Tanınmış şair Qəşəm Nəcəfzadənin Lent.az-a yazdığı “Tərəkəmə hekayətləri” silsiləsi davam edir. Burada şairin uşaqlıq və yeniyetməlik dövründə yaşadığı mühit, tərəkəmə həyatı, adət-ənənələri, müxtəlif xatirələri yer alır...
VI YAZI
Səhər yuxudan oyanıb gördük ki, gecə gəlib gəbəmizi xanadan kəsib aparıblar. Gəbə yarımçıq idi, tam toxunmamışdı. Nənəm gəbəyə mənim adımı yazmışdı. Yazı-pozu bilmirdi nənəm. Eləcə doqquzuncu sinifdə oxuyan mamam (bibi) adımın şəklini çəkib vermişdi ona. O da türklər demiş, yapmışdı gəbənin düz kənarına. Nənəm anadan olduğum tarixi bilmirdi. Söz düşəndə deyirdi Biliş kişi ölən ili və özü də qoyunun örüşdən qayıdan vaxtı (saatı bildirir, yəni axşam saat səkkiz) anadan olmuşam, vəssalam. İşıqlar sönüb, ev qaranlıq olub, nəticədə üstümdə bir çıraq neft yanıb, məni tutan mamaçaya nənəm yanı balalı toyuq verib.
...Oğrular evimizə qapıdan girmişdilər. Evdə nənəm ilə ikimiz idik. Düz xananın qabağında yatmışdıq. Oğrular bəlkə də üstümüzdən adlayıb. Qapımız içəridən bağlanmırdı. Nənəm yun basılmış kisəni qapının arxasına söykəyirdi ki, barı heç olmasa qapı öz-özünə açılmasın, bəzən elə olurdu ki, pişik içəri girərkən qapını ayağı ilə açırdı. Məhz bu səbəbdən nənəmin yun kisəsi kiçik həmlələr üçün əməlli-başlı bir sipər idi, məsələ burasındadır ki, oğrular gedəndə yun kisəsini də özləri ilə aparmışdı. Nənəm çox yanıb-yaxılırdı. Hətta deyirdi ki, görüm qarğıyan qarğıyana desin ki, sənin xanan boş qalsın.
Nənəm kəndimizin xana qurmaq üzrə əl-əl gəzən ustalarından idi. Kəndimiz şəhər ola, şəhərin də toxuculuq fabriki ola, bilin ki, həmin fabrikin direktoru yüz faiz mənim nənəmdi. Mən də fabrik direktorunun nəvəsi kimi yəqin ki, kənddə o vaxt modda olan 412 seriyalı “Moskviç”lə avtoşluq edərdim.
Hələlik nənəmin cəhrəsi maşınım, ip yumaqları isə futbol topumdu.
Nənəmin şöhrəti gedib qonşu kəndlərə çıxıb. Adamlar gəlib növbəyə yazılırlar. Nənəmin qurduğu xananı heç kəs qura bilmir, qursa da nənəm kimi qura bilmir. Bir sözlə, nənəmin əlləri qızıldı.
Bizim evdə xana elə həmişə qurulu olardı. Biri qurtaran kimi o birisi başlardı.
Bir şeydə də nənəmin bəxti gətirib. Oğlu qışlaqda çoban, Qarabağ cinsli qoyunların bilicisi, gəlini motal basan, maya tutan, suluq, bulama, bağırbeyin bişirən, bir sözlə, tərəkəmə yeməklərinin baş aşbazı. Nənəm tanrı bəxtəvəridir. Gəlini hər səhər bulama göndərir. Nənəm yeyir bulamadan, qurur xanadan.
Nənəm əvvəl fermaya gedir, yunluq Qarabağ qoyunlarını seçir, beləcə əliylə - “onu, onu, onu yox, o birini, hə onu...” - yığıb doldurur kərəsgəyə, qoyunları oğluna qırxdırır, yunu gəlinə yudurdur, gətirdir kəndə. Nənəm yunu didir, təmizləyir, sonra daraqda darayır, daradığı yunları piltə-piltə düzür. Həmin piltələri cəhrə iyinin ucuna ilişdirib əyirir. Piltəni piltəyə calayır. İyə sarınan piltə ip olur, ip iyə dolanaraq dükçə əmələ gətirir. Sonra nənəm yerdə bardaş qurur, həmin dükçələrdəki ipi hər iki dizinə dolayaraq səkkiz formasında kələf düzəldir. Nənəm heç vaxt kələfin ucunu itirmir. Sonra həmin kələfləri aparıb rayonda boyatdırır, boyaqçı da Limon adında bir kişi. Bir az da şorgöz. Müxtəlif rənglərə boyanmış kələfləri nənəm sərir günə. Quruyandan sonra başlayır onlardan yumaq düzəldir. Sonra mənim “bayramım” başlayır, daha doğrusu, futbol çempionatım.
