Heydər Əliyev Fondunun təşkilatçılığı ilə keçirilən V Qəbələ Beynəlxalq Musiqi Festivalı çərçivəsində iyulun 26-da Kubanın məşhur “Santiaguero” caz qrupunun konserti olub. APA-nın məlumatına görə öz ifası və bəstələri ilə dünyaya səs salan “Santiaguero” caz qrupu Azərbaycan tamaşaçılarına unudulmaz anlar gecə bəxş edib.
Yeddi virtuoz ifaçıdan ibarət olan “Santiaguero” qrupunun musiqisi bir çox məşhur rok və caz musiqiçilərinin və qruplarının yaradıcılığından qaynaqlanıb. Qrup 2011-ci ildə “Ən yaxşı ənənəvi tropik albom” nominasiyasında “Latın Qremmi” mükafatına layiq görülüb. Dünya arenasında ənənəvi Kuba musiqisini təmsil edən “Santiaguero” qrupunun repertuarı özünəməxsusluğu ilə seçilir.
Həmin gün “Qafqaz Resorte” otelinin kamera zalında keçirilən növbəti konsertdə görkəmli Azərbaycan bəstəkarlarının əsərlərindən parçalar səsləndirilib. Kamera musiqisi axşamında gənc pianoçu Müşfiq Quliyev və vokalçı Azər Rzazadə Niyazinin “Arzu”, Qara Qarayevin “Eskiz”, “Mən sizi sevirdim”, Fikrət Əmirovun “Ulduz”, “Azərbaycan elləri”, Tofiq Quliyevin “Əziz surət”, Süleyman Ələsgərovun “Küsmərəm”, Rauf Hacıyevin “Bakı” əsərlərini, eləcə də “Gözəlim sənsən”, “Küçələrə su səpmişəm” Azərbaycan xalq mahnılarını təqdim ediblər.