[b]Bağlı qapı arxasında küskün son:[/b] "Onu görəndə tanımadım..."
05 avqust 2015 11:40 (UTC +04:00)

[b]Bağlı qapı arxasında küskün son:[/b] "Onu görəndə tanımadım..."

 

Ötən gün 65 yaşında dünyasını dəyişən əməkdar artist Tanilə Əhmərova Azərbaycan filmlərində bir çox maraqlı rollar ifa etsə də, yaddaşlarda daha çox "Qayınana" filmindəki Sevda obrazı  ilə qalıb. Sonuncu dəfə 1993-cü ildə “Təhminə” filmində epizodik rolla ekrana çıxan aktrisa ondan sonra rejissorların yadından çıxıb. Bəlkə elə buna görədir ki, o, uzun müddət mənəvi və fiziki baxımsızlıqdan əziyyət çəkib.

 

Filmlərə çəkilməmək aktrisanın maddi durumuna da təsir edib. Jurnalistlərə geniş müsahibə verməkdən boyun qaçıran aktrisa qısaca olaraq etiraf edib ki, 147 manat təqaüdün ümidinə qalıb. Bu pul onun nə dərmanına, nə yeməyinə, nə də ehtiyaclarının ödənməsinə kifayət edir. Evinə qapanan əməkdar artist ömrünün sonunadək qapısını heç kimin üzünə açmayıb. Bu ilin yanvarında isə insult keçirib. Həmin vaxtdan onun səhhəti normallaşmayıb.

 

 

Lent.az mərhum aktrisa ilə bağlı xatirələrini öyrənmək üçün “Qayınana” filmindəki tərəf müqabillərindən biri, xalq artisti İlham Namiq Kamalla əlaqə saxlayıb. Aktyor deyib ki, Tanilə xanımla sonuncu dəfə 7-8 il bundan əvvəl görüşüb: “Sonuncu dəfə Tanilə xanımla “Qaynana”nın 30 illik yubileyinə həsr olunmuş tədbirdə görüşdük. AZTV-də çəkiliş idi. Sözün düzü, görəndə tanımadım. O vaxt arıq, incə qadın idi. Çox kökəlmişdi. Mən onun optimist bir insan kimi tanıyırdım. Amma son illər cəmiyyətdən çox kənarlaşmışdı. Heç yerə getmirdi, heç kimlə ünsiyyət qurmurdu. Hamıdan küsmüşdü. O, “Qayınana” ilə yaşayırdı. Bu filmi çox sevirdi”.

 

İ. N. Kamal onu da əlavə etdi ki, aktrisanın kinodan kənar düşməsi ilə Azərbaycan kinosu bir çox maraqlı obrazlarını itirib: “Tanilə xanım çox qabiliyyətli, istedadlı aktrisa idi. Çox təəssüf ki, Azərbaycan kinosunda onun potensialından kifayət qədər istifadə edilmədi. Əlbəttə ki, onun kinodan kənar düşməsinin günahkarı rejissorlardır. Teatrda aktyor göz önündə olur. Amma kinoda əgər rejissorun gözü səni tutmadısa itirsən”.

 

 

Xatırladaq ki, T. Əhmərova 1950-ci il iyunun 1-də Bakıda doğulub. O, 1977-ci ildə M.Əliyev adına Dövlət Teatr İnstitutunu bitirib. Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının aktrisası olub.

O, tamaşaçıların yaddaşında "Qayınana", "Şir evdən getdi", "Tələ", "Təhminə", "Arşın malçı”, “Evlənmək istəyirəm”, “Əlavə iz”, “İlıq dənizdə buz parçası”, “İşarəni dənizdən gözləyin”, “Qəribə adam” kimi 20-yə yaxın filmlərdə müxtəlif səpkili rollar ifa edib.

 


Tanilə Əhmərova 1979-cu ildə Azərbaycan SSR Ali Sovetinin Fəxri Fərmanı və Azərbaycan Respublikasının əməkdar artisti adı ilə təltif olunub.  

 

Ümidə Qəhrəman

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 342

Oxşar yazılar