<span style="color:red;">Həmidə Ömərova sirlərini açdı:  “Bunları ilk dəfə deyirəm, heç yoldaşım da bilmir...” – <span style="color:red;">SÖHBƏT
13 may 2014 13:26 (UTC +04:00)

Həmidə Ömərova sirlərini açdı: “Bunları ilk dəfə deyirəm, heç yoldaşım da bilmir...” – SÖHBƏT

“S+ Xına evi” bu gün xüsusi bəzənmişdi. Hələ modelyer-dizayner Sona Abdullayevanı görəsiz... Xeyirdimi soruşdum:

 

- Əlbəttə! Həmidə Ömərova gələcək!

 

Bildim ki, Sona xanım gəncliyindən Həmidə xanım pərəstişkarlarından olub. Dövrünün bütün yeniyetmələri kimi. Adətimiz üzrə qonağı müzakirə edirik. Amma Sona xanım Həmidə xanımı müzakirə eləməkdən imtina edir:

 

- O bizim Həmidə xanımımızdır! Müzakirə olunmur!

 

Xalq artisti Həmidə Ömərovanı ilk dəfə auditoriyada görmüşəm. Aktrisalığını, insanlığını bir kənara qoyuram, kaş onu həm də müəllimə kimi tanıyaydınız. Perspektivi olmadığı üçün heç kimə Mədəniyyət və İncəsənət Universitetinə qəbul olunmağı arzu etmərəm, amma təkcə Həmidə xanımı dinləmək üçün o universitetə qəbul olmaq olar. Hərçənd, ilk dərsdə təsəvvürlərimizi alt-üst elədi... Elə onunla söhbətə də ordan başladıq:

 

- Həmidə xanım, I kursda idik, böyük arzularla gəlmişdik. Sizin dərsiniz olacağını bilən gün bəzənib-düzənmişdik ki, yanınızda sönük qalmayaq. Bizi özünüzə rəqib görəsiniz. Və dərs başladı. Auditoriyaya sadə geyimli, cansız bir xanım girdi. Biz hələ müəllimə – Həmidə Ömərova gəlməyib hesab edirdik ki, o qadın gözlüyünü çıxardıb dərsə başladı... Biz bircə o gözlüyün altında gizlənən gözləri tanıyırdıq. Qalan nə varsa, tamam başqa idi...

 

- (Gülür) Mənə baxan deməz aktrisadır...

 

- Çox amansızca idi...

 

- Həqiqəti gərək anında deyəsən... Siz elə birinci kursdan bilməliydiniz ki, həyatda aktrisa olmaq olmur. Siz hələ yaxşısız, məni görmüsünüz... (Gülür) Təsəvvür edin, Moskvada Kinematoqrafiya İnstitutunda oxuyuram. Rəhmətlik Həsən Əbluc ayda bir dəfə gəlir, on gün orda qalır, azərbaycanlı tələbələrə səhnə danışığı dərsi keçib, geri qayıdırdı. Bir dəfə dedi ki, “İndi gözləriniz parıldayır, aktrisa olmaq arzusundasınız. Kimə lazımsız? Artıq qocasız!!! 20 yaşınız var... 15-16 yaşlı uşaqlar var ki...” Bir az zarafatla dedi, amma sözündə həqiqət var idi. Moskva Kinematoqrafiya İnstitutunu on dörd nəfər bitirdik, sənətdə beş nəfər qaldıq...

 

- Həqiqəti elə “şap” deyə tələbənin üzünə vurursunuz ki, orda kim qalar?

 

- Həyat onsuz da qəddardı...

 

- Amma yaxşı tərəfi də var idi. Bizə aktrisanın şəkillərdən boylanan boyalı, par-par yanan qəşəng qızdan başqa həm də auditoriyada danışa bilən qadın olduğunu göstərirdiniz...

 

- Üzümə demə! (Gülür) Müvəffəqiyyətdən, komplimentdən baş gicəllənmə hər yaşda ola bilər. Düzdü, bu məndə gənclikdə olub...

