APA-nın məlumatına görə, açılış mərasimdə Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva və ailə üzvləri iştirak ediblər.
Yay mövsümündə dünyanın hər yerindən turistləri özünə cəlb edən Kann şəhərinin gündəmində yenidən Azərbaycandır. Öz mədəni tədbirləri ilə dünyada məşhur olan Kann bu günlərdə Azərbaycanla bağlı baner və posterlərlə bəzədilib. İyulun 31-dək davam edəcək tədbirlər çərçivəsində Azərbaycanın qədim mədəniyyəti, milli, klassik və caz musiqisi, ənənə və müasirliyini yaşadan incəsənətinin təqdimatına həsr olunan müxtəlif proqramlar nəzərdə tutulub. Tədbirə Fransanın tanınmış ictimai-siyasi xadimləri, bu ölkənin nüfuzlu şəxsləri də qatılıblar. Mərasim iştirakçılarına Heydər Əliyev Fondunun ölkəmizlə bağlı nəşrləri də təqdim olunub.
Tədbirin aparıcısı ölkəmiz haqqında mərasim iştirakçılarına ətraflı məlumat verib. Sonra mərasimdə Heydər Əliyev Fondunun prezidenti, Azərbaycan-Fransa parlametlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Mehriban Əliyeva çıxış edib. Azərbaycan gecəsinin əlamətdar bir gündə - 14 iyul Fransanın Milli Bayramı günündə keçirildiyini qeyd edən Mehriban Əliyeva bayram münasibəti ilə bütün fransız xalqını təbrik edib. “Fransa-Azərbaycan münasibətləri dostluq, qarşılıqlı maraq, hörmət əsasında qurulub və son illər bir çox sahələrdə sürətlə inkişaf edir”, - deyən Mehriban Əliyeva bu baxımdan regionlararası münasibətlərin əhəmiyyətindən bəhs edib, son bir neçə il ərzində Azərbaycanla Fransanın 12 şəhəri arasında əməkdaşlıq və dostluq sazişinin imzalandığını, belə əlaqələrin ölkələrimizi, xalqlarımızı daha yaxşı tanımağa imkan yaratdığını, iqtisadi və humanitar sahələrdə əlaqələrin inkişafı üçün yeni imkanlar açdığını diqqətə çatdırıb. Bu ilin noyabrında Gəncə şəhərində Fransa-Azərbaycan Regionlararası Əməkdaşlıq Forumunun birinci iclasının keçiriləcəyini bildirən Mehriban Əliyeva belə formatda təşkil edilən görüşlərin ölkələrimiz arasında olan dostluğa daha güclü təkan verəcəyinə əminliyini ifadə edib. Heydər Əliyev Fondunun prezidenti Azərbaycanın həqiqətlərini Fransa ictimaiyyətinə çatdıran Azərbaycanın Dostları Assosiasiyasının fəaliyyətini də yüksək qiymətləndirib. Ötən ay Azərbaycanda ilk Avropa Oyunlarının böyük uğurla keçirildiyini qeyd edən birinci Avropa Oyunlarının Təşkilat Komitəsinin sədri xarici ölkələrdə bu Oyunların təqdimatının ötən il ilk dəfə məhz Kann şəhərində baş tutduğunu vurğulayıb. İlk Avropa Oyunlarının Təşkilat Komitəsinin sədri Azərbaycanın yığma komandasının ümumi nəticələrə görə 21-i qızıl olmaqla 56 medal qazanaraq ikinci yeri tutduğunu böyük qürur hissi ilə qeyd edib, dost Fransanın bu Oyunlarda 254 idmançı ilə təmsil olunduğunu və 43 medalla 5-ci yeri tutduğunu vurğulayıb, fransız idmançılarını bu qələbə münasibətilə təbrik edib. Mehriban Əliyeva onu da vurğulayıb ki, Azərbaycan 2017-ci ildə dördüncü İslam Həmrəylik Oyunlarını keçirəcək. Bu da ölkəmizin mədəniyyətlərarası dialoqa verdiyi növbəti töhfə olacaq. Azərbaycanın birinci xanımı “Pirotexnika sənəti” festivalı çərçivəsində bu gecə Kann şəhərinin səmasını bəzəyən atəşfəşanlığın Fransa-Azərbaycan arasında olan dostluğun daha bir təsdiqi olacağına əminliyini bildirib.
Daha sonra Kann şəhərinin meri David Lisnar çıxış edib. Mer Azərbaycan-Fransa əlaqələrinin inkişafından danışıb, bütün sahələrdə, o cümlədən mədəniyyət sferasında uğurlu əməkdaşlığın mövcud olduğunu qeyd edib. “Azərbaycan bəşər sivilizasiyasının mühüm bir parçasıdır”,- deyən David Lisnar yaxın gələcəkdə mədəniyyət, turizm və idman sahələrini təmsil edən rəsmi nümayəndə heyəti ilə ölkəmizə səfərə gəlmək niyyətində olduğunu diqqətə çatdırıb.
Sonra Kannda ənənəvi “Pirotexnika sənəti” festivalına start verilib. Ölkəmiz bu festivala 2013-cü ildən qatılsa da, iştirakçı kimi ilk dəfə məhz bu il təmsil olunur. Şounun Azərbaycanın görkəmli bəstəkarları Üzeyir Hacıbəylinin, Fikrət Əmirovun, Qara Qarayevin, Tofiq Quliyevin, Müslüm Maqomayevin, Ələkbər Tağıyevin ölməz əsərləri və görkəmli muğam ustası Alim Qasımovun ifası ilə müşayiət olunması tədbiri daha da maraqlı və rəngarəng edib.