Səbinə ƏVƏZQIZI
20 iyun 2025 12:25 (UTC +04:00)

Səbinə ƏVƏZQIZI

Saqisiz, badəsiz məst olduğum məkan, hələ də sərxoşam

“Öylə məstəm mənə nə saqi, nə də badə gərək,

Eşq məsti ola hər qeydidən azadə gərək...”

Bu məclisdə məst olmaq üçün həqiqətən də nə saqi, nə də badə gərək idi. Belə də olurmuş. Mərhum sənətkar Hacı Ələmdar Mahirin ruhu şad olsun. Oldu da məncə, çünki bulaq kimi saf səslər dünən axşam məhz onun yaradıcılığına müraciət edərək, milyonları məst etdi.

Son günlər, daha dəqiq desək, İsrail-İran münaqişəsi başlayandan bəri, bütün gün ərzində müharibə xəbərləri yazırıq. Hansısa partlayışı, raket zərbəsi, tökülən insanların qanı ilə bağlı informasiyaları gecikdirmədən oxucuya çatdırmağa çalışırıq. İşimiz budur. Amma inanın ki, özümü də həmin bombaların altında qalan kimi hiss edirəm. Az qala başımı əyəm ki, güllə yağışı üstümdən keçməsin. Jurnalistin “çiləsi” budur. Gecikməyək, millət bunu da bilsin, deyib verdiyimiz o atəşli xəbərlər gecə yuxumuza girir, təlaşla ayılıb, “raketin düşdüyü yerdən” uzaqlaşmaq istəyirsən. Amma nə çarə, həmin “raketlər” unutmaq istəsən də qurtula bilmədiyin informasiyalardandır. Hədəfini izləyən bu “raketlər” səninlə “işə gəlir”, evdə süfrənə “qonaq olur”, gecə “yatağına girir”.

Belə günlərin birində bir təklif aldım. Beynəlxalq Muğam Mərkəzində Heydər Əliyev Fondunun dəstəyi ilə IX “Muğam” Televiziya Müsabiqəsinə dəvət edirdilər. Həmin an sanki “raket” məni izləməyə fasilə verdi. Beynimin bir yerində özünə divanda yer açıb “dincəlir”. Elə bil deyir ki, mən də “yoruldum” vallah, get sən də bir az ruhunu təmizlə, durulat sonra tez gəl qaldığımız yerdən başlayarıq. Yəqin hesab edir ki, içi o qədər qaralıb ki, daha bunu təəccübləndirmək olmur.

Beləliklə, fürsəti dəyərləndirib yola düşürəm. Mədəniyyət Nazirliyinin və Azərbaycan Televiziyasının təşkilatçılığı ilə keçirilən IX “Muğam” Televiziya Müsabiqəsindəyəm. İçərisi elə aləmdir ki, ayağını belə basmağa qıyammırsan. Burda yalnız bulaq kimi saf sular axır, hər yerdə bomba atəşləri əvəzinə “muğam ulduzları” parıldayır. Sehrlənmiş kimiyəm. Tez-tez görmək nəsib olmasa da, həyatın belə üzü də var.

İllərlə siyasətdən və siyasi kriminaldan yazan bir jurnalist olduğum üçün hər saat belə möhtəşəm proqramlarda yada düşmürəm. Haqlıdırlar, məni ən çox BMT-nin “ay dünya əhalisi acından öləcək”, beynəlxalq təşkilatların “regionda qırğındır”, ölkəmizdəki “insan qurbanı” faktlarını, “fahişəliyə cəlbi” bir təhər, əl-ələ verib tapıb ortaya çıxardaq, gəlin görək, düşmən mediasının dezinformasiyalarını necə ifşa edirik, adı jurnalist olub, özü “şantajçı”, “reket” olanları nə təhər sıradan çıxarırıq və sair nə ilaxır kimi, başdan-ayağa ruhumuzu yükləyən, vicdanımızı sızıldadan tədbirlərə dəvət edirlər. Sahəm budur da, dəvət edənləri də qınamağa haqqım yox. İctimai qayğılarla yaşamaqdan, hərdən evdə qənd-şəkər olub, olmadığını belə unudan insanlardanıq. Bizimki də belə gətirdi...