 

- Neçə yaşınızda?

 

- İnstitutda idim, çəkildim və başladım tanınmağa. Bu isə dəhşətli prosesdi. Biri var deyirlər bu filan filmdəki qızdı. Bir də var biri deyir odur? O biri deyir yox, o deyil. Və başlayırlar... Bizim millət gözünün qabağında səni ayağından tutmuş başınacan üzünə qarşı müzakirə edir. O vaxtdan məndə qara gözlük kompleksi yarandı, indiyəcən istifadə edirəm. Çünki yaş istər-istəməz özünü göstərir. Hansı millətdə görünüb yaxınlaşıb küçədə aktrisaya desinlər, “Aaa, heyf sizdən... Cavanlıqda elə gözəl idiniz, nə günə qalmısınız!” Adam istəyir gedib özünü öldürsün... Bir neçə dəfə belə “komplimentlərdən” sonra alışdım, indi deyirəm yəqin siz də cavanlıqda gözəl olmusuz... (Gülür) Axı mən 17-18 yaşındakı Həmidə deyiləm...

 

- Düzdü, bunu adamın üzünə demək tərbiyəsizlikdi. Amma insanın sevdiyi aktyorun, aktrisanın yaşlanması özünün yaşlanmasından ağrılıdı... Onunla adamın necə xatirələri, arzuları yaşlanır...

 

- Eldar Quliyevin “Burulğan” filmində çəkilirdim. Tərəf müqabilim Litvalı aktrisa idi, 33 yaşlı əməkdar artist Eqle Qabrenayte. Çəkilişlərdə operator dedi ki, “Eqle, saçındakı ağları gizlət!” Qız rəng aldı, rəng verdi və bir litvalı vüqarı ilə “Mən saçımdakı ağlarla da, üzümdəki qırışlarla da fəxr edirəm. Onları özüm qazanmışam” - dedi. O vaxtdan bu sözlər yadımda qalıb. Axı bu qırışlar illərin mənəvi travmalarıdır. Onların qarşısında duruş gətirə bilmisənsə, fəxr eləməlisən. Üzü tarım çəkdirməklə deyil, gözlər qadının yaşını, qəlbini göstərir. İndi çəkildiyim serialda qırışlarımı görəndə dəli şeytan deyir get əməliyyat elətdir. Amma kompleksim yoxdu, seriala baxanda yaranır. Sonra deyirəm o dörd uşaq anasıdı, nəvələri var. Belə olmalıdır...

 

- O qadın artıq bizim Həmidə Ömərova olmayacaq.

 

- Qlamur olacaq... Aktrisa əməliyyatla gəncləşməyə çalışarsa o özünü yaşının kamil dövründə yarada biləcəyi necə rollardan məhrum edir. İndi ana yox, nənə olmaq istəyirəm. Oğlum da bilir bunu. Deyir özünü yaxşı apar, elə eləmə səni nəvə üzünə həsrət qoyum. (Gülür) Dirənirəm evlən. Atası da tez evlənməyini istəmir. Mən isə deyirəm nə qədər ayaq üstdəyəm, nəvələrimə baxa bilərəm, istəyirəm nəvəm olsun. Deyir vaxtında ərə gedərdin, vaxtında ana olardın ki, vaxtında da nənə olardın. (Gülür)

 

Zəng gəlir, telefonla danışandan sonra mənə çoxdan çəkilmiş, ağ-qara bir şəklini göstərir.

 

- Bu şəkil heç vaxt heç yerdə yayımlanmayıb.

 

- Hardandı?

 

- “Nizami” filmi çəkilirdi. Heydər Əliyev də kinoya, xüsusi ilə də tarixi filmlərə diqqət ayırırdı axı. Deməli filmin çəkilmiş 20 dəqiqəlik hissəsinə baxıb, deyib bu qız kimdi? Deyiblər Tamara Yandıyeva, çeçendi. Deyib Azərbaycanda aktrisa yoxdu ki? Filmin yaradıcı heyəti tez başlayıb Afaqa azərbaycanlı aktrisa axtarmağa. Kinostudiyanın dəhlizindən keçəndə filmin ikinci rejissoru Akif Rüstəmov çağırdı ki, “Həmidə, tez gəl”. Apardılar məni fotosexə. Qrimlədilər və bax bu şəkli çəkdilər...

