<b>“Göydən başımıza zəhər tökürdülər” </b>–<span style="color:red;"> MƏKTƏB İLLƏRİ
03 dekabr 2015 14:50 (UTC +04:00)

“Göydən başımıza zəhər tökürdülər” MƏKTƏB İLLƏRİ

Məktəbə 1976-cı ildə gedib. Qurban Pirimov adına Ağdamın Gülablı kənd orta məktəbinə.  

 

“İyulun otuz birindən avqustu axırına kimi yatmadım. Hər gün tezdən oyanıb məşq edirdim. Məktəbə gedib-gəlirdim. Ona qədər də gedib böyük qardaşımın “sumka”sını gətirirdim. Hamı deyirdi, “Qulu məktəbdən gəlir!” Bu söz mənə ləzzət edərdi. Elə sevinirdim!”.

 

Lent.az-ın “Məktəb illəri” layihəsinin növbəti qonağı “Ulduz” jurnalının baş redaktoru, şair Qulu (Zeynalov) Ağsəsdir.

 

- Məktəb bizdən xeyli uzağıydı. Yalan olmasın, iki kilometr aralıda. Bir çay adlamalı, yalı qalxmalı, xeyli yolu da dik getməliydin. Qayıdanda nisbətən asan idi. Dərəylə üzü aşağı gedirdin. Qalxanda zülm idi. Qışda bir az da tez getməliydik. İçəri soyuq olurdu deyə, bir müddət sobanın kənarında dururduq. Kömürün iyindən boğula-boğula. İndiki məktəblərdən bizim məktəb fərqli idi. Qışda bütün məktəblərdən kömür iyi gəlirdi. Hələ özümüzdən nə iyi gəlirdi, Allah bilirdi (gülür). Bütün bunlara baxmayaraq, bizim sinif yaxşı oxuyan idi. Bir neçə uşaq vardı ki, ümumiyyətlə, oxumurdu. Qalan hamı çalışqan idi. Rəqabət vardı. Qışda çayın suyu azalırdı. Çox vaxt donurdu. Ən böyük fəlakət yaz və payızda olurdu. Çay daşırdı. Keçə bilmirdik. Bununla da yaxşı oxuyanlar bir traktorçu tapıb, xahiş edirdik, bizi çaydan keçirsin.

 

- Çayda axan uşaq olurdu?

 

- O qədər! Bala kəhrizdən axırdı, Nolu kəhrizdə tuturdular. Məktəbə gedəndə o qədər çayda axmışıq, o qədər çayda batmışıq?! Şaxtada əlim-ayağımız donub. Məktəbə çatanda barmaqlarımız gömgöy olurdu. Tək bu deyildi ki? Sentyabrın onundan sonra bizi məcburi üzüm yığımına aparırdılar. Heç qədim Misirdə qulları belə işlətmirdilər. Səkkizinci sinifdə bizi pambığa apardılar. Onda fikirləşdim ki, üzüm pambığa baxanda çox yaxşı iş imiş. Hər halda kölgəsi vardı. Həm də arada yeyirsən. Ən əsası, müəllimdən gizlənə bilirsən. Pambıqda hər tərəfdən müəllim, nəzarətçi səni görür. Yuxarıdan vertolyot başından aşağı zəhər tökür. Aran kəndi. Gecə də məktəbdə qalırdıq.

 

- Bəs dərs?

 

- Şagird İstehsalat Briqadası olaraq, təxminən altıncı sinifdən bizi əməyə cəlb edirdilər. Sentyabr ayında. Birinci rüb demək olar ki, sovet hökumətinə hamballıq edirdik.

 

- Pul vermirdilər?

 

- Simvolik. O boyda işlətməyin qarşısında o vaxtın puluyla iyirmi – otuz manat. Bu pula ancaq bir şalvar, yaxud ayaqqabı almaq olardı. Çox az pul idi. Yaxşı işləyən uşaqlar bir az çox qazanırdılar. Yüz manat filan. Mənim kimisi on beş - iyirmi manat alırdı.

 

- Bir aylıq “məşqdən” sonra ilk dərs gününüz necə keçirdi?

 

- Məktəbə getməmişdən qabaq anamla Bakıya gəlmişdik. Dayım dəniz kənarında yaşayırdı. Köhnə binalarda. Məktəbə getməyim münasibət ilə mənə kostyum aldı. O kostyumla yatıb dururdum. Allaha yalvarırdım ki, sentyabrın biri tez gəlsin, hamı görsün ki, mənim nə qəşəng kostyumum var. Cəmi bircə gün geyindim. Sentyabrın birində məni məktəbdən qovdular ki, bu kostyum məktəbliyə yaraşmır. Oxşar hadisə bir də səkkizdə oxuyanda baş verdi. Cins şalvar geyinib getmişdim. Yenə məni məktəbdən qovdular, üç gün məktəbə buraxmadılar ki, məktəblilərin geyim qaydasını pozmuşam.

