Londonun “Qlobus” teatrı “Hamlet” tamaşasını Azdramada təqdim etdi
03 oktyabr 2015 21:49 (UTC +04:00)

Londonun “Qlobus” teatrı “Hamlet” tamaşasını Azdramada təqdim etdi

Azərbaycan Dövlət  Akademik Milli Dram Teatrının səhnəsində Şekspirin “Qlobus” teatrı “Hamlet” tamaşasını nümayiş etdirib. APA-nın məlumatına görə, tamaşanın nümayişindən əvvəl teatrın kollektivinin iştirakı ilə mətbuat konfransı keçirilib.

 

Teatrın bədii rəhbəri və baş rejissoru, xalq artisti Azərpaşa Nemət teatrın Azərbaycana gəlişini mühüm mədəni hadisə kimi dəyərləndirib.

 

Qeyd olunub ki, teatrın Azərbaycana qastrol səfəri Böyük Britaniya Birləşmiş Krallığının mədəni əlaqələr və təhsil imkanları üzrə beynəlxalq təşkilatı olan “British Council”, Avropa Azərbaycan Cəmiyyəti, Mədəniyyət və Turizm Nazirliyinin birgə dəstəyi ilə reallaşıb.

 

A. Nemət əlavə edib ki, “Hamlet" Azərbaycanda dəfələrlə tamaşaya qoyulub və maraqla qarşılanıb.

 

 Qafqazda ilk dəfə Bakıda olduqlarını söyləyən tamaşanın rejissoru Tom Bort  vurğulayıb ki, Şekspirin anadan olmasının 450-ci və ölümünün 400-cü ildönümünü qeyd edən Londonun “Qlobus” Teatrı 23 aprel 2014-cü il tarixindən 23 aprel 2016-cı il tarixinədək davam edəcək dünya turnesinə çıxıb.  T. Bort Azərbaycana gəlməkdən məmnun olduğunu diqqətə çatdırıb.

 

“British Council Azərbaycan”ın direktoru Elizabet Vayt dünya turnesi  çərçivəsində “Hamlet” tamaşası ilə Bakıda çıxış etməkdən məmnun olduqlarını diqqətə çatdırıb.

 

Qeyd edək ki, tamaşa ingilis və Azərbaycan dilində subtitrlərlə təqdim olunub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 244

Oxşar yazılar