Romadakı La Sapienza Universitetinin nəzdində fəaliyyət göstərən Azərbaycan üzrə Araşdırmalar və Tədqiqatlar Mərkəzində “Şuşa qalasi” klipinin təqdimatı olub. Lent.az-ın məlumatına Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə ərsəyə gəlmiş “Şuşa qalası” klipi italyan dilində bu ölkənin tanınmış musiqiçiləri tərəfindən ərsəyə gəlib. Filmin rejissoru Nihad İsa, ssenari müəllifi jurnalist Səbuhi Məmmədlidir.
Tədbirdə çıxış edən Azərbaycan və Qafqaz üzrə Gənc İtalyan Tədqiqatçılar Assosiasiyasının prezidenti, professor Daniel Pommier bildirib ki, tarixə nəzər saldıqda azadlıq uğrunda gedən mübarizədə xalqlarımızın şəhidlər verdiyinin şahidi oluruq. Azərbaycanın müstəqillik tarixi barədə artıq İtaliya ictimaiyyətinin də məlumatlı olduğunu bildirən D. Pommier 20 Yanvar gecəsi həyatını itirmiş insanların əziz xatirəsinin ehtiramla yad edib.
Azərbaycanın İtaliyadakı müvəqqəti işlər vəkili Vüqar Hacıyev bildirib ki, tariximizin ən qanlı səhifələrindən biri olan 20 Yanvar faciəsi zamanı onlarla insan qətlə yetirilib, yüzlərlə insan isə yaralanıb. Bakıdakı bu faciə Azərbaycanda Sovet rejiminin süqutunu daha da sürətləndirib, xalqımızın Sovet İttifaqına qarşı dirəniş göstərən ən mübariz xalq olduğunu nümayiş etdirib.
Şuranın əməkdaşı Toğrul Məmmədli çıxış edərək azərbaycanlı tələbələrin xaricdə təhsil aldıqları universitetlərdə, iştirak etdikləri tədbirlərdə ölkəmizlə bağlı həqiqətləri, o cümlədən 20 Yanvar faciəsi haqqında məlumatları təbliğ etməkdə fəal olmağa çağırıb. Bildirib ki, dövlətimiz gənclərimizin bu kimi tədbirlər keçirməsinə hər zaman dəstək olur. Şura da öz növbəsində müvafiq istiqamətdə irəli sürülən təşəbbüslərə dəstək olmağa hər zaman hazırdır. Azərbaycan reallıqlarının təbliği hər bir azərbaycanlı gəncin borcudur.
“Şuşa qalası” filminin rejissoru Nihad İsa, İtaliyadakı Rəqs Missiyası Assosiasiyasının prezidenti Raisa Salaxova çıxış edərək Azərbaycan həqiqətlərini dünyaya çatdırmaq üçün belə tədbirlərin keçirilməsinin vacibliyini vurğulayıblar. “Biz Şuşayla bağlı məhz italiyalı musiqiçilər tərəfindən klipin çəkilişinə nail olduq. Millət vəkili, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri Azay müəlllim də mövzuya həssas yanaşdı. Şura sonacan bu ideyanı dəstəklədi. A. Quliyevin təşəbbüsü ilə Xocalı faciəsinin ildönümü ərəfəsində biz italiyalı aktyorların iştirakı ilə real hadisələrdən bəhs edən “Xocalıda qırmızı mələk” tamaşasını da Bakıda səhnəyə çıxardacağıq”.
Sonda “Şuşa qalası” filmi nümayiş edilib.