 

 

 - İlk müəlliminizdən danışın bir az. Necə müəllim idi?

 

- Məryəm müəllimə əlli-əlli beş yaşlarında çox gözəl qadın idi, çooox! Qara qaş, qara göz. Saçlarını ortadan ayırardı. İri qara gözləri, nurani sifəti vardı. Əsl şərq gözəliydi! Hamımız onu çox istəyirdik. Səs eləyəndə adamı kömür “peç”inin dəmiriylə döyürdü. Oxumayan uşaqları çox incidirdi. Yadımdadı, uşaqların biri qorxusundan pəncərədən tullanıb qaçmışdı. Tapşırığı etməmişdi deyə. Bilirdi, döyüləcək. Sonra başqa sinfə keçdi. Bizim sinfə gəlmədi. Şagirdi döyməyən müəllimi yaxşı müəllim saymırdıq ki, bu sovet təhsil sisteminə xəyanət edir. Valideyn özü gəlib deyirdi ki, öldür uşağı. Amma oxusun. Evdən çıxandan sonra uşağın bütün ixtiyarı müəllimə keçirdi. Bütün müəllimlər istisnasız olaraq bizi döyürdülər. Çubuqla, təpiklə, silləylə... Əlbəyaxa və qaydasız döyüşün bütün növləri tətbiq olunurdu.

 

 

Azərbaycan dili və ədəbiyyatı çox sevən Q. Zeynalovun ən sevmədiyi fənn musiqi və rəsm olub.

 

 

- Rəsmi heç sevməmişəm. İndi də eləyəm. Şəkil çəkə bilmirəm. Alsu (qızı) da çəkə bilmir. Anası çəkir əvəzinə. Kimyanı da sevmirdim. Amma canımı dişimə tutub oxuyurdum. Nəğmədən başqa. Bakıdan nəğmə müəlliməsi gəlmişdi. Dərsdə qaldırdı ki, “Sürəyya” mahnısını oxuyum. Uşaqlar hamısı başladılar gülüşməyə. Çıxdım mahnını oxudum, mənə “üç” verdi. Jurnalı götürdüm getdim müəllimlər otağına, tələb elədim ki, müəllim məndən üzr istəsin. Biz tərəfdə mahnı oxumaq adi şeydi. Sinif rəhbərim gəldi, dedi sinifdəkilərin hamısı yaxşı mahnı oxuyur, bir nəfər də yaxşı dərs oxusun. Bülbül adına musiqi məktəbidi bura? Üçümü beş elədi.

 

 

 

Həmişə bir, iki, üçüncü partalarda əyləşən balaca Qulu “kojik” yemək, “semiçka” çırtlamaq lazım olanda arxa partaya keçərmiş. Yaxşı oxuduğuna görə, müəllimlərin sevimlisi olsa da, bəzi müəllimləri ilə konflikti də varmış.

 

 

- Tarix müəllimimiz cavan oğlan idi. Universiteti təzə bitirib gəlmişdi. Forslu, ədalı. Səkkizdə oxuyurdum. Üzümə gedəndə mübahisəmiz düşdü. Şagirdlərə maşının “podnojka”sına minmək olmaz. Mən də “podnojka”da gedib gəlirdim. O məni ordan düşürtdü. Aramız dəydi. Dərsə gələndə məni qaldırdı ki, dur dərsi danış. Dedim, bilmirəm. Dedi, onda kitabı üzündən oxu. Dedim. Üzündən oxuya bilmirəm. Bu vaxt “zavuç” girdi içəri. Təzə müəllimə məni təqdim elədi: “Komsomolun fəxri üzvüdür. Bakıda şeirləri çap olur. Mükafat veriblər. Fəxrimizdir!” Müəllimin ayağının altında yer qaçdı. Dedi, məni dolamısan: “Sənin qiymətini kəsəcəm. Sən məni ələ salmısan”. Bir müddət sonra dostlaşdıq. Aramız tamam düzəldi. Ümumiyyətlə, müəllimlərlə münasibətimiz yaxşı olub. Mahmud Dəmirçiyev altıncı sinifdən axıra qədər sinif rəhbərimiz olub. Əmək təlimini keçirdi. Həm də gözəl rəssam idi. Hazırda Qazaxın Salahlı kəndində işləyir. Bizim sinif məktəbdə seçilirdi. Elə gözəl bəzəmişdi ki... Biz məzun olandan sonra dedi, sizdən sonra daha burda dərs demərəm. Çıxıb getdi. Bir neçə dəfə telefonla danışmışıq. Amma görüşməmişik. Müəllimlərimi, sinif yoldaşlarımdan çoxunu otuz ilə yaxındır görməmişəm. Ən yaxın dostum Yaşar olub. Həsənov. İndi Bərdədə yaşayır. Mühasib işləyir. Bakıdakı uşaqlardan çox onu görürəm.

