Qəbələdə Cüzeppe Verdinin 200 illik yubileyi qeyd olunub
25 iyul 2013 22:50 (UTC +04:00)

Qəbələdə Cüzeppe Verdinin 200 illik yubileyi qeyd olunub

 Heydər Əliyev Fondunun təşkilatçılığı ilə keçirilən Qəbələ V Beynəlxalq Musiqi Festivalı çərçivəsində iyulun 25-də dahi italyan bəstəkarı Cüzeppe Verdinin anadan olmasının 200 illik yubileyinə həsr edilən konsert olub. APA-nın məlumatına görə məşhur italiyalı dirijor Jadern Biqnamininin müşayiəti ilə təqdim olunan “Viva Verdi” (Yaşasın Verdi) adlı konsertdə İsrailin məşhur Yerusəlim Simfonik Orkestri bəstəkar C.Verdinin əsərlərindən nümunələr səsləndirib. İki hissədən ibarət konsertdə məşhur türkiyəli və italiyalı vokalçılar-Burçin Savigne (soprano), Karmelo Korrado Karuzo (bariton), eləcə də onların azərbaycanlı həmkarları Yusif Eyvazov (tenor), Səbinə Əsədova (messo-soprano) dahi bəstəkarın əsərlərindən parçalar ifa ediblər. Musiqi axşamında Cüzeppe Verdinin “Taleyin gücü”, “Don Karlos”, “Bal-maskarad”, “Otello”, “Atilla” “Aida”, “Trubador” operalarından parçalar səsləndirilib.

 

Həmin gün “Qafqaz Resorte” otelinin kamera zalında keçirilən növbəti konsertdə görkəmli Azərbaycan və Avropa bəstəkarlarının əsərlərindən parçalar səsləndirilib. Müxtəlif nüfuzlu festivalların iştirakçısı və beynəlxalq müsabiqələr laureatları olan istedadlı gənc pianoçular - P.İ.Çaykovski adına Moskva Dövlət Konservatoriyasının nəzdindəki Mərkəzi Musiqi Məktəbinin tələbəsi Nazxanım Dadaşova, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının tələbəsi Müşfiq Quliyev, Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət simfonik orkestrinin solisti İlahə Sadıxzadə, vokalçı Məhərrəm Hüseynov, Mustafa Mehmandarov (skripka), Jalə Əliyeva (violonçel) və “Bakutrio” qrupunun iştirakı ilə V.A.Motsartın “Fiqaronun toyu”, “Don Juan” operalarından, E.Qriqin “Kənd həyatının mənzərələri”, D.Şostakoviçin “Trio” əsərlərindən parçalar ifa olunub.

 

Hər iki konsertdə musiqiçilərin çıxışları tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 630
avatar

Oxşar yazılar