Heydər Əliyev Fondundan APA-ya verilən məlumata görə, ölkənin kütləvi informasiya vasitələrində Afinada təşkil olunacaq tədbirlər barəsində geniş məlumat verilib, bu mədəniyyət günlərinin yunan xalqının Azərbaycanı daha yaxından tanıması üçün bir imkan olduğu bildirilib.
Qeyd edək ki, sentyabrın 27-28-də təşkil olunacaq tədbirlər çərçivəsində Azərbaycanın tarixi-mədəni irsinin təbliği, iki ölkə arasında əlaqələrin genişləndirilməsi məqsədi ilə proqramlar təqdim ediləcək.
“Baku 2015” Birinci Avropa Oyunları ilə bağlı təqdimat, Bakının Avropa Oyunlarına hazırlıqlarını əks etdirən filmin nümayişi, Azərbaycan Dövlət Simfonik Orkestri və Dövlət Rəqs Ansamblının çıxışı olacaq. Heydər Əliyev Fondu, Azərbaycanın Yunanıstandakı səfirliyi və Yunanıstanın Marianna V.Vardinoyannis Fondunun birgə təşkilatçılığı ilə keçiriləcək konsert təhsilə dəstək layihəsinə yardım xarakteri daşıyacaq.
“Egiakoumis.gr” saytında dərc olunan “Mədəniyyət və incəsənət Yunanıstanla Azərbaycanı birləşdirir” adlı məqalədə deyilir ki, 2014-cü ilin aprelində Afinada Bakı Musiqi Akademiyası konsert verib, iyun ayında isə Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun təşəbbüsü ilə Azərbaycanın Dövlət Kamera Orkestri böyük tamaşaçı auditoriyasını heyran edib. Heydər Əliyev Fondu və onun prezidenti bununla kifayətlənməyib Yunanıstana Azərbaycan mədəniyyətinin digər elementlərini təqdim etmək niyyətindədir.
Məqalədə bildirilir ki, Azərbaycan tək təbii yox, həm də zəngin, dəyərli mədəni sərvətlərə malikdir və bu ölkənin əsas ixrac məhsulu iqtisadiyyat yox, mədəniyyətdir. Yunanıstan mediasında yer almış materiallarda Afinada bu ölkədə təhsilə dəstək layihəsinə yardım üçün keçiriləcək xeyriyyə konsertindən rəğbətlə söz açılıb, tədbirlərin iki ölkə arasında əlaqələrin genişlənməsinə təkan olacağı bildirilib.
Xatırladaq ki, Heydər Əliyev Fondu ölkələr və xalqlar arasında əlaqələrin genişləndirilməsi, Azərbaycanın təbliği məqsədi ilə bu günədək Rusiya, Almaniya, Fransa, İtaliya, Yunanıstan və digər ölkələrdə bir sıra tədbirlər, müxtəlif layihələr həyata keçirib.