Türkiyənin FOX TV kanalında yayımlanan “Tacsız Prenses” (“Tacsız şahzadə”) serialı elə ilk bölümüylə tamaşaçıları ovsunlamağı bacarıb.
Lent.az-ın məlumatına görə, filmin rejissoru Volkan Keskindir. Baş rolu, yəni Masal obrazını yaradan uşaq aktrisa Elif Kurtaran öz səmimi və inandırıcı oyunu ilə tamaşaçıların qəlbinə yol tapmağı və öz hekayəsi ilə kövrəltməyi bacardı.
Filmdə İsmayıl Hacıoğlu, Sümeyya Aydoğan, Tolqa Tekin, Elif Kurtaran, Seda Akman, Mustafa Kırantepe kimi bacarıqlı aktyorlar rol alıb.
Film anası xəstəxanaya düşdükdən sonra zalım ögey atası ilə tək qalan, anasının müalicəsi üçün oğurluq etməyə məcbur qalan balaca qızın hekayəsi ilə başlasa da , onun taleyi ətrafındakı bir çox insanların taleyi ilə kəsişir. Bu qəhrəmanların hər birinin ağrılı bir ömür hekayəsi var və onlar “insan insanın ümididir” deyərək, bir-birlərinin əlindən tutmağa çalışırlar.
Kim kimin həyatını qurtaracaq, kim kimə dərman olacaq, bunu filmin növbəti serialarını izləyərkən görəcəyik.
Film elə ilk seriyası ilə reytinq cədvəllərində ön plana keçməyi bacarıb.