Rəhmətlik Heydər Əliyev o vaxt özü çəkilən bütün şəkillərin içindən bu şəkli seçib deyib ki, “bu qızı çəkin, qoy özümüzünkü olsun”. Sonralar da bir dəfə Moskvada dünya gənclərinin qurultayı keçirilirdi. Biz də getmişdik, heç yadımda çıxmaz, Kremlin Qurultaylar sarayında açılış oldu, foyeyə çıxanda uşaqlar pıçıldadılar ki, “Heydər Əliyev, Heydər Əliyev”. Bir neçə nəfərlə dayanmışdı. Pıçıltımızı eşidib döndü, bizi basdı bağrına. Yanındakı adamlara fəxrlə dedi ki, “Bunlar mənimkilərdi, azərbaycanlılardı”. Biz də cavan uşaq idik, o rəhmətlik elə fəxrlə dedi ki, özümüz də başladıq fəxr eləməyə ki, azərbaycanlıyıq...

 

- Bütün gənclik çəkiliş meydançalarında keçdi?

 

- Hə, çox çəkilirdim. Hələ çəkildiyimdən üç qat da çox çəkilə bilərdim. Rəhmətlik Gülbəniz Əzimzadə məni dayandırdı. Dedi, “On ildir fasiləsiz çəkilirsən, otuzacan filmdə baş rol oynamısan, bəsdi! Sən artıq kinoda öz sözünü demisən. Bundan sonra özün diqtə edə, rolu seçə bilərsən”. Mən də ona qulaq asdım. Amma böyük səhv elədim. (Gülür) Bilsəydim ki 3-4 ildən sonra kinostudiya bağlanacaq... Şöhrətimin ən yüksək zirvəsindəydim, uçurdum... Elə bilirdim həmişə çəkiləcəm. Yadıma gəlir, 80-ci illərin ortaları idi, kinoteatrlarda mənim də şəklimi asmışdılar. Gənclərdən bircə mənim şəklim var idi. Bir dəfə “Dostluq” kinoteatrına getdim ki, şəklim yoxdu. Maraqlandım, dedilər camaat şəkli oğurlayır... Son günlərədək, Nizami kino mərkəzi açılana qədər orda pillələri çıxanda yanda mozaikalarda mənim şəklim olması ilə fəxr edirdim. Amma təmirdən sonra onları yığışdırıb xarici aktyorların şəkillərini vurdular... Heyfim gəldi... O kinodakı şöhrətimin son qığılcımları idi. Həmişə ora gedəndə, həmin pillələri çıxanda həyəcanlanırdım ki, mən nə zamansa belə məşhur olmuşam.

 

- İndi o vaxtları, məşhurluq dönəminizi çox xatırlayırsınız?

 

- Daha çox filmlərin çəkiliş prosesini xatırlayıram. Çox vaxt çəkiliş prosesi filmdən də maraqlı olur. Məsələn, “Burulğan” filmini Pirallahı adalarından birində çəkirdik. O adaya yalnız helikopter gələ bilərdi, ya da motorlu qayıq. Külək olanda dalğalar imkan vermirdi və qalırdıq ərzaqsız. Çəkilişə başlamaq üçün yuxudan səhər saat 6-da oyanmışıq ki, dalğalar boyumuzla bərabərdi. Eqle ilə mən bir yerdə qalırdıq. Bizə taxtadan səyyar mətbəx tikmişdilər, hər səhər orda özümüzə yemək hazırlayırdıq. Gördük mətbəximiz böyrüstə yıxılıb. SOS siqnalı verildi, arxamızca helikopter göndərdilər.

 

- Nə qədər adam idiz?