Əvvəl nənəmin cəhrəsindən deyim. Onun kirişini (barabanı fırlayan kəndir) nənəm qoyunun damarından hazırlayır, sonra üstünə qır sürtür. Kiriş lap xaricdən gətirilən xammala oxşayır.
Keçək ərişə, arğaca...
Nənəm yundan piltə düzəldəndə, bir az pambığı didib çiyidi çıxardır, darayıb piltə hazırlayır. Nənəmin elminə bax. Pambıq piltə ilə yun piltəni üst-üstə qoyub hər ikisini cəhrədə əyirir, bu da olur əriş - heç vaxt qırılmır, bərk olur. Həmən bu ərişlə nənəm sanki gəbənin onurğa sütununu düzəldir. Hananın yanlarında dirəklər olur, aşağı-yuxarı hissələri haçalı olur, nənəm həmin haçalara oxun uclarını yerləşdirir, ox iki dənə olur, aşağıda və yuxarıda, ucları da haçaların arasında. Dirəklərin aşağısı yerə bərkidilir… Nənəm aşağı və yuxarıdakı oxlara ərişi dolayır, tarın simi kimi, ancaq ondan sıx. Əvvəl əriş bir az boş olur, bunun da əlacını nənəm tapıb. Xananın yan dirəklərinin aşağı hissəsində, ox taxılan haçanın üst tərəfində azca boşluq olur. Nənəm ora üçün paz düzəldir. Pazı da vuran mən. Hər dəfə baltanın arxası ilə pazı vuranda nənəm qocalıq pulundan mənə beş manat verir. Aşağı tərəf oxun hər iki başından paz vurulandan sonra əriş daram durur. Qurulmuş xananın ortasında küji bağlanır. Bu, uzunluğu xananın eni qədər olan hamar bir ağacdır. Bu da ona görədir ki, küji ərişlərin birini qabağa, birini geri tutur, nənəm biri qabağa biri geri olan ərişlərin arasına əlini asanlıqla salıb arxacı keçirdir, sonra onu kirkitlə vurur, həvə ilə döyəcləyib bərkidir.
Bundan sonra ərişlə arğac o qədər bir-birini kip tutur ki, hətta tərəkəmələrdə iki adam dost olanda deyirlər: “Tanrı bəxtəvərləri lap əriş-arğac kimidirlər”.
Elə ki, toxunan yer küjiyə bir az çatdı, pazı mən çıxardıram, əriş boşalır, küjinin aşağı, toxunan hissəyə endirib çıxıram küjinin üstünə, basıram aşağı, buna da deyirlər xananı ötürmək. Burda da zəhmət haqqım ayrıdır. Sonra pazı yenidən vurub ərişləri daraldıram. Nənəm başlayır oxuya-oxuya xananı toxumağa. Beləliklə, xananı yeddi dəfə ötürəndə iş tamam olur, yəni xalçanın başı yuxarıdakı oxun üstündən sürüşüb ayağına çatmağa az qalmış iş tamamlanır, sonra xalça kəsilir, ucları düyünlənir.
Kimin evində xana qurulurdusa, bəxtəvər sayılırdı, oğul doğan gəlinə, qoyunu əkiz doğan çobana, inəkləri və camışları yelinləyən adamlara tay tutulurdu.