 

 

- Ən çox kimi görmək istəyərdiniz?

 

 

Səsi qəhərlənir, üzünə kədər çökür.

 

 

- Xaliqi. Ən çox Xaliq Qasımovu. Mən ona şeir də yazmışdım:

 

Harda itib batmısan?

Hayına çağır gəlim.

Toyuna çağırmadın,

Vayına çağır gəlim.

 

Müharibəyə gedəndə iyirmi üç yaşı vardı. Axırıncı dəfə onu 93-də Ağdam uğrunda döyüşdə, Qarqarda atışan görüblər. Polis idi. Yaxşı rəssam idi. Gözəl rəsmlər çəkirdi. O vaxtdan ondan xəbər olmadı. Xaliqin anası hələ də oğlunun yolunu gözləyir. Cahan xala. Danışa da bilmir, iflic olub. Bir dəfə yanına getmişdim. Məni tanımadı. Yataq xəstəsidi. Qonşu otaqdan baxdım.

 

 

Ardınca digər sinif yoldaşlarını xatırlayır. Rəhmətlik Ramil Qasımovu, Vəlini.

 

 

- Xaliq, Ramil və Vəli. Dəhşətli dərəcədə bu üçünü görmək istəyir. Onlar üçün elə darıxıram...

 

- Bəs qalanları?

 

- Qalanlarına bir-iki dəfə təklif etdim ki, gəlin görüşək. Alınmadı. Əvvəl başa düşmürdüm, niyə görüşmək istəmirlər. Sonra mənə dedilər, maddi imkanları yoxdu deyə görüşmürlər. Dedim, bahalı yer tutmarıq. Kabab yemərik, kartof yeyərik. Amma bir-birimizi görərik. Gələn il məzun olmağımızın otuz ili olacaq. Qismət.

 

 

Söhbət özü gəlib çıxır sevgi-məhəbbətə. Deyir, sevgisiz məktəb illəri olar?!

 

- Sevmişəm (gülür). Müəlliməmdən tutmuş, qızlara kimi. İlk dəfə hazırlığa gedəndə sevmişəm. Altı yaşım olardı. Orda biz qız görmüşdüm, ona vurulmuşdum. Sonra pis oxudu, ayrı bir qız yaxşı oxudu, onu sevdim. Beşdə-altıda oxuyanda bu qız da pis oxudu, onda da ayrı yaxşı oxuyan qızı sevdim. Ancaq yaxşı oxuyanları, təriflənən qızları sevirdim. Müəllimlərimin də hansı qəşəng idi, onu sevirdim. Hətta bir dəfə biri mənim haqqımda müəllim yoldaşına demişdi, bu uşaq kimlə ailə qursa, xoşbəxt olacaq: “Ağıllı, savadlı, tərbiyəli”. Onda tutmuşdum ki, hə, bu subaydı, yəqin özünü nəzərdə tutur, mənə ərə gəlsin. Ona da belə vurulmuşdum. Məni də seviblər. Yeddidə oxuyurdum. Bir qız mənə sevgi məktubu yazmışdı. Başqa sinifdə oxuyurdu. Mən də getdim onun qohumu oğlana şikayət elədim ki, ona de, daha mənə yazmasın.

 

- Niyə?

 

- Oğlanlar bunu bilsəydi, sonra lağ edəcəkdilər. Axı məktub yazmaq oğlanın işi idi?! Yuxarı sinif oğlanları qız sevəndə məndən xahiş edirdilər, qıza sevgi seirləri yazırdım. Bir qıza rəfiqəsindən məktub yolladıq. Ondan cavab gəldi ki, kül sənin başına, yaza bilirsən, özün yaz. Quluya niyə yazdırırsan? Onda bildim ki, oğlanların əvəzindən mən yazdığımı hamı bilirmiş (gülür).