 

- Hardasa 30-35 nəfər. Yayın cırhacırından soyuq külək... Biz ac... Bir də gördük ki, filmin direktoru, rəhmətlik Tələt Rəhmanov helikopterdən trapı sallayıb qışqırır, “Ay aclar, gəlin, arvadım sizin üçün peraşki bişirib!” Namaz qılan qadınam, amma onu danışım ki, mən necə pivə sevməyə başladım. Bir dəfə yenə havanın şıltaqlığı tutub, şəhərlə əlaqəmiz kəsilib. Suyumuz da qurtarıb, ancaq yeşiklərdə pivələr qalır. Eqle dedi, dəniz suyu içməyəcəyik ki, gəl pivə içək. Bəlkə heç motorlu qayıq gəlmədi... O içdi, mən axşamacan dözdüm. Axırda dedim bir qurtum da mənə ver. Birinci iyrəndim, sonra yenə... elə öyrəndim... Gördüm normaldı, pis deyil. Demirəm e “piyaniskə” oldum (Gülür) amma namaz qılana qədər yayda sevimli içkim idi...

 

- “Burulğan”ın çəkilişləri nə qədər çəkdi?

 

- İki ay yarım. Motorların arasında adaya siçovul gəlirdi... Bir dəfə Eldar Quliyev elə qorxmuşdu aktyorun birinə demişdi ki, get bütün ayaqqabıların içinə sarımsaq qoy. Dedi bu çadıra ya mən girəcəm, ya da siçovul... Kişilər hamısı çadırda qalırdılar, maşında bircə Eqle ilə mən qalırdıq. Bir də bir balıqçının qızı... Bizə o adanın tarixini danışdılar. Dedilər burda heç vaxt yaşayış olmayıb, indiyəcən də yoxdur. Amma müharibə illərində siyasi məhbusları gətirib iki-üç gün orda saxlayırmışlar. Yəni iki-üç gündən artıq mümkün deyilmiş. “Burulğan” yeganə filmdir ki, biz orda qrim olunmurduq. Saçımızı darayırdılar, amma qrimə ehtiyacımız yox idi. Elə haldaydıq ki, elə bil Afrikadan gəlmişik...

 

Beləcə, söhbətimiz “qızqıza”dan çox uzaqlara, sovet filminin çəkiliş meydançalarına gedib çıxır. “Bəyin oğurlanması” filmindən də bilirsiniz ki, doğrudan da əsl film kamera arxasında qalır... Əsl tamaşa kulisdə oynanılır... Ondan niyə kadr arxasında qalan “film”lərdən yazmadığını soruşuram, yazıram deyir... Təəssüf, bu günə qədər o yazılara rastlaşmamışam... O xoş günləri bir-bir xatırladıqdan sonra zarafatla deyir:

 

- Allah keçsin günahımdan, əslində mən sevinirəm ki, Azərbaycanfilm Kinostudiyası bağlandı...

 

- Fürsətdən istifadə edib, ana olduz.

 

- Hə. Yoxsa hələ də çəkilirdim... (Gülür) Kinostudiya bağlandı və biz 13 nəfər aktyor İrana, filmə çəkilməyə dəvət aldıq. Orda otaqları təmizləmək üçün bizə bir qadın vermişdilər. Dəqiq yadımda qalmayıb, ya adı İran idi biz onu Tehran çağırırdıq, ya da Tehran idi, biz İran çağırırdıq. Otaqda üç nəfər aktrisa qalırdıq. Bir dəfə bu İran-Tehran yatağımızı yığışdıra-yığışdıra məndən yaşımı soruşdu, dedim 33. Dedi “neçə uşağın var?” Dedim “ərə getməmişəm”. Gözləri bərəlmiş, şappıltıyla üzümə dedi ki, “bəs sən nə vaxt uşaq doğacaqsan? Mənim 32 yaşım var, dörd uşaq anasıyam”. Bunu deyəndə dedim vaaayyy... Mənə bunu heç vaxt heç kim deməyib. Axı doğrudan mən nə vaxt uşaq doğacam? Elə bil fil qulağında yatmışdım, oyandım. Özümə dedim, Bakıya qayıdanda kim birinci evlənək desə, razı olacam, sonalamayacam.

