Mahnı Teatrında nasir və publisist, filologiya üzrə fəlsəfə doktoru Natəvan Dəmirçioğlunun yaradıcılıq gecəsi keçirilib.
Lent.az-ın verdiyi məlumata görə, müəllifin 50 illik yubileyi münasibətilə keçirilən tədbir yaradıcılıq hesabatı xarakteri daşıyıb.
Tədbirdə çıxış edən filologiya elmlər doktoru Nizaməddin Şəmsizadə Natəvan Dəmirçioğlunun yaradıcılığının özünəməxsus xüsusiyyətlərindən söz açıb. Milli Məclisin Mədəniyyət Komissiyasının sədri Nizami Cəfərov Natəvan Dəmirçioğlunun ədəbi və elmi yaradıcılığından, eyni zamanda nümunəvi şəxsi keyfiyyətlərindən danışıb. Filologiya elmləri doktoru Buludxan Xəlilov isə xüsusilə hekayələrinin təhlilinə üstünlük verib. Qazax rayon İcra başçısının müavini Gülayə Həsənova Qazax ədəbi məktəbinin layiqli davamçısı Natəvan Dəmirçioğlu ilə fəxr etdiklərini söyləyib. Şair Oqtay Rza Natəvan xanıma ünvanladığı şerini oxuyub, rəssam Qafar Sarıvəlli çəkdiyi portreti hədiyyə edib. İncəsənət ustalarından Ustad Aşıq Əli, müğənni Sahib Qazaxlı, Respublikanın Əməkdar Artisti Tair Eynullayev, Fərid Abasov, aşıq Nemət Qasımlı, Aqşin Taryeloğlu, Gülnar İsayeva, da gecənin qəhrəmanını təbrik ediblər. Yaradıcılıq gecəsində Natəvan Dəmirçioğlunun əsərlərindən parça səsləndirilib, Gənc Tamaşaçılar Teatrının aktyorlarının ifasında “Yetim” əsərindən bir səhnəcik göstərilib. Tədbirdə Natəvan xanımın övladları -Atamoğlanlı Nurlan və Nuran musiqi hədiyyələri maraqla qarşılanıb. Sonda müəllif öz çıxışı ilə gecəyə yekun vurub.
Qeyd edək ki, Natəvan Dəmirçioğlu 1963-cü il noyabr ayının 1-də Qazax rayonunun Daş Salahlı kəndində anadan olub. 1984-1989-cu illərdə Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsində təhsil alıb. Hazırda Azərbaycan Beynəlxalq Radiosunun şöbə müdiri, Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinin müəllimidir. İlk hekayəsi “Bir ovuc torpaq” (1984-cü il) Qazax rayonunun ”Qalibiyyət bayrağı” qəzetində çap olunub. Onun əsərlərini ədəbiyyatşünaslar müasir, dünyəvi proza nümunələri, eyni zamanda milli, spesifik nəsr hesab edirlər. ”Qılınc və Qələm” mükafatına ( 2004-cü il) layiq görülüb, “İlin qadın yazıçısı” (2010-cu il) seçilib. Natəvan Dəmirçioğlunun əsərləri Türkiyə türkcəsinə uyğunlaşdırılıb, ingilis, fars, rus, dillərinə tərcümə olunub. “Hazar kıyısında yerle gök” (İstanbul, 2007), “Kniqa pervaya” (Moskva - 2010) kitabının müəllifidir. Onun əsərləri haqqında Azərbaycan, Moskva və Qazaxıstan mətbuatında bir sıra resenziyalar çap olunub. 1999-cu və 2010-cu illərdə prezident təqaüdünə layiq görülüb.