Azərbaycan teatr ictimaiyyətinə ağır itki üz verib. Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının istedadlı butaforçu rəssamı, Azərbaycan Respublikasının Əməkdar Mədəniyyət İşçisi Triandafelidze Konstantin Xristoforoviç uzun sürən xəstəlikdən sonra 3 aprel 2016-cı il tarixində vəfat edib. Bu barədə teatrdan Lent.az-a verilən məlumatda deyilir.
K. Triandafelidze 1927-ci ildə Bakıda doğulub. Uşaqlıqdan incəsənətə maraq göstərib, rəsm çəkməyə meyilliyi onu rəsm dərnəyinə yazılmağa sövq edib. 1941-ci ildə “Nizami” kinoteatrında rəssam şagirdi kimi işə qəbul olunmuş, 1942-ci ildə «Vano Sturua» zavoduna istehsalat ustasının köməkçisi vəzifəsinə göndərilib. Əmək fəaliyyəti ilə yanaşı, rəssamlıq məktəbində də təhsilini davam etdirən K. Triandafelidze 1951-ci ildə məktəbi bitirib. Rus Dram Teatrında rəssam kimi fəaliyyət göstərən müəllimləri gənc Konstantinin istedadını nəzərə alıb onu teatrda butafor sənətinə gətirirlər. 1951-ci ildə Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının direktoru Adil İsgəndərov onun əl işlərini bəyənərək teatra dəvət edib. O, 1951-1974-cü illərdə Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında butafor sexinin rəisi vəzifəsində çalışıb.
1982-ci ildə Xalq təsərrüfatı Nailiyyətləri Sərgisində təbiət qoynunda guşənin tərtibinə görə Azərbaycan SSR Mədəniyət Nazirliyinin təşəkkürnaməsi ilə təltif edilib.
1991-ci ildə yaradıcılıq uğurlarına və səmərəli fəaliyyətninə görə “Əməkdar Mədəniyyət İşçisi” fəxri adına layiq görülüb.
Teatra qəbul olunduğu gündən mürəkkəb dekorasiya və butaforların hazırlanmasında xüsusi səy göstərən sənətkar hər zaman səmərəli təklifləri ilə tamaşaların bədii tərtibatının uğurlu alınmasına çalışaraq istedad və təfəkkürü sayəsidə özünü peşəkar sənətkar kimi təsdiq edib.
Teatrdakı fəaliyyəti ilə yanaşı, şəxsi emalatxanasında yaradıcılıqla məşğul olan sənətkarın rəsm əsərləri və hazırladığı maketlər nəinki respublikamızda, həmçinin şəhərimizin qonaqlarının da diqqətini cəlb edərək, yaratdığı sənət nümunələri Amerika, Almaniya, Kambocadan gələnlərin böyük marağına səbəb olub.
1974-cü ildən vəfat edənə qədər Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında butaforçu rəssam vəzifəsində çalışaraq həmin sexə rəhbərlik edib.
Allah rəhmət eləsin!