 

- Maraqlıdır, ilk təklifi kim eldi?

 

- Bir nəfər var idi, adını çəkməyəcəm, iş yoldaşlarımdan biri idi. Həmişə mənimlə zarafatlaşırdı. Düz beş il idi nə vaxt məni görsə aramızda belə dialoq olurdu:

 

- Elçilərimi nə vaxt göndərim?

 

- Sabah yox, birisigün.

 

- Onda kartof qızart, bizimkilər gələcək...

 

Həmişə belə zarafatlar eləyirdik. İrandan qərarlı gəlmişəm, dəhlizdə onu gördüm, yenə soruşdu:

 

- Elçiləri nə vaxt göndərim?

 

- Sabah!

 

- Onda kartof qızart...

 

- Mən zarafat eləmirəm ha!

 

- Necə zarafat eləmirsən, biz beş ildir səninlə belə zarafatlaşırıq...

 

- İndi isə zarafat eləmirəm. Göndərirsən, göndər! Göndərməyənin!

 

Qıpqırmızı qızardı, dedi bax göndərərəm ha! Dedim bax də...

 

- Göndərdi?

 

- Atası rəhmətə getmişdi, anası ağır xəstə idi. Xalası ilə xalası qızı gəldilər. Əvvəlcədən də anama İran əhvalatını danışmışam. Anam rəhmətlik bizə kim gələrdi başlayardı ki, qızımın əlindən bir iş gəlmir, aktrisadır, səhərdən axşamacan çəkilişdə olur... Amma bu dəfə susdu, məni pisləmədi...

 

- Nə əcəb o da nəvə istəyirəm deyib sizi tələsdirmirdi?

 

- Həmişə deyirdi ərə getmə. Mən getdim nə oldu ki, sən də gedəsən nə ola? Məni o ruhda böyütmüşdü ki, özün üçün yaşa, ailə həyatı həmişə qura bilərsən. Sən yaradıcı adamsan. Anam özü bədbəxt olmuşdu deyə istəmirdi mən də bədbəxt olum, qorxurdu. Ümumiyyətlə, nikaha münasibəti pis idi...

Onun da anasını əməliyyat elədilər, gördülər xərçəng metastaz verib, bağladılar. Dedim anana baş çəkmək istəyirəm. Getdik. İlk dəfədir evlərinə gəlmişəm, anası ilə tanış olacam. Evin tək oğludur, getdi çay gətirməyə. Qaldıq ikimiz... Və onda mənə bir söz dedi... Bilmirəm onu demək düzgündür, ya yox... Nə gizlədim, deyəcəyəm. Qoy başqa qadınlar da nəticə çıxartsınlar. Öz oğlanlarını bədbəxt eləməsinlər. Anası dedi “İndiki qızlar otururlar, otururlar, yaşları keçəndə kim gəldi gedirlər”. Bu sözü oğlana demədim, amma ondan uzaqlaşdım...

 

- Münasibətinizi necə kəsdiniz?

 

- Dedim sən gizlədirsən, amma anan məni istəmir. Heç nə demədi... Elə onu dedi ki, anam xəstədir və xəstəliyi haqda heç nə bilmir... Bu məsələ bitdi...

Sonra elə oldu ki, məndən bir yaş böyük oğlanla tanış oldum, qısa müddətə sevdim və ailə qurdum. Ana olmağa hazırlaşdırdım, son aylarım idi, yenə dəhlizdə onunla rastlaşdım...

 

- Bütün bu müddət ərzində rastlaşmamışdınız?

 

- Uzaqdan uzağa salamlaşıb hal-əhval tuturduq, hətta zarafatlaşırdıq da. Amma daha o söhbətə qayıtmırdıq. Bir dəfə yaxınlaşdı ki, sənə sözüm var. Anam rəhmətə gedəndə məni yanına çağırıb dedi ki, “Gedib Həmidədən üzr istəyərsən. Mən çox heyfsilənirəm ki, sənə mane oldum”. O oğlan indiyəcən ailə qurmayıb...

