Qüdsdə keçirilən ənənəvi XV Beynəlxalq “Ud” festivalı çərçivəsində Azərbaycan muğamı konserti olub. Lent.az-ın AzərTac-a istinadən məlumatına görə, Azərbaycan-İsrail Beynəlxalq Assosiasiyası (Azİz) nəzdindəki Azərbaycan Mədəniyyəti Mərkəzinin direktoru Yeganə Salman bildirib ki, Qüds teatrının salonu tanınmış xanəndə Qoçaq Əsgərovun ifasında Azərbaycan muğamını dinləməyə gələn insanlarla dolu olub.
Möhtəşəm konsertdən sonra tamaşaçılar pərdə arxasında xanəndə ilə görüşmək istəyiblər. Onlar heyranlıqlarını bildirib, təəssüratlarını bölüşərək bu möhtəşəm konsertə görə azərbaycanlı musiqiçilərə təşəkkür ediblər.