Millət vəkili Qənirə Paşayeva və yazıçı-tədqiqatçı İmdat Avşarın hazırlayıb tərtib etdikləri “Karabağ hikayeleri” kitabının Türkiyə türkcəsində təqdimatı və imzalanma mərasimi keçirlib. Lent.az-ın məlumatına görə, Türkiyənin Kırşehir şəhərində baş tutan mərasimə çoxsaylı ziyalı, müəllim, KİV və QHT təmsilçiləri qatılıb. Türkiyə KİV-lərinin də geniş iştirak etdiyi tədbirlərdə millət vəkili Q. Paşayeva və İ. Avşar kitabda əsas məqsədin Türkiyədə və Türkiyədən kənarda yaşayan türk diaspor təşkilatlarına Qarabağ həqiqətləri ilə bağlı daha geniş bilgi vermək olduğunu bildirib.
“Qarabağ problemi harada doğulub harada yaşamasından asılı olmayaraq hər bir türk insanının problemidir” - deyən millət vəkili Q. Paşayeva türk gənclərini Qarabağ həqiqətlərini daha geniş öyrənməyə çağırıb. Q. Paşayeva və İ. Avşar mərasimində iştirak edənlərin Qarabağ mövzusu ilə bağlı suallarını da cavablandırıblar və kitabları imzalayaraq tədbir iştirakçıları ilə geniş fikir mübadiləsi aparıblar.
Qeyd edək ki, “Karabağ hikayeleri” kitabı 20-ci əsrdə dünya ölkələrinin gözü qarşısında tarixin canlı olaraq şahid olduğu ən qanlı, ən ağır soyqırıma, qətliamlara məruz qalan, minillik ata yurdlarından didərgin salınan Azərbaycan türklərinin ağrı-acılarını əks etdirir. Kitabda Azərbaycanın bir çox tanınmış yazıçı, tədqiqatçı və jurnalistlərinin Qarabağla bağlı hekayələri yer alır. Kitab qardaş Türkiyədə artıq 2-ci dəfədir nəşr edilir. Tədbirdə Qarabağ həqiqətləri ilə bağlı materiallar da tədbir iştirakçılarına hədiyyə edilib.