Anar Nağılbaz
28 mart 2023 15:07 (UTC +04:00)

Anar Nağılbaz

Zirvədən yerə çırpılan Nağılbaz - İntim görüntülər onun sonu oldu

Biri var idi, biri yox idi, bu dünyada bir Anar Nağılbaz var idi. Yaşasaydı bu gün Azərbaycanda repin atasının 47 yaşı olacaqdı. Amma olmadı. O nə repə , nə də öz doğma balalarına sona qədər atalıq edə bilmədi. 42 yaşında anlamsız adlandırdığı dünyadan köçdü getdi. 

Lent.az bu gün “Bir ulduz axdı” layihəsində 47 yaşı tamam olan mərhum repçi Anar Nağılbazı xatırlayır.

Anar Nağılbaz 28 mart 1976-cı ildə Xırdalanda anadan olub. Atası sabiq deputat Rizvan Cəbiyev idi. 

Atası onu jurnalist kimi görmək istəsə də, o, Mədəniyyət və İncəsənət Universitetinin televiziya rejissorluğu fakültəsini bitirib. Elə yeniyetməlik çağından  arzuları aşıb daşan Anar Azərbaycanda nədəsə bir ilkə imza atmaq, inqilab etmək istəyirdi. Bunu sonralar  verdiyi müsahibələrdə də dəfələrlə qeyd etmişdi.

Hip-hopa maraq göstərən Anar Nağılbaz rep karyerasına 1990-cı ildə 14 yaşında başlayıb, həmin il Yaltada keçirilən beynəlxalq festivalın qalibi olub.

Yaradıcılığa ilk dəfə nağıllarla başlayan repçi bu səbəblə özünə Nağılbaz təxəllüsünü götürüb.

1990-cı illərdə bir müddət  “Kirpi” jurnalında, “Naxçıvan” qəzetində müxbir, mədəniyyət saraylarında rejissor kimi  çalışıb. Şöhrət onu tez tapır. 90-cı illərdə Anar Nağılbaz zirvəyə doğru sürətlə qalxırdı. İlk  klipi “Narko dünya” ona böyük məşhurluq gətirir. Dediyi replərdə, çəkdiyi kliplərdə narkotiklərdən həddən artıq bəhs edirdi, çoxları onun narkoman olduğunu düşünürdü. Ona şöhrət gətirən “Narko dünya” elə ölümünə də səbəb olur. Bu barədə az sonra.

Konsertlərdən qazandığı gəlirlə “Bakı oğrusu” filmini çəkməyi də unutmamışdı.

Pulu da var idi, şöhrəti də. Gənc yaşda gələn ani şöhrət başını gicəlləndirdi, ətrafına yığışan kütlə onun ətəyindən sallanıb zirvədən salmağı da, uçuruma yuvarlamağı da bacardı. O, ilk dəfə 2000-ci ildə bir milyarderin qızı ilə nişanlansa da münasibətlər tez pozulur.

Anar Anjelika adlı xanımla eşq yaşayır. Qızın ailəsi onların münasibətlərini qəbul etmir deyə toylarına da gəlmirlər. Anar Nağılbazın anası Şərqiyyə xanımın dediyinə görə, Anar səsini çıxarmasa da, evlənəndən sonra çox dəyişir, ailə həyatından məmnun olmur. Anarın içkiyə qurşanması ailəni uçuruma aparır. Anjelika iki övladını götürüb Anarı tərk edir.

Ömrünün son illərində Nağılbazın şəxsi həyatı qalmaqallarla zəngin olub. Onun haqqında dayanmadan nağıllar danışırdılar. Artıq yaradıcılığı ilə deyil, xoşagəlməz xəbərlərlə gündəmə gəlirdi. Hər dəfə haqqında nəsə yazılanda o bir az da çökür, bir az da batır, təsəllini narkotik vasitələrdə, içki şüşələrində axtarırdı. Bütün bunlar əlbəttə onun səhhətinə təsirsiz ötüşmürdü. Anar qaraciyər sirrozuna tutulur. Bir yandan pulsuzluq, bir yandan itən şöhrət və işsizlik, bir yandan sosial şəbəkələrdə üstünə çəkilən hücumlar... Anar ölkəni tərk etmək qərarı verir və Çexiyanın paytaxtı Praqaya gedir. Həmin ərəfələrdə atası onun müalicə üçün getdiyini desə də, Anarın siyasi mühacir kimi getdiyini, hətta orda cinsi yollarla ötürülən sifilis xəstəliyinə tutulduğunu iddia edənlər də var. Anar 1 il Çexiyada qalır, Avropa pasportu almağa lap az qalmış ani bir qərarla geri dönür.

