Azərbaycan Dövlət Pantomima Teatrı sentyabrın 29-da uşaqlar üçün yeni tamaşa - A.Ekzüperinin “Balaca şahzadə” əsərini təqdim edəcək.
Teatrın direktoru və aktyoru, əməkdar artist Elman Rəfiyevin APA-ya verdiyi məlumata görə, təqdim olunacaq səhnə əsəri uşaqlarda dostluq münasibətlərinin yaranması və qorunması fikirlərini aşılamaq məqsədini daşıyır. Bu dünyada dost tapmaq çətindir, tapandan sonra isə onu qorumaq lazımdır. Tamaşanın tərbiyəvi əhəmiyyəti budur.
Tamaşanın quruluşçu rejissoru xalq artisti Bəxtiyar Xanızadə, rəssamı Sənubər Səmədovadır. Musiqi tərtibatı teatrın direktoru və aktyoru, əməkdar artist Elman Rəfiyevindir.
Rollarda Solmaz Bədəlova (Balaca Şahzadə), Səbinə Hacıyeva (Tülkü), Nurlan Rüstəmov (Təyyarəçi), Səbirə Həsənova (Lovğa Qızılgül), Əməkdar Artist Elman Rəfiyev (Qızılgüllərin başçısı), Bəhruz Əhmədli, Ceyhun Dadaşov, Əli Əlizadə, Elnur İsmayılov (Qızılgüllər) çıxış edəcək.