 

Yaxşı oxuduqları kimi də nadinclikləri də az olmayıb. Ən çox da pambıqda.

 

- Sözləşib birinin ayaq barmaqlarının arasında kağız qoyub yandırırdıq. Kağız yanıb barmağa çatanda adam durub paltarsız çölə qaçırdı.

Sinifdə iyirmi beş uşağıydıq. Qız azıydı, oğlan çox. Səkkiz Mart ərəfəsiydi. Pulu yığıb verdilər mənə. Özümlə üç dostumu götürüb getdik Ağdama. Gördük üskük oynadırlar. Saleh Nuriyev dedi, gəlin tapaq. Dedim, xatadı, gəlin gedək. Nəysə, iki-üç dəfə tapdıq. Dedim, uşaqlar, gəlin pulu götürüb gedək. Həvəsləndirib, qiyməti qaldırdılar. Üsküyü qaldırdı, çıxmadı. Evimiz yıxıldı. İkinci dəfə nəinki cibimizdəki pulu, hətta qızlar üçün yığdığımız pulu da verdik. Çünki bizi döyəcəkdilər. Ordan beş mərtəbəyə qədər piyada gəldik. Qonşu kənddə gedən avtobusa mindik, qapıda düşüb qaçdıq. Pulumuz qalmamışdı verməyə. Ordan da kəndə beş kilometr yolu piyada getdik. Sonra dost tanışdan pul yığıb səhəri gün bir də Ağdama gəldik. Univermaqdan kukla aldıq. Birini də anam üçün aldım. O vaxt gəlin maşınının qabağına kukla qoyardılar. Anam dedi, sən  evlənsən, bu kuklanı maşının qabağına qoyarıq. Kukla qaldı kənddə. Ağdam işğal olanda nəyimiz vardı, qaldı evdə. Bu yaxınlarda mənə şəkil göndərdi. Kuklanı görəndə dəhşətə gəldim. O kuklanı görmək üçün burnumun ucu göynəyir.

 

 

Xatirələri bununla da bitmir. Məktəb illərinin ən kədərli hadisəsini danışır.

 

 

- Orta məktəbi qurtaranda buraxılış imtahanında sərbəst mövzu işlədim. Hüseyn Cavidin “Siyavuş”unu işlədiyimə görə, rayondan komissiya gətirdilər. Mənim işimi, valideynlərimi yoxladılar. Təşvişə düşmüşdülər. Soruşurdular ki, Hüseyn Cavidlə niyə bu qədər maraqlanıram. Hüseyn Cavid, Mikayıl Müşviq haqqında bilirdim. Ağdamda bir filoloq vardı, o mənə repressiyalar haqqında danışmışdı. Hüseyn Cavidə görə qiymətimi kəsdilər. Üçdə dörd yazdılar. Bir sinif yoldaşım məni müdafiə eləmədi. Axırıncı dəfə məktəbdən çıxanda istədim dönəm baxam, dönmədim. Sonradan kimlərin bu işi qurduğunu öyrəndim. Ki, jurnalistikaya qəbul ola bilməyim. Komissiyanı məktəbdən iki müəllim çağırmışdı. Sonra onlardan biri etiraf elədi, dedi məktubla müraciət elə, qiymətini düzəldək. Razılaşmadım. Sonra qardaşıma deyib, qardaşım da onu bıçaqla qovmuşdu. Sonra onun mənə işi düşmüşdü, kömək elədim. Daha sonra yasda qarşılaşdıq, salam verdi, almadım. Toyda görüşdük. Salam verdi, almadım. Sinif yoldaşlarımla da ürəyim qırıldı. Heç biri demədilər ki, biz bundan köçürüb “beş” alırıqsa, necə olur o “dörd” alır? Bir həftə çörək yemədim. Aclıq elan elədim. Yeddinci sinifdən rayon qəzetinin ştatdan kənar müxbiri işləyirdim. Qonorarla yazılar yazırdım: “Zəhmətkeş suçu”, “Qabaqcıl mexanizator” və s. Qəzetin baş redaktoru mənə zəmanət vermişdi ki, jurnalistikaya qəbul olum. Bunu da məktəbdə demişdim. Onlar bilərəkdən belə etdilər ki, mənim sənədlərim jurnalistikaya getməsin. Ömrü boyu onların salamını almadım, ömrü boyu da onları bağışlamayacağam. Onlar belə yiyəsiz, yetim uşaqla davrana bilərdilər. Və davrandılar da.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 6589
avatar

Ləman Mustafaqızı

Oxşar yazılar