Prezident İlham Əliyev xalq artisti Tamara Sinyavskayanı təbrik edib.
Təbrik məktubunda deylir: «Əziz Tamara İlyiniçna!
Sizi – görkəmli musiqi mədəniyyəti xadimini, gözəl müğənni və istedadlı pedaqoqu yubileyiniz münasibətilə təbrik edirəm. Sizə möhkəm cansağlığı və uzun ömür arzulayıram.
Sizin opera səhnəsinə ilk gəlişinizdən başlayaraq sənətşünaslar səsinizin bənzərsiz tembrini, böyük fitri istedadınızı və şəxsiyyətinizin heyrətamiz cazibəsini qeyd etmişlər. Nüfuzlu beynəlxalq müsabiqələrdə qazandığınız mükafatlar nadir istedadınızın və yüksək peşəkarlığınızın təsdiqidir. Böyük metso-sopranoların ənənələrinin davamçısı kimi Siz məxsusi ifaçılıq tərzinizi formalaşdırmağa, opera teatrı salnaməsində həmişəlik yaşayacaq parlaq səhnə obrazları yaratmağa nail olmusunuz.
Sizə xas olan incə musiqi zövqü konsert fəaliyyətinizdə klassik repertuarı rus xalq mahnıları və müasir estrada ilə harmonik şəkildə əlaqələndirməklə müxtəlif janrlarda uğur qazanmaq imkanı vermişdir. Bu gün Sizin zəngin təcrübənizin gənc müğənnilərə çatdırılmasına yönəlmiş pedaqoji fəaliyyətiniz, heç şübhəsiz, yeni mədəni elitanın formalaşmasına şərait yaradır.
Siz Azərbaycanın böyük dostu kimi bizim musiqi mədəniyyətimizi həmişə ləyaqətlə təmsil etmiş, Azərbaycan-Rusiya mədəni əlaqələrinin inkişafına və genişlənməsinə töhfə vermisiniz. Əminəm ki, bundan sonra da belə olacaqdır».