Dekabrda Naxçıvan Dövlət Dram Teatrında Taleh Həmidin “Yəhya bəy Dilqəm” tamaşasının premyerası keçiriləcək. Xalq artisti Kamran Quliyevin APA-ya verdiyi məlumata görə, əsər XIX əsrin əvvəllərində yaşayan şair Yəhya bəy Dilqəmin həyatından bəhs edir: “Eyni zamanda Yəhya bəyin nakam məhəbbətinin fonunda rusların Azərbaycan ərazisində apardığı işğal siyasəti də öz əksini tapıb. Azərbaycan ikiyə parçalanandan sonra kəndlərdə üsyanları yatırmaq üçün rusların, malakanların, ermənilər zorla yerləşdirilməsi və buna Azərbaycan bəylərinin, mülkədarlarının etirazı da əks olunub”.
K. Quliyev əlavə edib ki, tamaşa lirik-psixoloji janrdadır. Səhnə əsərinin quruluşçu rejissoru xalq artisti Kamran Quliyev, musiqi tərtibatçısı əməkdar mədəniyyət işçisi İmamqulu Əhmədov, rəssamı Naxçıvan Muxtar Respublikasının əməkdar rəssamı Əbülfəz Axundovdur.
Əsas rollarda xalq artisti Həsən Ağasoy, əməkdar artistlər Xəlil Hüseynov, Yusif Allahverdiyev, Nəzakət Xudiyev, Bəhruz Haqverdiyev, Əbülfəz İmanov, aktyorlar Nazlı Hüseynquliyeva, Zəminə Baxşəliyeva, Nurbəniz Niftəliyeva, Səyyad Məmmədov oynayırlar.