Amma indi... Ruhum elə bir aləmə düşüb ki, sanki şəlalənin altında durulandıqca durulanır, parlamağa, hətta şəffaflaşmağa çalışır. Bütün pisliklər, problemlər, qayğılar unudulub. Sağolsun, arada müsabiqənin münsiflər heyətinin üzv Xalq artist Mənsum İbrahimov dedi ki, “özünə gəl”, muğamın vətəni olan yerlərə indi bomba tökülür. Amma bunun üstündən tez keçdik. Özüm-özümə tapşırıq verdim ki, yox ey texniki səhvdir, mən müharibə filan eşitmədim.

Demək, adına muğam dediyimiz bu möcüzə qəlbimi necə işğal edibsə, fərəh hissinin gücündən bir ürəyim olduğunu hiss edirəm. Nədənsə qızıl gül ətri duyuram. Dedim bəlkə, kimsə iştirakçılara gül buketi gətirib. Amma ətrafımda, güllü-çiçəkli kimisə görmədim, sual beynimi rahat buraxmır hardan gəlir bu ətir? Hər nə isə yenə muğama köklənirəm. İndi bir sual da gəldi ağlıma, rahat dincəlmək yoxdur da naturamızda. Elə bil özüm-özümlə müsahibə edirəm.

  • Muğam sənin üçün nədir?
  • Muğam səni niyə belə coşdurur?
  • Muğam səni hara dartıb aparır?
  • Muğam niyə belə ilıqdır?

İlk suala iki cavabım oldu əslində. Muğam mənim üçün ilk məhəbbətdir, muğam mən üçün ana deməkdir. Bəs niyə atamdan çox, anamı xatırlatdı mənə? Təbii ki, ilk muğamımı onun dilindən eşitdiyim üçün. Ay dad... Yuxarıdakı sualıma da cavab tapdım. Qızıl gül ətri alt şüurda olan layladan gəlirmiş. 

Layla dedim yatasan,

Qızılgülә batasan.

Qızılgül bağın olsun,

Kölgәsindә yatasan.

Balam layla, a layla!

Gülüm layla, a layla!

Layla dedim yatasan,

Qızılgülә batasan.

Qızılgülün içində

Şirin yuxu tapasan.

Həmin şirin yuxudakı qızıl gülün ətri idi ətrafı bürüyən. Necə unuda bilərəm axı?..

Muğamdakı ritmlər isə qucağına sığındığım ananın ürək döyüntüləri idi. Dili ilə mənə layla deyərkən, ürək döyüntüləri də ritm tuturmuş sən demə. Elə ona görə də məst olmuşam, saqisiz, badəsiz...

O biri sualları boş verdim, havayı vaxtımı alır.

Bura elə bir nağıl aləmidir ki, hamı çönüb muğamın bir hissəsi olur. Tarzən Rüstəm Müslümov çox “insafsız”casına ifa edir. Səni tutub dartır reallıqdan uzaq bir aləmə. “Zalım”ın tarından çox bədəni danışırdı. Hələ üz mimikləri... O bədən dili səni səndən yox ey, anandan belə alardı. Tarla özünü sintez etmişdi sanki. Büst-bütün bir ifa olmuşdu.

Hələ o, kənarı sarı rəngli qaval. Bəh-bəh, nə ritmlər axırdı ondan. Əgər bu rəngi seçən “sarı simə” toxunmağı hesablayıbsa, məqsədinə çatmışdı.

Real aləm isə arada yenə gəlib dümsükləyir məni. Yenə iç səsim müsahibə edir.

  • Necə ola bilir ki, sosial platformalarda bayağı, qulağı paslandıran, zövqü korlayan “qışqırışlar” (onlara mahnı deməyə dilim gəlmədi) bu gözəl ifalardan daha çox izləyici toplayır?
  • İnsanlar özlərinə niyə belə pislik edirlər? Bu gözəlliyi qoyub, nədən “Avropanın paytaxtı Amerikadır” deyənləri dinləyir?
  • Necə olur ki, hazırkı toy məclislərində adamı diksindirən, qulağını qanadan mahnıları ifa edənlər bu sənətkarlardan daha çox azarkeş kütləsi toplayır?

Deməli belə, daha bunların cavabını da bir zəhmət özünüz tapın. Hər şeyi də jurnalistdən gözləməyin, düşünün bir az. Mən isə hələ də o axşamın sərxoşuyam...

“Öylə məstəm mənə nə saqi, nə də badə gərək,

Eşq məsti ola hər qeydidən azadə gərək...”

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1612

Oxşar yazılar