Azərbaycan Dövlət Musiqili Teatrı üç gün premyeraya evsahibliyi edib. Lent.az-ın məlumatına görə, xalq yazıçısı Elçinin məşhur hekayələri əsasında hazırlanan “Baladadaşın toy hamamı” iki hissəli musiqili lirik komediyası bir-birinin ardınca 3 günlük nümayişlə tarixə düşüb. Premyeranın son günü tamaşanı Elçin, Mədəniyyət və Turizm naziri Əbulfəs Qarayev, teatrın direktoru dosent Əliqismət Lalayev və bir çox tanınmış mədəniyyət və ictimai xadimlər də izləyib.
“Baladadaşın toy hamamı”nın quruluşçu-rejissoru xalq artisti, “Şöhrət” ordenli Cənnət Səlimova, bəstəkarı Firudin Allahverdi, səhnələşdirəni əməkdar artist Nofəl Vəliyev, quruluşçu-drijoru Fəxrəddin Atayev, quruluşçu-rəssamı xalq rəssamı Tahir Tahirov, baletmeystrləri Yelena və Zakir Ağayevlər, musiqi rəhbəri əməkdar incəsənət xadimi Nazim Hacıəlibəyovdur. Tamaşada səslənən manhnıların sözləri Vüqar Əbdülova məxsusdur. Rolları xalq artistləri Fatma Mahmudova, Ramiz Məmmədov, əməkdar artistlər Novruz Qartal, Səidə Şərifəliyeva, Çingiz Əhmədov, Nahidə Orucova, Emma Məlikova, aktyorlar Əmrah Dadaşov, Mehriban Zalıyeva, Fərid Rzayev, Gülcahan Salamova, Möylə Mirzəliyev, Rəsmiyyə Nurməmmədova, Əliməmməd Novruzov, Ülviyyə Əliyeva, Məhərrəm Qurbanov, Hüseyn Əlili, Elçin İmanov, Rahib Məmmədov və başqaları ifa edirlər.