gedib Azərbaycanda onunla evlənib, o da Almaniyanı bəyənib gəlmir.

 

- Evlilikdə ayın yarısını bir yerdə olmaq uğurlu “layihə”dir hər halda. Münasibətlər isti qalar...

 

- Nəzərə alsaq ki, mən də ayın hardasa on gününü xarici səfərlərdə oluram, onda hə. Anlar olur ki, doğrudan da yanımda olmasına çox böyük ehtiyac olur. Qapını açıb içəri girən kimi yapışıram ondan, deyir nə oldu birdən birə... Yorulan, bitən, tükənən zaman arxanda elə bir insanın olduğunu görmək, bəzən qadınlığını hiss edərək ona yaslanmaq gözəl zövqdür. Mən bunun mutluluğunu yaşayıram. İnanmazdım ki, otuz iki yaşından sonra həyatıma daxil olan bir insana belə bağlana bilərəm, özümü tam şəkildə xoşbəxt qadın saya bilərəm. Çünki onu gözləyirəm, o hər dəfə qapının zəngini çalanda mən qapını birinci görüşümüzdəki həyəcanla açıram. Hərdən o burda olanda mən işə gələndə işdə hamı deyir ki, “Deyəsən gələn var, gözlərinin içi yanır”. O adam üçün mənim keçə bilməyəcəyim şey yoxdur. İşimi də sevirəm, amma o hər şeydən, hamıdan öndə gəlir.

 

- Bir qadının özünə güvənməsi üçün onun həyatında sıradan yox, sevdiyi kişinin rolu böyük olur.

 

- Mütləq! Məsələn, bir tədbirim var, gedirəm. Evdən çıxanda deyir ki, bilirəm, hər şey əla olacaq, amma sən də bil ki, bir şey lazım olsa, bir zəngin kifayətdir ki, hər şeyi yoluna qoyum. Mən artıq inamlı gedirəm.

 

- Deməli, sizin evliliyiniz “Yıldırım evliliyi” olub, hə?

 

- İyirmicə günün içində. İki ildən artıq idi ki, bir biznesmen kimi tanıyırdım. Bir tədbirimizə sponsorluq eləmişdilər. Bilirdim ki, mənə qarşı laqeyd deyil. Heç vaxt da ona ailə quracağım insan gözü ilə baxmamışdım. Həmən ərəfədə də məni yeddi nəfər istəyirdi. Anam deyirdi ki, bu qızın elçilərinin birinin stəkanını yumamış, o birilər gəlir. Gəldim evə, xeyli dəvətnamə var idi. Toya da dəvət olunub lap əsəbiləşmişdilər mənə. Ciddi bir təpki oldu ki, sən nəyi gözləyirsən, kənardan deyirlər görəsən onun həyatında nələr olub ki, ailə qurmur. Fikirləşdim ki, axı heç kim mənim işimi qəbul eləmir. Bəlkə də başqasının qarşısına elə adam çıxır, mənim isə qabağıma çıxmırdı. Mənimlə ailə qurmaq istəyən adamlar hamısı deyirdi mən evdə yoxamsa sən çörək almağa düşə bilməzsən. Evlilikdən əvvəl böyük bir sevgi yaşamışam desəm yalan olar, elə şey olmayıb. Bir dəfə münasibətini e-maillə yazmışdı. İkinci dəfə isə canlı görüşdə təklif elədi. Özümə təsəlli verdim ki, onsuz     da respublikanın yarısı sevmədən ailə qurur.

 

- Filmdə deyildiyi kimi, “Sonra sevərsən də”.

 

- Ay sağol! Özümə belə dedim. Bir də onda xəbər tutdum ki, artıq onsuz mümkün deyil. Qərarımdan peşmanlıq duymadım! Amma deyim ki, atam həyatda olsaydı, bu evlilik baş tutmazdı. Anam həyat yoldaşımı iki ildən sonra qəbul eləməyə başladı. Deyirdi ki, öz oğlanlarımıza nə olmuşdu ki? Kim olursan ol, saat 18.00-dan sonra evinin qadını olmalısan, bir kişinin qadını olmalısan. İnandırım ki, yoldaşım evdə olanda mən facebookda olmuram.

 

- On-line deyiləmsə, onunlayam?

 

- Hə, onunlayam və xoşbəxtəm! Nə qədər kömək eləyən insan olsa da, onun paltarlarını ütüləmək, çayını, kofesini verməyin zövqünü yaşamaq deyilən bir şey var, bunu kimsəyə yaşatmaram. Ömrü boyu razı olmaram mən dura – dura kimsə onun süfrəsini açsın. İmkan vermərəm!

 

- Bu arada, gəncəlisiz. Nənəm deyirdi ki, gəncəli qadınlar kişi qarşısında öz mətbəxləri ilə güclüdürlər.

 

- Düz deyir! Müstəqilliyin ilk illərində işıq qaz problemi olanda Gəncənin bütün qadınları montyor idi, hətta “levıy” işıq da çəkirdik. Bizdə bir söz var: İsbatlı süfrə aç. Məsələn, Gəncədə bir qıza elçi gedəndə süfrədə üç mürəbbə mütləq olmalıdır – ağ qırım, yəni ağ gilas, qoz və turş gilas mürəbbəsi. Onun rəngindən artıq elçi bilir bu qızın evdarlığı hansı səviyyədədir. Deməli, gəncəlilər zərli – bəzəkli “Bogema” qabları sevirlər. Deyirəm istifadə eləmədiyin qabları bütləşdirmək nəyə lazımdı? Ailə quranda anama dedim ki, mənim üçün aldığın o işıldayan qabları kiçik bacıma verərsən, bəlkə o gəncəliyə gedər, ailəyə uyğun olar. Mənin getdiyim ailədə belə şeylər önəmli deyil. Yoldaşım bir kitaba gözü yumulu 120 avro verib ala bilər, amma bir parıltılı qabı alıb ondan zövq almaz. Deyirəm bütün bunlar boş şeydir, anam razılaşmır. Suvenirləri sevirəm, şamdanları sevirəm. Getdiyim ölkələrdən həmişə şamdan gətirirəm. Allaha qurban olum, bəlkə də mənim həyatıma elə adam gətirdi ki... Bəlkə bizim oğlanlara getsəydim, deyərdi işin gücün yoxdu şamı gətirib yeməyin ortasına qoyursan. Bu isə bütün bunları eləməyə, zövq almağa mənə imkan verir.

 

# 7915
avatar

Vüsalə Məmmədova

Oxşar yazılar