Lənkəranda milyonlarla dəyəri olan kolleksiya-<span style="color:red;">XÜSUSİ REPORTAJ
28 yanvar 2014 23:38 (UTC +04:00)

Lənkəranda milyonlarla dəyəri olan kolleksiya-XÜSUSİ REPORTAJ

Lənkəran rayonunun Cil kənd sakini, 41 yaşlı Əli Əkbərovun qeyri-adi hobbisi var. Hələ uşaqlıqdan musiqiyə, muğam ifaçılığı sənətinə maraq göstərən Əli qrammofon vallarını toplamaqla məşğuldur. Bundan ötrü o, yaşadığı evin bir otağını vallara, kitablara ayırıb.

 

“Uşaqlıqdan musiqiyə, incəsənətə olan həvəsim vardı. 1989-90-cı illərdə bu qrammofon vallarını yığmağa başladım. Azərbaycanın qeyri-adi mənəvi irsini toplamağa lap uşaqlıqdan həvəsim olub”.

 

Sevdiyi sənətkarların evlərini qapı-qapı gəzməklə bu zəngin musiqi xəzinəsini əldə edən Əli deyir ki, bəzən bir valı ələ etmək üçün bir sənətkarın evinə hətta 10 dəfə getməli olub və sonunda istəyinə çatıb. Hətta bunun üçün bəzən cibindəki son qəpikdən keçərək mağazadan pərəstiş etdiyi muğam ifaçısının valını aldığını deyir.

 

“Xoşbəxtəm ki, Şövkət Ələkbərova, Bəhram Mansurov, Gülağa Məmmədov, Fatma Mehrəliyeva, Tükəzban İsmayılova, Rübabə Muradova və onlarla digər görkəmli sənət xadimləri ilə görüşüb söhbətləşmək, onların canlı səsini eşitmək qismətimə düşüb”.

 

Onun sözlərinə görə, qrammofon valları müxtəlif tarixi illərə məxsusdur. Hər bir val sanki Azərbaycan tarixinin bir parçası, həmin dövrün bir sədasıdır. Azərbaycanın muğam dəsgahları, xalq mahnıları, təsniflər, bəstəkar mahnıları, operalar və dram teatrların tamaşaları bu vallarda öz əksini tapır.

 

Hazırda kənd klubunda çalışan və eyni zamanda yerli məktəbdə musiqi fənnini tədris edən Əli Əkbərovun şəxsi arxivində Azərbaycanın 100-dən çox görkəmli muğam ifaçısının və müğənnisinin səsləri yazılmış 1000-ə yaxın qrammofon valı toplanıb. Görkəmli xanəndələr Cabbar Qaryağdıoğlunun, Məşədi Məhəmməd Fərzəliyevin, Keçəçi oğlu Məhəmmədin və digərlərinin 1904, 1905, 1912-ci illərdə Varşava, Riqa, Vilnüs kimi şəhərlədə yazılmış valları bu gün onun şəxsi arxivində qorunur. Əlinin sözlərinə görə, onda elə nadir vallar var ki, respublikanın heç bir arxivində tapmaq mümkün deyil.

 

Ömrünün çoxunu bu valların toplanmasına həsr edən 40 yaşlı qəhrəman deyir ki, xalqını, millətini, sərvətini və nəhayət, dövlətini sevən hər bir azərbaycanlı bu irsi qorumağa borcludur.

 

Ağəddin Babayev, APA TV

# 1157
avatar

Oxşar yazılar