Bu gün Rəşid Behbudov adına Mahnı Teatrında tanınmış söz adamı, şairə-publisist, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Nurəngiz Günün xatirəsi anılıb.
APA TV-nin məlumatına görə, Nurəngiz Günün xatirə işığına toplaşanlar mərhumun ömür yolunu vərəqləyiblər.
Akademik Teymur Kərimli bildirib ki, Nurəngiz Gün oxucularla ilk görüşə ilk dəfə “Ulduz” jurnalında dərc olunan “Tanrı” povesti ilə gəlib. Özünəməxsus dəsti-xətti, yolu olan, şeirlərində səmimiliyi, ideya aydınlığı ilə seçilən Nurəngiz xanım XX əsrin 70-ci illər ədəbi nəslinə mənsubdur.
Ədəbiyyata nəsr əsəri ilə gələn şairə “Tanrı bəşər övladıdır”, “Ağ qanadlar”, “Günəşə dua”, “Yol gedirəm”, “Xocalı simfoniyası” və digər şeir kitablarının müəllifidir. Nurəngiz Günün şeirləri bir çox xarici ölkələrdə - Türkiyə, Estoniya, Özbəkistan, İran, İraq və keçmiş Yuqoslaviyada çap olunub. Şairə müxtəlif vaxtlarda xarici ölkələrin ədəbi mükafatlarına layiq görülüb.
Tədbirdə çıxış edən xalq şairi Nəriman Həsənzadə Nurəngiz Günü istedadlı şairə, publisist və gözəl insan kimi xarakterizə edib. O, Nurəngiz Günü həm də xoşbəxt ana adlandırıb. Nurəngiz Günün Azərbaycan dilinin qorunmasında xidmətləri də xatırladan xalq şairi qeyd edib ki, o, istər şeirlərində və söhbətlərində, istərsə də aparıcılıq fəaliyyətində daim dilimizə hörmətlə yanaşıb.
Nəriman Həsənzadə Nurəngiz Günün yaradıcılığını nurlu və günəşli poeziya adlandırıb və onun minillik Azərbaycan qadın poeziyasında yeri olduğuna diqqət çəkib.
Şairin qızı, Milli Məclisin deputatı Jalə Əliyeva anasız ötən bir ilin onun üçün çox ağır olduğunu deyib , tədbirin təşkilatçılarına və iştirakçılarına minnətdarlığını bildirib.
"Ağrılı-acılı düz bir il beləcə keçdi. Xatirlər isə denən kimi canlıdır. BU gün biz hamımız Nurəngiz Günün xatirəsinin xatirəsinin işığına toplaşmışıq. Bu gün bura gələn, bizim yanımızda olan , ümumiyyətlə bu bir ildə Nurəngiz xanımı anan, onunla birlikdə yaşayan, mənim acılarımı paylaşan bütün dostlarımıza təşəkkür edirəm".
Tədbirində Milli Məclisin deputatları, elm və mədəniyyət xadimləri, sənətkarın ailə üzvləri və ədəbi ictimaiyyətin nümayəndələri iştirak ediblər.