 

- İrandan qayıdandan nə qədər sonra ailə qurdunuz?

 

- Düz bir il sonra. Ailə qurmağa çətinlik çəkirdim. Çox populyar idim, görürdüm məni daha çox karyerama görə istəyirlər. Elə adam istəyirdim ki, filankəs olduğuma görə yox, insan olduğuma görə mənimlə evlənmək istəsin.

 

- Bu adam elə idi?

 

- Bu adam Azərbaycan filmlərini görəndə kanalları çevirirdi. Toydan sonra deyirdim ki, “Mən axı bütün filmlərdə çəkilməmişəm, qoy “Məşədi İbad”a baxaq də! (Gülür)

 

- Hətta bu qədər?

 

- Təsəvvür eləyirsən? Məcbur elədi ki, sənətini atacaqsan. Gör onu nə qədər sevmişəm ki, atdım. Kinonu da, “Retro”nu da atdım. Amma bir il. (Gülür) Bir il dözdüm, sonra dözmədim...

 

- Ananız bu hərəkətinizi dəstəkləyirdi?

 

- Qətiyyən! Sadəcə uşaq olandan sonra istər-istəməz analıq məzuniyyətindəsən... Artıq anasan...

 

- Yeri gəlmişkən, ananızdan danışmaq istəyirəm...

 

- Avqustun 5-də yoxluğunun üç ili olacaq, ruhu hələ də məndən əl çəkmir..

 

- Onun yoxluğu sizi hansı məsuliyyətlərdən qurtardı?

 

- Analıq məsuliyyətinin yarısından. Artıq ancaq oğlumun anasıyam... Ömrünün son altı ilini mən ona ana olmuşam. Amneziya idi, elə bilirdi anasıyam, mənə ana deyirdi... Mən də ona qızım deyirdim...

Anam mənəvi cəhətdən çox güclü qadın olub. Amma niyəsə mənim onun gənc, gözəl, güclü vaxtlarını yox, son illərini, zəif vaxtlarını xatırlayıb yanıram. O vaxtlarını ki, o mənim balam idi... Evdə hara gedirdim, uşaq kimi dalımca gəzirdi.

Axı anam üç gün itdi... Yay idi, Zuğulbada, dayımqızıgildə qalırdıq... Səhər yeməyi hazırlayırdım, gördüm yoxdu. Uşaqları göndərdim ki, gedin ətrafa baxın, tapmadılar. Getdik polisə... 2005-ci il idi. Səhəri günü mənə xalq artisti adı verdilər. Hamı təbrik zəngi edir, mən isə dəli kimiyəm. Polis bizi evdən buraxmır ki, siz itik olan yerdə qalın, biz bu gecə tapıb gətirəcəyik. Mən o vaxtdan namaz qılıram...

“Qaragilə” anamın sevimli mahnısı idi. O mahnını onun kimi oxuyan görməmişəm. “Qaragilə” atamın da sevimli mahnısı idi. Anamın çox gözəl səsi var idi. Konservatoriyaya girmişdi, qardaşları oxumağa icazə verməmişdilər. Oğluma da “Qaragilə” ilə layla çalıb anam... Oğlum Rəhimin də ən sevimli mahnısı “Qaragilə”dir. Anamı da o “Qaragilə” ilə tapdım...

 

- Necə?

 

- Polis üç gündür tapa bilmir. Şəhərə qonşuma zəng eləyib, dedim, “Kəmalə, əgər anam gəlsə tez mənə zəng eləyərsən”. Dedi, “Ay Həmidə, anan amneziyadı, iki cümləni bir-birinə qoşa bilmir. Necə tapacaq buranı?” Elə bil başıma qaynar su tökdülər. 2000-ci ildə Məşhəddə olmuşam. Orda məni “Retro”dan tanıyıb canamaz hədiyyə etmişdilər. Dedim, “Kəmalə, həmişə deyirsən sən yalançı məşədixanımsan, namaz qılmırsan. Anam tapılsa namaz qılacam”. Dedi “Sən allahla niyə şərt kəsirsən? Namazını qıl!” Səhər saat 6-da polisə qulaq asmayıb maşın tutub gəldim şəhərə, evə. Canamazı tapıb, başladım ziyarətdə öyrəndiyim elə o iki rükət namazı ağlaya-ağlaya qılmağa...

