“British Council” və müstəqil ADO teatrının təşkilatçılığı ilə Bakıda ustad dərsləri keçirilir.
Dərslərdə aktyorlarla yanaşı ADMİU-nun tələbələri də iştirak edir. Ustad dərsləri Britaniyanın Rouz Bruford kollecinin əməkdaşları Niam Daulinq və İrina Braunun rəhbərliyi altında keçirilir. Bu dərslər fəaliyyətdə olan teatr mütəxəssisləri, rejissor və aktyor ixtisası tələbələri üçün nəzərdə tutulub.
“British Council”dən bildirilib ki, improvizə teatrı Şekspirin əsərlərində əsas mövzulardan olan qısqanclıq, ağılsızlıq və hakimiyyət kimi motivləri önə çəkir və yaradıcı bir mühitdə nümayiş etdirir. Qrup Şekspirin pyeslərindəki monoloqlardan istifadə edir.
Eyni zamanda rejissorlar ADO teatrının 12 mart saat 19:00-da nümayiş olunacaq STOP tamaşasını da izləyəcəklər.
Qeyd olunan layihə dahi şair və dramaturq Uilyam Şekspirin vəfatının 400 illiyi ilə əlaqədar olaraq həyata keçirilən qlobal tədbirlər proqramı –“Shakespeare Lives” (Şekspir yaşayır) festivalı çərçivəsində həyata keçirilir. Festivalı “British Council” həyata keçirir.
Qeyd edək ki, İrina Braun həmçinin tanınmış sovet rejissoru Andrey Tarkovskinin köməkçisi olub.