Həmin ərəfədə Anarın yanında olmuş dostu Qadın Krizis Mərkəzinin rəhbəri, hazırda Praqada mühacir həyatı yaşayan Mətanət Əzizovanın danışdıqlarından:

“Anar keçmiş arvadının “Whatsapp” yazışmalarını gördükdən sonra ağır vəziyyətə düşdü. Çox istəyirdi ki, ailəsi yanına gəlsin. Deyirdi ki, oğlumu çex məktəbinə, qızımı bağçaya qoymaq istəyirəm, yoldaşım isə gözəllik salonunda çalışa bilər. Amma  arvadı Anjelika Praqaya gəlmək istəmirdi. Buna görə də söz-söhbət artırdı. Çexiyadan Azərbaycana geri dönməsinin əsl səbəbi sırf ailəsi idi. Əvvəl Anara yazdılar ki, “sənin yoldaşın kimlərləsə ünsiyyətdədir”. Sonra isə bildirdilər ki, “gəl, ailən başsız qalıb, dağıla bilər”. Daha sonra isə Anar yoldaşının “Whatsapp” yazışmalarını gördü. Bilmirəm orda nə var idi. Amma gecə evimə gəlib dedi ki, “ölürəm, mənə kömək elə, ailəmi itirirəm, balalarım yazıqdır”. Vəziyyəti çox pis idi. Səhəri gün Bakıya qayıtdı”.

Anar Nağılbaz sağlığında xəstəliyi, sifilisə yoluxması ilə bağlı verilən suala  “Bu informasiyanı haradan götürmüsüz? Bu şayiə deyil, hər halda kimsə yayıb. Heç kimdən gizlin deyil ki, öd kisəm, mədə və sinirlərimlə bağlı əziyyət çəkmişəm” deyə cavab verib.

2017-ci ildə Anarın haqqında daha qorxunc məlumatlar, daha doğrusu onun intim görüntüləri yayılır. Anar bundan çox utanır hətta məsələylə bağlı verdiyi media konfransda özünü saxlaya bilməyib ağlayır.

Bu  hadisədən sonra onun depressiyadan çıxması imkansız kimi görünsə də, həyatına daxil olan Aytən adlı xanım ümid işığına çevrilir. Aytən xaricdə yaşayırdı və onun pərəstişkarı idi. Özündən yaşca çox kiçik olan Aytən Anara dəstək olur, o, ətrafında  barmaqla sayılacaq qədər az qalmış dostlarına bu qızı çox sevdiyini deyir. Qəribədir ki, onun böyük sevgisi ilə münasibətləri platonik sevgi kimi bir şey olub. Xaricdə yaşayan Aytənlə bircə dəfə görüşə bilirlər. Gizlincə evlənmək üçün. 2018-ci ilin yanvarında evlənirlər. Bu evlilikdən Anarın ailəsi çox gec xəbər tutur.

Aytən işinə görə yenidən xaricə qayıdır. Anarın anasının dediyinə görə, Aytən oğluna çox dəstək olsa da, özü də xərçəng xəstəsiymiş. Hətta Anar ölərkən məzarı üstünə belə gələ bilməyib. Sadəcə üstünə kədərli mesaj yazılmış bir əklil göndərib.

Birinci arvadının isə məzarına gəlməməsini Anar özü vəsiyyət edibmiş.

Şərqiyyə xanımın Aytən barədə dediklərindən:

"İnternetdə tanış olmuşdular. Bakıya gəldi, bizimlə tanış oldu, sonra çıxıb getdi. İşdən icazə alıb gəlmişdi, çox qala bilmədi. Anar işlərini qaydaya salandan sonra onun yanına gedəcəkdi. Yazıq balam, arzusu ürəyində qaldı. Oğlumu çox sevirdi. İnanın, yazıqlar heç bir həftə bir yastığa baş qoymayıblar”.

2018-ci il avqustun 4-də Anar qaraciyər sirrozu xəstəliyindən vəfat edir. Dəfninə  çox az adam gəlir. Bir zamanlar dəstə - dəstə arxasınca gəzən heyranları, bir çox dostları onu son mənzilə yola salmaq istəmirlər. Bax beləcə bu nağıl kədərli sonluqla başa çatır.

Anarın Tamerlan və Şərqiyyə adlı iki balası artıq yeniyetməlik çağlarını yaşayırlar. Anjelika ilə keçmiş qaynanası arasında olan mübahisələrə görə uşaqlar Anarın ailəsi ilə nadirən görüşə bilir. Öləcəyini bilə - bilə xəstə Anarla evlənən fədakar Aytən barədə isə məlumat yoxdur.

Onu kim və ya nə öldürdü? Xətaları, yaşadığı stress, yoxsa dayanmadan üstünə hücum çəkib ittiham edən cəmiyyət? Hər bir halda bu dünyadan bir Nağılbaz keçdi. Yaxşı və yaman şöhrətin məhv etdiyi adam.

# 18156
avatar

İlhamə HƏKİMOĞLU

Oxşar yazılar