O vaxt Mədəniyyət və İncəsənət Universitetində kafedra müdiri idim, Zülfiyyə Eldarqızı isə laborantım idi. Çıxırdım şəhərə anamı axtarmağa, o zəng elədi ki, gəlim, birlikdə axtaraq. Səməd Vurğun parkına getdik. Anamın böyüdülmüş şəklini qucağımda tutub dəli kimi hamıdan soruşuram “bu qadını görməmisiz? Evdən başında şlyapa, ayağında başmaq çıxıb. Əlində də boxçası”. Üç qoca kişi oturmuşdu. Dedilər belə adamları iki yerə aparırlar. Ya psixiatriya klinikasına, ya da “Musa Nağıyevə”. Psixiatriya klinikası daha yaxın idi, Zülfiyyə dedi ki, gəl əvvəl ora gedək. Gəldik. Bazar günü, baş həkim yox, növbətçi həkim də deyir biz sizi içəri buraxa bilmərik. Bu vaxt da Rasim Balayev zəng elədi ki, niyə xalq artisti adının təqdimatına gəlməmişdin? Dedim anamı itirmişəm, başladım telefonda ona başıma gələnləri danışmağa. Bu vaxt bir də gördüm Zülfiyyə qışqırır, “Nəsibə xala!” Telefonu necə söndürdüyümü bilmədim. Anamın səsi gəlirdi, “Qaragilə”ni oxuyurdu... Səsini eşidəndə yuxarı necə qalxdığımı bilmədim... Gördüm xəstəxana paltarında, üzü-gözü cırmaq-cırmaq. Başında böyük şişlər... Döyülmüşdü, soyulmuşdu. Evdə nə sənədləri, şəkilləri, mənim qızıllarım varsa, heç biri yox idi. Özü ilə götürüb çıxmışdı... O vaxtdan namaz qılıram...

 

- Neçə yaşı var idi?

 

- 71. Ondan sonra 6-7 il yaşadı... O hadisədən sonra ərizə yazıb kafedra müdirliyindən çıxdım ki, anama baxım. Yanında oturmağa adamlar tutdum. Sonra isə elə bir vəziyyətə düşdü ki, adam da lazım olmadı. Oturanda qalxmağı, qalxanda da oturmağı unudurdu. Son illərdə isə lap sakitləşdi... Əvvəllər əsəbi idi, amma son illərdə ancaq gülürdü... Dünyadan da gülə-gülə getdi... O gedəndə mən namaz üstündə idim... Alnında öpüb dedim namaz qılıb gəlirəm. Gəldim ki, qaynımın yoldaşı gözlərini qapayır...

 

- Dilində bütün günü Rəhim, Həmidə... Başqa söz demirdi... Ölümündən bir il qabaq Rəhim sözünü unutdu, altı ay əvvəl də Həmidə deməyi... Amma son günlərinəcən atamın adı yadında qaldı... Hər cümə axşamı sakit oturduğu yerdə çağırırdı “Mamed, Mamed!” Atam hər cümə axşamı anamın arxasınca gəlirdi... Məhəbbətə bax...

Bir dəfə sübh namazından sonra yatdım. Yuxuda gördüm anamın yaxşı vaxtlarıdır, toyda rəqs eləyir, amma musiqi yoxdu. İyulun 27-dir. Kimsə gəlib mənə dedi ki, atan rəhmətə gedib. Sonra da dedilər anan da rəhmətə getdi, yuxudan öz hıçqırığıma ayıldım... Qışqırırdım ki, anamı atam apardı... Kimə danışdım dedilər “yuxudur də, fikir vermə”. Axşam çay içəndə birdən dilimi yandırdım. Elə bil tok vurdu məni. Dedim vay!... Xatırladım...

