Təbiətin 7 səsi
Musiqi, əlbəttə, səsdən başlayır və səsin özü qədər qədimdir. Ona görə də əgər “musiqi nə vaxt yaranıb” sualına cavab vermək istəsək, düşüncələrimiz ilkin yaradılışa qədər gedib çıxacaq. Çünki “hər şeydən əvvəl söz vardı” (İncil), sözün maddiləşməsi üçünsə səs lazımdır və deməli, bu iki bir-birinin içində gizlənən məfhumun yaranışı varlığın yaranışı ilə üst-üstə düşür.
Şərq təfəkküründə səs (musiqi) İlahi sözün insan təfəkkürünə təsiri üçün istifadə edilən ən böyük nemət kimi dəyərləndirilib. Musiqinin “ruhun qidası” statusunu almasının bir kökü də buna dayanır və bu heç də “Qurani-Kərim”in səcli nəsrlə nazil olması ilə başlamayıb. Davud peyğəmbərin qüdrətli və məlahətli səsi olduğuna dini rəvayətlər şəhadət verir…
Səs, Gözəllik və Güc
“Tanrı sevdiyi bəndələrinə 3 nemət qıyır: səs, gözəllik və güc”.
Bu atalar məsəli Davud (səs) və Yusif (gözəllik) peyğəmbərlər, bir də “Allahın şiri” Həzrət Əli (güc) ilə əsaslandırılır. Hətta xanəndə və aşıqların ifadan əvvəl Davud peyğəmbərə dua oxuma ənənəsini indi də yaşadanlar var.
Bu ənənə musiqinin (səsin) mənşəyi barədə təxminlərə yol açır, yəni musiqi – bütün mərhələlərdə birbaşa dini dünyagörüşlə bağlı olub. Sonradan dini təsəvvürlərin dəyişməsi ən qədim musiqilərdə əksini tapıb; konkret olaraq, muğam – zərdüştilikdən islama qədər böyük yol keçib və hazırda da özündə mistik-sakral mahiyyət daşıyır: yenə də əsas qayə haqq sözünün qüdrətini “ruhun anlayacağı dildə” çatdırmaqdır.
Yunan mifologiyasında da musiqiyə “Allahların töhfəsi”, “insanların qəlbini fəth edən qüvvə” kimi yanaşılır.
7 rəngli səs
Təbiətin 7 rəngi, insanın 7 qatı… kimi, dünyada səs çaları da 7-dir və əlbəttə, bu fakt 7 rəqəminin sakrallıq mahiyyətini anlamaq üçün yetərli sayıla bilər.
Qərbdə ilk dəfə musiqinin içindəki riyaziyyatı Pifaqorun kəşf etdiyinə inanırlar. Pifaqor dəmirçi dükanının qarşısından keçərkən dəmirin döyülməsindən çıxan səslər diqqətini cəlb edir, sonra dükanı bağlatdırır və dəmirdən çıxan səsləri araşdırır, qeydlər aparır…
Pifaqorun Misir kahinləri, həmçinin 10 il Maqların içində yaşadığını və vətəninə qayıtdıqdan sonra öyrəndiyi bir çox mistik həqiqətləri elmə və praktikaya tətbiq etdiyini nəzərə alsaq, bu «səs kəşfinin» bətnində də maq təliminin rolunu qeyd etmək yerinə düşərdi. Pifaqorun ilk dəfə səsin çalarlarını anlamaq istəyi haqqında bilgilər onun səsin 7 tonunu qeydə alması ilə məhdudlaşır. Maq elminin bir çox sirləri yaymamaq barədə qəti xəbərdarlığını müəyyən məqamlarda pozan və riyaziyyat elminə böyük töhfələr verən Pifaqor bəlkə də musiqinin bətnindəki mizan-dəqiqliyi sonadək açmaq istəməyib…
Ancaq qərbli-şərqli bütün qədim dünya musiqini riyaziyyatın bir qolu kimi öyrənib. 9-cu əsrdə isə ilk dəfə olaraq Gui d Arezzo 7 səsə uyğun not sistemini tətbiq etməyə başlayıb.
Elə həmin ərəfədə – 9-cu əsrdə Şərqdə Əl-Kindi musiqi nəzəriyyəçisi kimi məşhur idi. Sonradan bu elmi nəzəriyyəni böyük filosof-alimlər – Əl-Fərabi, İbn-Sina, İbn Zəyla, Səfiəddin Urməvi, Əbdülqadir Marağayi və s. davam etdirdilər.
Bütün hallarda isə not – Qərbin kəşfidir və musiqidə ciddi bir nizam-intizamın yaranmasına səbəb oldu.
Notun yaranması
Gui d Arezzo – təbiətdəki 7 səsi əhatələyən notu yaradarkən, yenə də “ənənəyə” sadiq qalır və İohannes Battista ilahi musiqisindəki misraların birinci hecalarına uyğun olaraq, səsləri adlandırır. Beləliklə, ut, re, mi, fa, sol, lya, b yaranır.
“Ut” saitlə başladığı üçün müəyyən problemlər yaradırdı və bir müddətdən sonra “do” ilə əvəzləndi; amma hazırda bəzi Avropa ölkələrində notun ilk səsi kimi “do” ilə paralel olaraq “ut” sözündən də istifadə olunur.