İndi bu zəhmətdən sonra gəbəmizi kəsib aparıblar, nənəm oğrunu əl-əl gəzir. Fermadan atam-anam gəlib kənddə. Utandığımdan yükün arxasından çıxmıram. Hamı məni sorğu-suala tutur. Atam deyir, bəs sən evin kişi qırığısan, ayıb deyilmi, niyə yatıbsan? Mən də bir şey deməliyəm axı. Dedim ki, gecə yatmışdım, qəflətən oyandım, gördüm “taqqıltı” gəlir. O saat hamı dedi: aha. Sonra dayanıram. Diqqət mərkəzindəyəm - deyə özümü məlumatlı adam kimi aparıram. Uşaqlıq dostlarım mənə heyranlıqla baxırlar ki, indi mən nələr görmüşəm, kimləri görmüşəm, nənəm demiş, qarnımın altında nələr yatır.
Dedim “taqqıltı” yaxınlaşdı qapıya. Nənəm o saat cibimə bir beşlik basdı. Dedim o, qapını açdı. Açan kimi nənəmin yun kisəsi sürüşdü. Girdi içəri. Hamı dedi kim? Dedim, dayım. Anam ağzımın üstə birini çəkdi. Elə bildi, məni nənəm öyrədir. Beşliyi də ona görə verib. Hirsləndi. Gətirdiyi bulamanı itə tökdü. Gəlinlik kürsüsündən bir-iki ağız çıxış elədi ki, niyə qaynanam yatıb, gəbəni toxumayıb. Yatmasaydı, oğru bu qələti eləməzdi.
Mən istədim oğrunu dəyişim. Hamının qulağı dikdi. Dedim, dayım deyildi, əmim idi. Anam dedi, kəs səsini. Çıxdım çölə, indi hamı mənə yaltaqlanır ki, onlardan birinin adını deməkdən vaz keçim. Amma müəyyən bir iş, sirr bilən adam kimi məndə artıq diqqət çəkən imic əmələ gəlib, özümü yaman dartıram. Çox adam saydım, tez dəyişdim. Gördüm fürsətdi. Məni vurub qaçan Elşənin atasının üstə möhkəm dayandım, dedim, Zakir dayı idi, vəssalam. Daha fikrimi dəyişmədim. Elə o vaxtdan Zakir dayı ilə olduq əməlli-başlı qanlı. Gediş-gəliş kəsildi. İstədim deyəm yalandı, dediyim yalana özüm inanmışdım. Demədim...
O hadisədən yeddi il keçəndən sonra mamam getmişdi fermaya. Deyirəm dünyanın işinə bax. Bir atlı gəlib çıxır bizim fermaya. Bunun da yaxşı xurcunu olur. Tərkində bir qadın, sən demə arvad imiş. Xurcunun bir gözündə uşaq, o biri gözündə quzu. Uşağn iki yaşı olarmış, uşaq ağlayır, quzu mələyir. Ara kəsilmir, hər ikisi bir-birinə “xod” verir. Atlı kürdlərin fermasından olur, bizim arvadlardan, at soruşur, it soruşur, yol soruşur. Guya itiyi itib. Gərək nənəmin gəlini olmaya, anam o saat bilir ki, sən öl bu, oğrudu, fermanı bələdləyir. Bu cür gəlib ki, heç kəs şübhələnməsin. Anam bu sözü deyən kimi, mamam baxır ki, xurcunun uşaq olan tərəfində mənim adım var, yəni Qəşəm. Mamam deyir odey, Qəşəm. Mən yazıb vermişdim ki, anam gəbəyə toxusun. Burada ara qarışır, məzhəb itir. Arvadlar alır kişini, nə alır. Sən demə həmin gəbəni xurcun düzəldiblərmiş. Kişi deyir xurcunu Sarıxanlı kəndindən çoban yoldaşım Talıbdan almışam, Talıba ismarıc getdi. O da dedi ki, Karrar yatağından Zili kişidən almışam. Zilini tapdıq. Zili dedi özüm toxutdurmuşam, dedik, bes ad? Ziliyə nə var, dedi, o bir naxışdı, yəni tərəkəmə dilində desək, “çeşni”. Tərəkəməyə nə subut?
Atlıdan tutub xurcunu aldıq, özünü də yola saldıq Ağcəbəddi tərəfə. Həmin xurcunu özümüz xeyli işlətdik. Sonra atam xurcunun arasını açıb uzun müddət ata cul elədi, hərdən də atın belinə sarıdı ki, çər dəyməsin. Üstündə də mənim adım.
Məndə kənddə müəllim.
Nənəm artıq həyatda yox...