Ramal Hüseynov canlı efirdə cin çıxarma qalmaqalından danışdı - EKSKLÜZİV
30 noyabr 2013 13:46 (UTC +04:00)

Ramal Hüseynov canlı efirdə cin çıxarma qalmaqalından danışdı - EKSKLÜZİV

Ötən həftə “Space” kanalının efirində canlı yayımda baş tutan cin çıxarma şousu xeyli rezonans doğurdu. Yaşanan rezonansın ardınca proqramın aparıcıları Ramal Hüseynov və Kəmalə Əzizqızının verilişdən ayrıldıqları məlum oldu.

 

Məsələ ilə bağlı Lent.az-a eksklüziv açıqlama verən R.Hüseynov bildirib ki, əslində, bununla bağlı mətbuata danışmaq fikri yox idi, ancaq həmin layihənin rəhbəri olan “Soy Production”ın direktoru Oqtay Əliyevin mətbuata dedikləri ona da cavab haqqı verib.

 

R. Hüseynovun sözlərinə görə, O.Əliyev öz layihəsinə haqq qazandırmağa çalışsa da, əksinə, daha da pis vəziyyətə düşüb: “Oqtay müəllimin açıqlamasından belə çıxır ki, guya o, bizlə sınaq dövrü üçün müqavilə bağlayıb. Sınaq dövrü də uğursuz olduğu üçün bizi göndəriblər. Halbuki ortada heç bir müqavilə yoxdur. Bizim bütün razılaşmalarımız şərti qaydada olub. Hətta maliyyə məsələlərində də şərti olaraq razılaşmışıq. Əgər doğrudan da özünün dediyi kimi “hansısa müqavilə” varsa, çıxarıb göstərsin”.

 

R.Hüseynov deyib ki, ona bu layihədə işləmək təklif ediləndə kifayət qədər səviyyəli proyekt olacağı vədi verilmişdi: “Mən əvvəl həmin verilişdə redaktor idim. Sonradan təklif edildi ki, mən də aparıcı olum. Vəd edildi ki, səviyyəli mövzular müzakirə olunacaq və səviyyəli qonaqlar dəvət ediləcək. Mən də buna inanıb razılaşdım. Ancaq bir müddət sonra proseslər bizim istədiyimiz kimi getmədi. Bununla belə, əvvəlcədən çəkilmiş verilişlərdə kifayət qədər normal mövzular işləmişdik. Canlı yayıma keçəndən sonra isə artıq hadisələr canlı yayımın içində dəyişməyə başladı. Biz özümüz də məəttəl qalırdıq ki, necə oldu bu səviyyəyə gəldi”.

 

Aparıcının sözlərinə görə, məlum cin çıxarılan verilişin reytinqə hesablanmış bir proyekt olduğunu canlı yayımdan sonra anlayıblar: “Verilişə dəvət olunan qonaqları, mövzuları mən seçmirdim. Bu məsələlər konkret layihənin rəhbərlərinin iradəsi ilə baş verirdi. İndi insanlar düşünə bilər ki, əgər razı deyildisə, Ramal canlı efirə niyə çıxırdı?! Birincisi, bu canlı efirdi və peşəkar aparıcı kimi canlı efiri zərbə altında qoymağın tərəfdarı deyiləm. Buna görə də həmin verilişdə sona qədər qaldıq”.

 

 R. Hüseynov deyib ki, canlı yayımda cin çıxarılan həmin verilişdən sonra gecə layihədən ayrılmağa qərar verib: “Bundan sonra Oqtay Əliyevə mesaj yazdım ki, sabaha qədər vaxtınız var, özünüzə aparıcı tapın”.

 

Aparıcı deyir ki, canlı efirdə cin çıxarmaq ideyasının konkret kim tərəfindən təklif edildiyini bilmir: “Mənə sadəcə demişdilər ki, verilişdə qonaq ekstrasens olacaq, falçılıqla məşğul olur və s. Bu məsələ mənə də qismən maraqlı olduğu üçün fikirləşdim ki, müzakirə aparmaq olar. Verilişin kuliminasiya nöqtəsində, cin çıxarılan zaman isə efiri atıb getmək etik normala uyğun olmazdı. Ona görə də proqramın bitməsini gözlədik”.

 

R.Hüseynov qeyd edib ki, əslində bu proqram bütün aparıcıların cəmi bir verilişlə kifayət qədər reytinq əldə edə biləcəyinin sübutu idi, sadəcə bu cür süni reytinqlərdən imtina etməyi bacarmaq lazımdır: “Reytinqlərə görə efirin səviyyəsini aşağı salmaq, tamaşaçı baxır deyə istənilən mövzunu müzakirəyə çıxarmaq lazım deyil. Tamaşaçı bilir ki, mən hər zaman efirdə sanballı layihələrdə sanballı mövzuların müzakirələrini təşkil etmişəm. Azərbaycan televiziyalarında hər gün onlarla verilişdə belə şoular olur. Ancaq məhz mənim bu qədər təpki almağımın səbəbi də məhz bu məqam idi.”

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3517
avatar

Oxşar yazılar