7-ci səsin (b-nin) əvəzlənməsi isə 13-cü əsrdə reallaşıb. “Sonata İohannes”in baş hərflərindən yaranan “si” ilə notun sonuncu səsi adlandırılıb. Ümumilikdə musiqi terminologiyası isə italyan dilindən götürülüb.
Notun yaranması ilə bəşəriyyətin yaratdığı musiqi nümunələrinin təhrif olunmadan nəsildən-nəslə ötürülməsi tendensiyası yarandı ki, bu da səs sənətinin inkişafında böyük bir mərhələ açdı.
Musiqinin şəfası və cəfası
Klassik, xalq, rok, pop, caz və s. sahələrə bölünən musiqinin insana təsiri necədir? O, yalnız ruha qidamı verir, yoxsa insan orqanizmi üçün də faydalıdır?
Musiqinin necəliyi haqqında fikirlər iki yerə bölünür. Bəziləri musiqini şəfaverici, bəziləri isə canalan adlandırırlar.
Məsələn, xəstələrin müalicəsi zamanı dərmanlarla yanaşı, “bəzi musiqilərin” dinləndirilməsi praktikası tibdə özünü doğruldub.
Ancaq simpatik və parasimpatik sinir sistemi arasındakı tarazlığın pozulmasına və orqanizmin normal iş funksiyasına mənfi mənada təsir edən kənar təzyiqlər sırasında da musiqinin adı çəkilir. Doktor Arnold Freydmani ümumiyyətlə zehni yorğunluqlar və əsəbi başağrılarına radio ilə dinlənilən musiqinin təsir etdiyini qeyd edir. Bəlkə də bu alimin minlərlə xəstə üzərində apardığı müşahidəni “radiodalğaların” üzərinə yıxmaq olardı - əgər digər amerikalı, doktor Aleksis Karlinin sözü olmasaydı. A.Karli təcrübələrinə əsasən təsdiqləyib ki, konsertə qulaq asmaq əsəb sistemində narahatlıq yaradır. Hətta musiqinin ağlı sıradan çıxardacaq səviyyədə əsəbi pozduğuna dair dəlillər də göstərilir: Velik Stunez musiqi qrupunun konserti zamanı bir kişi elə həyəcanlanıb ki, soyunaraq səhnəyə yüyürüb; Parisdə musiqi bayramı vaxtı əsəbləri pozulan dinləyicilər səbəbsiz yerə bir-biri ilə dalaşmış və ya mağazaların vitrinlərini sındırmışlar – kütləvi surətdə…
Daimi olaraq musiqinin təsiri altında olan insanların ömrünün qısaldığı, onlarda qan təzyiqinin olduğu barədə də ehtimallar var. Bildirilir ki, musiqi - eşitmə, görmə duyğularına da təsir edir, məsələn, Bethoven. Bu dahi musiqiçi 30 yaşında karlığa tutulub, sonralar isə əsəb xəstəliyindən ölüb. Böyük sənətkarların daha qısa ömür yaşamasını da buna misal olaraq göstərirlər.
Bütün bunlarla yanaşı, musiqinin insan ruhu və düşüncəsinin qidası olduğunu iddia edənlər daha çoxdur və onlar ayrı-ayrı musiqiçilərin qısa ömür yaşaması təsadüflərindən bir siyahı düzəltməyin əleyhinədirlər.
Öldürən və yaşadan musiqi
Avropa ölkələrinin birində keçirilən bir təcrübənin musiqinin zərəri və xeyri barədə mübahisələri aydınlaşdırmaqda böyük yardım etdiyi də bildirilir. Belə ki, iki yumurta götürür, birini çılğın, müasir musiqinin, digərini isə klassik musiqinin təsiri altında saxlayırlar. 36 saatdan sonra çılğın, müasir musiqinin təsiri altında olan yumurtada çürümə başlayır, klassik musiqinin sədalarında “uyuyan” digər yumurta isə uzun müddət saflığını qoruyur…
Bunu əsas götürərək, musiqi növlərini bir-birindən ciddi şəkildə fərqləndirmək tərəfdarları getdikcə artır: hesab edirlər ki, bəzi musiqi – xüsusilə klassik və xalq musiqisi - xəstəyə məlhəmdir, insanın ruhi istirahətini, düşüncə genişliyini təmin edir, bəzi musiqi növləri isə əksinə, insanın əsəblərini pozur və aqressiya, pis vərdişlər doğurur.
Ən böyük səslər
Əksər müğənnilərin səsi 2 oktavalıdır (1 oktava – 7 not); çox nadir hallarda 3 və ya 4 oktava səsi olan müğənnilərə rast gəlinir.
Amerikalı müğənni Meray Kerrini ən böyük səsə malik müğənnilərdən biri hesab edirlər. Bəziləri onun 7 oktava (1 oktava – 7 not) səsi olduğunu bildirsə də, reallıqda Kerrinin 5,2 oktava səsi var.
Dünyada ən böyük səs (“Ginnesin rekordlar kitabı”na düşüb) isə Adam Lopez və Corcia Braunda olub. Hər ikisinin səsi 6 oktava idi…