Qazağa ata qardaşımın qızının toya getmişdim. Atamın məzarı orda, İkinci Şıxlı kəndindədir. İyulun 27-də getdim onun ziyarətinə. Məzarının kənarında oturub başladım şikayət eləməyə. Dedim, “ata, sənin xəbərin var ki, sevdiyin qadın nə günə qalıb? Görsən tanımazsan...” Bütün dərdimi ona danışıb ağladım, çıxdım. Düz qırx gün sonra anam rəhmətə getdi... Atam 40 gün sonra gəlib anamı yanına apardı...

 

- Sağlığında atanıza şikayət eləyirdiniz?

 

- Anam atamın adını da çəkmək istəmirdi. Atamgilin çox böyük sevgisi olmuşdu. Sonra ayrılıblar, anam məni götürüb şəhərə qayıdıb. Atam isə kənddə yaşayırdı, neçə dəfə arxasınca gəlib, anam qayıtmayıb... Anam bəzi şeyləri atama bağışlaya bilmirdi... Amma ölüncə sevdi onu... Atamın şairliyi olub. Onu deyim ki, mənim çox yaxşı ögey anam və bacı-qardaşım var. Ölümündən sonra bizə ondan qalan 6 dəftər verdilər ki, görün sizi necə sevirdi. Bir dəftər həyatı, beş dəftər isə anamla mənim haqqımda... Elə bil həyatında bizdən başqa heç kim olmayıb. Anamla tanışlığından tutmuş ayrılıqlarına qədər yazmışdı. Anamsa onları cırdı... Anam rəhmətə gedəndən sonra dedim bəlkə mənə yalan deyib, cırmırmış. Axtardım... yox idi, düz deyirmiş...

 

- Atanızla münasibətləriniz necə idi?

 

- 17 yaşımdan öldüyü günəcən onu görməmişəm. 86-cı il idi. Teleqram gəldi... Kinostudiyadan maşın verdilər, yaşı qədər – 59 qərənfil alıb getdim qəbri üstünə. Heç kəndə də baş çəkmədim. Onda hələ qardaşımı, bacılarımı tanımırdım.

 

- Necə hiss idi?

 

- O qədər hönkür-hönkür ağladım... Dedim məni atdın, axtarmadın, yiyə durmadın. Amma institutu bitirəndən sonra içimdə onunla barışdım. Həmişə anamdan qorxmuşam. O hökmlü qadın olub. Deyirdim kaş məni Qazağa ezamiyyətə göndərərdilər. Gizlicə atamı axtarıb tapardım. Bu hiss məndə 22-23 yaşımda çox güclü idi. Atamla söhbət eləməyi çox istəyirdim. Atalı uşaqlara həsəd aparırdım. Ona görə də şəxsi həyatımda nə baş versə də demişəm mən uşağımı atasız qoymayacam. Öz uşaqlığım mənə örnək olub. Eh, biz bu dünyaya əzab çəkməyə gəlmişik...

Bütün yaşadıqlarımdan sonra əminliklə deyə bilərəm ki, insan ancaq yaradıcılığında xoşbəxt ola bilir...

Çoxdandır belə etiraflar eləmirdim. Bax elə şeyləri danışdım ki, heç vaxt danışmamışam. Bunları heç yoldaşım da bilmir. Amma şükür allaha ki, o saytları oxumur, yenə bilməyəcək. (Gülür)

 

- Tamaşanıza da baxmağa gəlmədi?

 

- Yox, nə danışırsan!? Amma qohumlarını göndərdi. Onlar da gedib danışıblar ki, “Yaxşıdır, ruhani qadını oynayır”. (Gülür) Onu yaradıcılıq maraqlandırmır. O Həmidə Ömərova ilə yox, Həmidə ilə evlənib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 13958
avatar

Vüsalə Məmmədova

Oxşar yazılar